Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1283/2023 07.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7215,88 manat məbləğində krеdit bоrcu, 928,64 manat məbləğində faiz bоrcu və 292,97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8437,39 manat məbləğində bоrcun və mediasiya ilə əlaqədar ödənilmiş 105 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 28 iyun 2022-ci il tarixli 001L**********82 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin və və 28 iyun 2022-ci il tarixli 001R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmanın şərtlərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1– “kredit alan” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 28 iyun 2022-ci il tarixli 001L**********82 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.1-ci bəndinə görə kredit alana 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1– “kredit alan” olmaqla bağlanmış 28 iyun 2022-ci il tarixli 001R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 8000 manat olan krediti illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 24 (iyirmi dörd) ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ64ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 28 iyun 2022-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 25 may 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 7215,88 manat məbləğində əsas bоrc, 928,64 manat məbləğində faiz borcu və 292,97 manat məbləğində cərimə оlmaqla, cəmi 8437,49 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN: **********) 28 iyun 2022ci il tarixli 001L**********82 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini və 28 iyun 2022-ci il tarixli 001R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən zamin Cavabdeh2 da borcverən bank qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7215,88 (yeddi min iki yüz on beş manat səksən səkkiz qəpik) manat məbləğində əsas bоrc və 928,64 (doqquz yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın “cavabdehlərdən müştərək qaydada 292,97 (iki doxsan iki manat doxsan yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehlərdən 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01355 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin 50 (əlli) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7215,88 (yeddi min iki yüz on beş manat səksən səkkiz qəpik) manat məbləğində əsas bоrc, 928,64 (doqquz yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 101,95 (yüz bir manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7215,88 (yeddi min iki yüz on beş manat səksən səkkiz qəpik) manat məbləğində əsas bоrc, 928,64 (doqquz yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8244,52 (səkkiz min iki yüz qırx dörd manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 101,95 (yüz bir manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1283/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1283/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver