Məhkəmə qərarları › İş №e-2-2(119)-1301/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1301/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1301/2025 25.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit müqaviləsi üzrə 15597,37 (on beş min beş yüz doxsan yeddi manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 1060,8 (min altmış manat səksən qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 16658,17 (on altı min altı yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində borcun və 140 (yüz qırx) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 24 iyul 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit müqaviləsi üzrə 15597,37 (on beş min beş yüz doxsan yeddi manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 1060,8 (min altmış manat səksən qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 16658,17 (on altı min altı yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 24 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh2 arasında bağlanmış 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 30000 (otuz min) manat məbləğində Cavabdeh2 kredit vermişdir. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli ödəniş qrafikində borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 24 iyul 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli RB-02/PK-2710 nömrəli maliyyə arayışında göstərilir ki, 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13 iyun 2025-ci il tarixinə 15597,37 manat məbləğində əsas bоrc və 1060,8 manat məbləğində faiz borcu olmaqla, cəmi 16658,17 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 23 iyun 2025-ci il tarixdə bildiriş göndərilərək 13 iyun 2025-ci il tarixinə 24 iyul 2025-ci il tarixli sm6856 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 15597,37 manat məbləğində əsas borcu, 1060,8 manat məbləğində faiz borcu olmaqla, cəmi 16658,17 manat məbləğində borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanılmış 24 iyul 2025-ci il tarixli sm6856 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanılan 241224 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər, ümumi şərtlər üzrə 24 iyul 2024 tarixli sm6856 nömrəli kredit verilməsinə dair əsas şərtlər- razılaşma, habelə ümumi şərtlər üzrə bağlanılacaq bütün razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də həmin müqavilə üzrə əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 15597,37 (on beş min beş yüz doxsan yeddi manat otuz yeddi qəpik) manat məbləğində əsas borc və 1060,8 (min altmış manat səksən qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 24 iyul 2024-cü il tarixli sm6856 nömrəli kredit verilməsinə dair əsas şərtlərrazılaşma üzrə Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “140 (yüz qırx) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 140 (yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15597,37 (on beş min beş yüz doxsan yeddi manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 1060,8 (min altmış manat səksən qəpik) manat məbləğində faiz borcu və 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16798,17 (on altı min yeddi yüz doxsan səkkiz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15597,37 (on beş min beş yüz doxsan yeddi manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 1060,8 (min altmış manat səksən qəpik) manat məbləğində faiz borcu və 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16798,17 (on altı min yeddi yüz doxsan səkkiz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar