Məhkəmə qərarları › İş №e-2-2(119)-127/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-127/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-127/2025 17.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 021R********** saylı krеdit razılaşması üzrə 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 12870,59 (on iki min səkkiz yüz yetmiş manat əlli doqquz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,60 (yüz iyirmi səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 021L**********75 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 18 may 2023cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3679,27 manat ödəmiş, onun 11320,73 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27 iyun 2024-cü il tarixə 160 gün üçün hesablanmış faiz borcu 1187,60 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 27 iyun 2024-cü il tarixə 160 gün üçün hеsablanmış cərimə 362,26 manat təşkil edir.

3. 16 iyul 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddiaçının məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin məhkəmənin mülahizəsinə buraxdığı bildirilmiş, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

4. 26 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında kredit müqaviləsi üzrə əvvəllər müəyyən miqdarda ödəniş etsə də, sonradan ödəniş edə bilməyini qeyd etmişdir.

5. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

6. 17 iyul 2025-ci il tarixdə Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etmiş olsa da, məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi olmasını təsdiq edən sübut təqdim etməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçısının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçısının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2– “kredit alan” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 29 sentyabr 2022ci il tarixli 021L**********75 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır.

10. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

11. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

12. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

13. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.

14. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

15. ş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 18 may 2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15000 (on beş min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir.

16. Həmin razılaşmaya görə AZ64ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 15000 (on beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.

17. İş materiallarında olan 18 may 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 20 may 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

18. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 18 may 2023-cü il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 27 iyun 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 12870,59 (on iki min səkkiz yüz yetmiş manat əlli doqquz qəpik) manat məbləğində borcu vardır.

19. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 18 may 2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 27 iyun 2024-cü il tarixə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 11396,55 manat, faiz borcu 1164,98 manat, 21 yanvar 2025-ci il tarixə olan əsas borcu 11396,5 manat, faiz borcu 2650,33 manat kimi müəyyən edilmişdir.

20. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 27 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 12870,59 (on iki min səkkiz yüz yetmiş manat əlli doqquz qəpik) manat məbləğində borclarının olduğu bildirilmiş, borcun 07 iyul 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 18 may 2023-cü il tarixli 021R********** nömrəli krеdit razılaşmasına dair öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas borc ondan tutulmalıdır.

24. Məhkəmə qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyində cavabdehin sözügedən müqavilə üzrə əsas borcu 11396,55 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 11320,73 manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas borc tutulmalıdır.

25. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 27 iyun 2024-cü il tarixinə 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir.

26. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

27. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər.

28. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

29. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 18 may 2023-cü il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 27 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyi mötəbər sübut olaraq əsas götürülərək həmin rəydə 18 may 2023-cü il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 27 iyun 2024-cü il tarixinə hesablanmış 1164,98 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 021L**********75 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 “zamin” olaraq kredit alanın həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

35. Məhkəmə hesab edir ki, iddianın "362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi əsaslı olduğundan təmin olunmalı, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində cərimə tutulmalıdır.

36. İddia tələbinin “cavabdehlərdən iddiaçının xeyrinə 128,60 (yüz iyirmi səkkiz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1164,98 (min yüz altmış dörd manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində cərimə və ödənilmiş 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12976,51 (on iki min doqquz yüz yetmiş altı manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

40. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1164,98 (min yüz altmış dörd manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində cərimə və ödənilmiş 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12976,51 (on iki min doqquz yüz yetmiş altı manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar