Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1309/2025 19.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 14 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6895,51 (altı min səkkiz yüz doxsan beş manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 460,14 (dörd yüz altmış manat, on dörd qəpik) manat məbləğində faiz borcu, 41,29 (qırx bir manat, iyirmi doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7396,94 (yeddi min üç yüz doxsan altı manat, doxsan dörd qəpik) manat məbləğində, 13 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4482,21 (dörd min dörd yüz səksən iki manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 369,68 (üç yüz altmış doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 26,65 (iyirmi altı manat, altmış beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4878,54 (dörd min səkkiz yüz yetmiş səkkiz manat, əlli dörd qəpik) manat məbləğində borcun və 126,83 (yüz iyirmi altı manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 avqust 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, Cavabdeh1 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq 14 avqust 2023-cü il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanılmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. Cavabdeh1 14 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 23 % olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 2025-ci il fevralın 28-dək Cavabdeh1 banka 14 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6895,51 manat əsas borc, 460,14 manat faiz, 82,57 manat cərimə olmaqla, cəmi 7438,22 manat borcu vardır. Cavabdeh1 14 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 82,57 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 41,29 manat məbləğində tələb olunur. 13 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan illik 22 %-lə 36 ay müddətinə 6300 manat məbləğində kredit götürmüşdür. 2025-ci il fevralın 28-dək Cavabdeh1 banka 13 sentyabr 2023- cü il tarixli kredit müqaviləsi üzrə 4482,21 manat əsas borc, 369,68 manat faiz borcu və 53,29 manat cərimə borcu olmaqla, cəmi 4905,18 manat borcu vardır. Cavabdeh1 13 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 53,29 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 26,65 manat məbləğində tələb olunur. İddiaçı 18 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3484,7 (üç min dörd yüz səksən dörd manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 292,01 (iki yüz doxsan iki manat, bir qəpik) manat məbləğində faiz borcu, 54,55 (əlli dörd manat, əlli beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3831,26 (üç min səkkiz yüz otuz bir manat, iyirmi altı qəpik) manat məbləğində, 13 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1579,21 (min beş yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 808,36 (səkkiz yüz səkkiz manat, otuz altı qəpik) manat məbləğində faiz borcu, 221,08 (iki yüz iyirmi bir manat, səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2608,65 (iki min altı yüz səkkiz manat, altmış beş qəpik) manat məbləğində borcun və 126,83 (yüz iyirmi altı manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Sonuncu dəfə 08 sentyabr 2025-ci il tarixində 630 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh1 məhkəmədən borc məbləği üzrə ödənişlərin aylara bölünməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, həmin cavabdehə 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən həmin cavabdehə aylıq 1,92 faiz dərəcəsi ilə 36 ay müddətinə əsas vəsaitlərin artırılması məqsədilə 10000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. Həmin razılaşmanın “Cərimə” bölməsində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit razılaşmasına 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 14 avqust 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli 32-MCR-1-427-23/2 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən həmin cavabdehə aylıq 1,83 faiz dərəcəsi ilə 36 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 6300 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. Həmin razılaşmanın “Cərimə” bölməsində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit razılaşmasına 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 13 sentyabr 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli Z/13417/23 nömrəli, iddiaçı (kreditor) ilə cavabdeh (zamin) Cavabdeh3 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli Z/13419/23 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, müqavilələrin predmeti 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz öhdələrinə götürmələridir. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndlərinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 4.2-ci bəndlərinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 6895,51 manat məbləğində əsas borcu, 460,14 manat məbləğində faiz borcu vardır və 82,57 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 13 sentyabr 2023-cü il tarixli 32-MCR-1-427-23/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 4482,21 manat məbləğində əsas borcu, 369,68 manat məbləğində faiz borcu vardır və 53,29 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 18 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 3484,7 manat məbləğində əsas borcu, 292,01 manat məbləğində faiz borcu vardır və 54,55 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 18 sentyabr 2025-ci il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 13 sentyabr 2023-cü il tarixli 32-MCR-1-427-23/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 1579,21 manat məbləğində əsas borcu, 808,36 manat məbləğində faiz borcu vardır və 221,08 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma, 14 avqust 2023-cü il tarixli 32-MCR-1-427-23/1 nömrəli və 13 sentyabr 2023-cü il tarixli 32-MCR-1-427-23/2 nömrəli kredit verilməsinə dair razılaşmalar üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 14 avqust 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 3484,7 manat məbləğində əsas borc, 292,01 manat məbləğində faiz borcu, 13 sentyabr 2023-cü il kredit verilməsinə dair razılaşma üzrə 1579,21 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış 13 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 808,36 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən ilkin iddia ərizəsində göstərilən məbləğ nəzərə alınmalı, hesablanmış 13 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 369,68 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 14 avqust 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 54,55 manat, 13 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 221,08 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmalarının yuxarıda istinad edilmiş “Cərimə” bölməsi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 14 avqust 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 54,55 manat məbləğində cərimə tutulmalı, 13 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 79 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 126,83 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 16 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman ümumilikdə 126,83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, iddia tələbi üzrə dövlət rüsumunun məbləği 126,52 manat təşkil etdiyindən, (xx.xx.2023-cü il tarixli razılaşma üzrə: 6895,51 + 292,01 + 54,55 = 7242,07; xx.xx.2023-cü il tarixli razılaşma üzrə: 4482,21 + 369,68 + 79 = 4930,89; 7242,07 + 4930,89 = 12172,96, hazırda əsas borcun məbləği xx.xx.2023-cü il tarixli razılaşma üzrə 3484,7 manat məbləğində, xx.xx.2023-cü il tarixli razılaşma üzrə 1579,21 manat məbləğində olsa da, həmin borcların bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc məbləğləri nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14 avqust 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 3484,7 manat məbləğində əsas borc, 292,01 manat məbləğində faiz borcu, 54,55 manat məbləğində cərimə, 13 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1579,21 manat məbləğində əsas borc, 369,68 manat məbləğində faiz borcu, 79 manat məbləğində cərimə, 126,52 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5985,67 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3484,7 (üç min dörd yüz səksən dörd manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 292,01 (iki yüz doxsan iki manat, bir qəpik) manat məbləğində faiz borcu, 54,55 (əlli dörd manat, əlli beş qəpik) manat məbləğində cərimə, 13 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1579,21 (min beş yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 369,68 (üç yüz altmış doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 79 (yetmiş doqquz) manat məbləğində cərimə, 126,52 (yüz iyirmi altı manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5985,67 (beş min doqquz yüz səksən beş manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1309/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1309/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver