Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1297/2025 22.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində notariat haqqının və 48,4 (qırx səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 oktyabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON R-3 minik” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Avtomobil 18 yanvar 2025-ci il tarixində cavabdeh tərəfindən avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilən zaman zədə və nöqsanlar müəyyən edilmişdir: “Sükanı idarəetmə mexanizmi sıradan çıxmışdır. Mühərrikdə də nasazlıqlar var: 1-ci silindrdə təzyiq yoxdur, 2-3-4-cü silindrlərdə isə 14 bar təzyiq olmaq əvəzinə, cəmi 6 bar göstərir. Belə halda avtomobili idarə etmək olmaz. Sükan mexanizmi dəyişilməli, mühərrik isə tam sökülüb araşdırılmalıdır”. Avtomobili düzgün istismar etməməsi nəticəsində əmələ gəlmiş nasazlıqları cavabdeh aradan qaldırmaq istəməmiş və aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsilə 03 iyul 2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən 21 yanvar 2025-ci il tarixdə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 2840 manat tələb edilmişdir. Qüsur aktına əsasən qolovka (mühərrikin başlıq hissəsi), klapanlar, antifriz G-11 (5 litr), porşen, şatun korennoy, sep başmaqlıq, klapan salnikləri dəsti, qolovkanın prokladkası, raspredval, ön yağ salniki, arxa yağ salniki, sveça (alışdırma şamları), mator yağı (ümumi), pompa, su ötürücü turba, aypara, kolça, rulevoy (sükan idarəetmə mexanizmi) kimi ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir. Qüsur aktına göstərilən usta xidmətləri: çilingər: sükan - idarəetmə mexanizminin sökülüb dəyişdirilməsi, motorçu: mühərrikin və soyutma-sirkulyasiya sisteminin sökülüb yenidən yığılması olmuşdur. Ehtiyat hissələrinin cəmi məbləği 2270 manat, usta xidməti 570 manat təşkil etmişdir. Cavabdehə bu barədə məlumat verilsə də, o, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından 27 yanvar 2025-ci il tarixdə avtomobilin təmirinə görə 2840 manat ödəmişdir. Bundan sonra avtomobil təmir edilmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı dəfələrlə analoji iddialarla məhkəməyə müraciət etmiş, lakin ilk dəfədir ki, tarix uyğunsuzluğu ilə qarşılaşmışdır. Əgər cavabdeh avtomobili 04 dekabr 2024-cü il tarixində gətirdiyini bildirirsə, bu barədə sübut təqdim etməlidir. Cavabdehdən avtomobilin 04 dekabr 2024-cü il tarixində və ya 18 yanvar 2025ci il tarixində təhvil alınmasının iddiaçı üçün hansısa fərqi yoxdur. Tarixin dəyişdirilməsi o halda əhəmiyyətli ola bilərdi ki, bununla bağlı hər hansı sübut mövcud olmazdı. Videogörüntülər və fotoşəkillərdən görünür ki, cavabdeh özü də prosesdə iştirak etmişdir. Bu həmçinin avtomobilin 18 yanvar 2025-ci il tarixində təhvil alınmasını sübut edir. Cavabdeh tərəfindən 18 yanvar 2025-ci il tarixinədək bütün ödənişlər edilmişdir. Cavabdeh zərər məbləğini mübahisələndirməmişdir. Əks halda bununla bağlı ekspertiza təyin edilə bilərdi. Digər tərəfdən avtomobilə baxış keçirdikdən sonra tərtib edilmiş aktda avtomobilin mühərrikinin işə düşmədiyi qeyd edilməmişdir, sadəcə avtomobili bu vəziyyətdə idarə etməyin mümkün olmadığı bildirilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 06 avqust 2025-ci il və 10 sentyabr 2025-ci il tarixli məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. 30 oktyabr 2024-cü il tarixində avtomobili iddiaçının nümayəndəsi Əlizadə adlı şəxsin kartına 600 manat məbləğinə depozit köçürməklə təhvil almışdır. Avtomobili təhvil aldıqdan 3 gün sonra avtomobildə texniki nasazlıq yaranmış, iddiaçı tərəfindən avtomobil təmir edilərək ona təqdim edilmişdir. 04 dekabr 2024-cü il tarixində yalnız ödəniş etmək məqsədilə avtoservisə getmiş, əməkdaşlar ona avtomobilə ümumi baxış keçirməyi təklif etmiş, o, texniki baxışın 5 günə baş tutmalı olduğunu bildirsə də, təkid nəticəsində avtomobili baxış keçirilməsi üçün servisə daxil etmişdir. Lakin avtomobili iddiaçının əməkdaşlarının təkidi ilə avtoservisə daxil etdikdən sonra avtomobilin mühərrikinin işə salınması mümkün olmamışdır. Halbuki avtomobilin istifadəsində olduğu 35 gün ərzində belə bir problemlə rastlaşmamışdır. Bununla əlaqədar bir neçə saat ərzində usta gətirsə də, Seyid adlı şəxs ustanın avtomobili işə salmasına imkan verməyərək, 1500 manat yaxud da 2400 manat məbləğində xərcin olacağını və avtomobillə bağlı mübahisənin məhkəməyə göndəriləcəyini bildirmişdir. Həmin ustanı şahid kimi məhkəmə iclasına dəvət etsə də, işi olduğu üçün gələ bilməmişdir. Həmçinin 18 yanvar 2025-ci il tarixli akt imzalamaq üçün ona təqdim edilməmişdir. Digər tərəfdən avtomobili 04 dekabr 2024-cü il tarixində servisə apardığı halda iddiaçı avtomobilin 18 yanvar 2025-ci il tarixində təhvil verildiyini iddia edir. Əgər avtomobil 18 yanvar 2025-ci il tarixində təhvil verilmişdirsə, bu halda bir neçə texniki baxış keçirilmişdir və hər texniki baxışın nəticələrinə dair sənəd tərtib edilir. Bu sənədi o da imzalayır, lakin sənəd iddiaçı tərəfdə qalır. Belə avtomobilə texniki baxış 20 gündən bir keçirilir və avtomobil onda olduğu müddətdə cəmi 1 dəfə texniki baxış keçirilmişdir. Bu da avtomobilin 04 dekabr 2024-cü il tarixində təhvil verildiyini bir daha sübut edir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan icarəyə verən X2 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 30 oktyabr 2024-cü il tarixli ST30.10.24/LV651 nömrəli icarə müqaviləsinin predmetini “Ravon R3 minik” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Buu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 6 aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. 6 aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozitin 50 faiz məbləğindən tutulur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nəqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin bərpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. Həmin müqavilənin 4.12-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır, həm də Cinayət Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə cinayət məsuliyyəti daşıyır. İş materiallarında olan Cavabdeh 30 oktyabr 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, avtomobilin icarəsinə görə o, 600 manat məbləğində depozit ödəmişdir. Əgər avtomobili 6 ay ərzində qaytaracaqsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur və həmin müddətdə avtomobilə zərər vurarsa, vurulan zərər depozit məbləğində çıxılmır. Əgər avtomobili 6 aydan sonra qaytararsa, verdiyi depozitin 300 manat məbləği qaytarılmır, qalıq 300 manatdan avtomobilə dəyən zərərlər çıxılır, qalıq məbləğ qaytarılır. Avtomobilin cərimələri ilə tanış olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 30 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 30 oktyabr 2024-cü il tarixli ST30.10.24/LV651 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 18 yanvar 2025ci il tarixli aktda avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobilin avtoservisə gətirildiyi, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirildiyi, baxış keçirilən zaman bu zədə və nöqsanların aşkar edildiyi qeyd edilmişdir: sükan-idarəetmə mexanizmi sıradan çıxmışdır. Mühərrikdə də nasazlıqlar var: 1-ci silindrdə təzyiq yoxdur, 2-3-4-cü silindrlərdə isə 14 bar təzyiq olmaq əvəzinə, cəmi 6 bar göstərir. Belə halda avtomobili idarə etmək olmaz. Sükan mexanizmi dəyişilməli, mühərrik isə tam sökülüb araşdırılmalıdır. Həmçinin “avtomobili düzgün istismar etməməsi nəticəsində əmələ gəlmiş nasazlıqları sürücü Cavabdeh aradan qaldırmaq istəməmiş və aktı imzalamaqdan imtina etmişdir” qeyd edilmişdir. Cavabdeh adının qarşısında “İmtina etdi” qeyi yazılmışdır. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli qüsur aktından görünür ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 2270 manat, təmir-usta işlərinin qiyməti 570 manat məbləğində olmaqla, “Ravon R3 minik” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 2840 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 2270 manat, təmir-usta işlərinin qiyməti 570 manat olmaqla, cəmi 2840 manat məbləğində pul vəsaiti “Ravon R3 minik” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün iddiaçı tərəfindən 27 yanvar 2025-ci il tarixdə avtoservisə ödənilmişdir. İş materiallarında olan “Aktın surətinin göndərilməsi barədə” məktubdan və ona əlavə edilmiş poçt qəbzindən görünür ki, “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 18 yanvar 2025-ci il tarixli akt iddiaçı tərəfindən 03 iyul 2025-ci il tarixdə cavabdehə göndərilmişdir. İş materiallarına, həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin iştirakı ilə avtomobilə baxış keçirilməsi prosesi ilə bağlı görüntüləri əks etdirən disk əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddia ərizəsiə əsasən, 18 yanvar 2025-ci il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair akt üzrə icarə münasibətlərində olduğu cavabdehdən 2840 manat məbləğində maddi ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - nəqliyyat vasitəsində aşkar edilmiş qüsurların məhz aktın tərtib edildiyi 18 yanvar 2025-ci il tarixində aşkar edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən həmin tarixdə təhvil alınması öz təsdiqini tapmır. Belə ki, “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 18 yanvar 2025-ci il tarixli aktda avtomobilin 18 yanvar 2025-ci il tarixində avtoservisə gətirildiyi, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirildiyi, baxış zamanı avtomobildə müəyyən qüsurların aşkar edildiyi qeyd edilmişdir. Həmin aktda “avtomobili düzgün istismar etməməsi nəticəsində əmələ gəlmiş nasazlıqları sürücü Cavabdeh aradan qaldırmaq istəməmiş və aktı imzalamaqdan imtina etmişdir” qeyd edilmişdir. Həmin akt birtərəfli qaydada tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamış və imzalamaqdan imtina etdiyi qeyd edilmişdir (cavabdeh məhkəmə iclasında verdiyi izahatlarda həmin aktla, ümumiyyətlə tanış olmadığını, aktın ona təqdim edilmədiyini bildirmişdir). Bundan əlavə, cavabdeh 04 dekabr 2024-cü il tarixdə ödəniş etmək üçün avtoservisə gəldiyini, ödəniş etdiyini və həmin tarixdə də nəqliyyat vasitəsinin avtoservisə təqdim edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı nəqliyyat vasitəsinin təhvil alınması, o cümlədən ondakı qüsurlarının aşkar olunması ilə bağlı birtərəfli qaydada tərtib etdiyi 18 yanvar 2025-ci il tarixli akta istinad etmişdir. İddiaçı həmin nəqliyyat vasitəsinin cavabdehin qeyd etdiyi 04 dekabr 2024-cü il tarixdə deyil, 18 yanvar 2025-ci il tarixdə ondan təhvil alınması barədə hər hansı başqa mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş avtomobilə baxış keçirilməsi prosesini qeydə alan videogörüntülərdə, o cümlədən fotoşəkillərdə tarix qeyd olunmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsi izahatında nəqliyyat vasitəsinin təhvil alındığı iddia edilən 18 yanvar 2025-ci il tarixinədək cavabdeh tərəfindən bütün icarə haqlarının ödənildiyini qeyd etmiş, lakin təklif edilməsinə baxmayaraq həmin tarixədək cavabdeh tərəfindən nəqliyyat vasitəsinə görə icarə haqlarının ödənildiyini təsdiq edən hansısa sənədi məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin kirayə hüquq münasibətlərinə xitam verilməsinin əsaslarının müəyyən olunduğu 697-ci maddəsinin Məcəllənin 33-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 697-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddialarının, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddialarının altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşməsi nəzərdə tutmuşdur. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçı icarəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə 10 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən və onun tərəfindən cavabdehdən nəqliyyat vasitəsinin 18 yanvar 2025-ci il tarixdə təhvil alınması və bununla da qanunvericiliklə müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etməsi sübuta yetirilmədiyindən iddia tələbi əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1297/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1297/2025
22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver