Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1319/2025 30.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6045,48 (altı min qırx beş manat, qırx səkkiz qəpik) manat məbləğində əsas borc, 721,72 (yeddi yüz iyirmi bir manat, yetmiş iki qəpik) manat məbləğində faiz borcu, 113,92 (yüz on üç manat, doxsan iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6881,12 (altı min səkkiz yüz səksən bir manat, on iki qəpik) manat məbləğində borcun və 88,81 (səksən səkkiz manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın X1 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 188,6 kv.m, yaşayış sahəsi 124,3 kv.m., yardımçı sahəsi 64,3 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. 17 mart 2023-cü il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 23%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2la 17 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Eyni zamanda Cavabdeh1 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0.0491 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 188,6 kv.m., yaşayış sahəsi 124.3 kv.m., yardımçı sahəsi 64,3 kv.m., yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi 17 mart 2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 26 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə hər hansı etirazının olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək 26 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə hansısa etirazının olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2023-cü il tarixli 32-MCR-1-143-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən həmin cavabdehə 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2023cü il tarixli 32-MCR-1-143-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən, bank tərəfindən Cavabdeh1 23% dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 mart 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2024cü il tarixli 17 mart 2023-cü il tarixli 32-MCR-1-143-23/1 nömrəli müqaviləyə dair əlavə və dəyişikliklərin edilməsinə dair 01 nömrəli Əlavə Sazişə əsasən, kreditin məbləği 7631,91 manat məbləğində müəyyən edilmişdir. İş materiallarındakı həmin Sazişə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 mart 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 17 mart 2023-cü il tariхli Z/04399/23 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 17 mart 2023-cü il tariхli Z/04399/23 nömrəli zaminlik müqaviləsinə 15 mart 2024-cü il tarixli 01 nömrəli Əlavə Sazişin 1.1.1-ci və 1.1.2-ci yarımbəndlərinə əsasən, kreditin illik faiz dərəcəsi 23 faiz təşkil edir və kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 faiz təşkil edir. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 6045,48 manat məbləğində əsas borcu, 721,72 manat məbləğində faiz borcu vardır və 227,83 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış 17 mart 2023-cü il tarixli DA/00342/23 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2023-cü il tarixli 32-MCR-1-143-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m , yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 65000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m. olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 26 sentyabr 2025-ci il tarixli PR/MM/796/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m. olan fərdi yaşayış evinin 26 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 85000 manat, likvid dəyəri 70000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 17 mart 2023-cü il tarixli 32-MCR-1-143-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında 17 mart 2023-cü il tarixli 32-MCR-1-143-23/1 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşma ilə iddiaçı tərəfindən Cavabdeh1 23 faiz dərəcəsilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 mart 2023-cü il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 6045,48 manat məbləğində əsas borcun və 721,72 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 17 mart 2023-cü il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 113,92 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının “Cərimə” bölməsi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 17 mart 2023-cü il tarixli DA/00342/23 nömrəli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 26 sentyabr 2025-ci il tarixli PR/MM/796/2025 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m, yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evinin ilkin satış qiyməti dəyəri 70000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 14 aprel 2025-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 88,81 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 08 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 88,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 88,81 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 17 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6045,48 manat məbləğində əsas bоrc, 721,72 manat məbləğində faiz bоrcu, 113,92 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 36 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88,81 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7020,93 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 7020,93 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m , yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 7020,93 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6045,48 (altı min qırx beş manat, qırx səkkiz qəpik) manat məbləğində əsas bоrc, 721,72 (yeddi yüz iyirmi bir manat, yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu, 113,92 (yüz on üç manat, doxsan iki qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88,81 (səksən səkkiz manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7020,93 (yeddi min iyirmi manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 7020,93 (yeddi min iyirmi manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m, yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 7020,93 (yeddi min iyirmi manat, doxsan üç qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında yerləşən sahəsi 0,0491 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 188,6 kv.m (yaşayış sahəsi 124,3 kv.m, yardımçı sahəsi 64,3 kv.m) olan fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1319/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1319/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver