Məhkəmə qərarları › İş №e-2-2(119)-1322/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1322/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1322/2024 01.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızının və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 22 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 011R********** saylı Krеdit Razılaşması üzrə 9939,11 manat məbləğində krеdit bоrcu, 894,34 manat məbləğində faiz bоrcu və 277,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11111,24 manat məbləğində pul vəsaitinin, cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 011A********** saylı Krеdit Razılaşması üzrə 322,93 manat məbləğində krеdit bоrcu, 21,27 manat məbləğində faiz bоrcu və 5,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 349,88 manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124,38 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 və zaminlər X1, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılmış 21 dekabr 2022-ci il tarixli 011L**********18 saylı “Uzunmüddətli kredit və təminat” müqaviləsi ilə kredit alan Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Həmin “Uzunmüddətli kredit və təminat” müqaviləsi əsasında kredit alan Cavabdeh3 21 dekabr 2022-ci il tarixli 011R********** saylı “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq razılaşma imzalayaraq, kredit verən İddiaçı QSC-dən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % оlmaqla və ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06 oktyabr 2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaitləri qaytarmamışdır. Borcalan Cavabdeh3 götürdüyü krеdit bоrcundan 2060,89 manat ödəmiş və onun 9939,11 manat məbləğində əsas kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün onun 05 mart 2024-cü il tarixə 151 gün üçün hesablanmış faiz borcu 894,34 manat təşkil edir. “Uzunmüddətli kredit və təminat” müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 05 mart 2024cü il tarixə 151 gün üçün hеsablanmış cərimə 277,79 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kreditalan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kreditalan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kreditalan və Bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kreditalan ilə birgə və tam məsuliyyət daşıyır. Bundan başqa, kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 kredit İddiaçı QSC ilə bağladığı 08 may 2023-cü il tarixli 011A********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 600 (altı yüz) manat məbləğində krеdit götürmüşdür. Borcalan Cavabdeh3 həmin krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 08 dekabr 2023-cü il tarixdən banka qaytarmamışdır. Borcalan Cavabdeh3 götürdüyü krеdit bоrcundan 277,07 manat ödəmiş, onun 322,93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05 mart 2024-cü il tarixə 88 gün üçün hesablanmış faiz borcu 21,27 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 05 mart 2024-cü il tarixə 88 gün üçün hеsablanmış cərimə 5,68 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kreditalan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bağladığı müvafiq zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalan Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırkı iddia ərizəsinə dair kommersiya işi üzrə təyin edilmiş məhkəmə baxış iclasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 gəlsələr də, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehlər isə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişlər. Odur ki, məhkəmə, cavabdehlərin mövqeyini və iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması və 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kreditləri müvafiq qaydada ödənişlər aparmaqla qaytara bilmədiyini, lakin yaranmış əsas kredit borcunu hissə-hissə ödəyəcəyini və hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, məhkəmədən yalnız əsas borcun tutulması, iddia ərizəsində tələb olunan faiz və cərimə borcunun isə tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 da iddia tələbini qismən qəbul etdiyini, kredit alan Cavabdeh3 hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması və 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kreditlərə görə zamin olduğunu bildirərək, məhkəmədən yalnız əsas borcun tutulması, iddia ərizəsində tələb olunan faiz və cərimə borcunun isə tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 da iddia tələbini qismən qəbul etdiyini, kredit alan Cavabdeh3 hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kreditə görə zamin olduğunu bildirərək, məhkəmədən yalnız əsas borcun tutulması, iddia ərizəsində tələb olunan faiz və cərimə borcunun isə tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 (VÖEN **********) – “Kredit alan”, X1, Cavabdeh1 və Cavabdeh2 isə – “Zaminlər” olmaqla, bağlanmış 21 dekabr 2022-ci il tarixli 011L**********18 nömrəli “Uzunmüddətli Kredit və Təminat” Müqaviləsinin 2.1-ci bəndinə görə kredit alan Cavabdeh3 (VÖEN **********) 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, 21 dekabr 2022-ci il tarixli 011L**********18 nömrəli “Uzunmüddətli Kredit və Təminat” Müqaviləsi üzrə zamin X1 02 yanvar 2024-cü il tarixdə ölmüşdür). Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.13-cü bəndinə əsasən, zamin - bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda, bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, Zamin Kreditalanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh3 – “Kredit alan” olmaqla, bağlanmış 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,9167 % dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh3 Banka olan həmin borcunun müvafiq Ödəniş Planına (ödəniş cədvəlinə) əsasən 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə son ödəniş tarixi 06 yanvar 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə (hər ay 471 manat məbləğində olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli OUT-2024/03/05-97 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan X2 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşması üzrə 05 mart 2024-cü il tarixinə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 9939,11 manat məbləğində əsas borcu, 894,34 manat məbləğində faiz borcu və 277,79 manat məbləğində cərimə borcu vardır və həmin kredit Razılaşması üzrə gecikmə 151 gün təşkil edir. İş materiallarında olan 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 12 ay müddətinə, aylıq 2,1667 % dərəcəsi ilə 600 (altı yüz) manat məbləğində kredit verilmişdir. Həmin Kredit Müqaviləsinın 1.2-ci bəndinə əsasən, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına (Ödəniş Planı) uyğun otaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.1.5-cü bəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi Ödəniş Planı üzrə vaxtında və lazımı qaydada qaytarmadıqda, Bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 08 may 2023-cü il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 57 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh3 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 08 may 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və müvafiq olaraq zamin Cavabdeh1 ilə bağlanmış 08 may 2023-cü il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, həmin Müqavilə üzrə zamin Cavabdeh1 zamin olaraq kreditalan Cavabdeh3 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kreditalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 05 mart 2024-cü il tarixli OUT-2024/03/05-95 nömrəli Maliyyə Arayışından görünür ki, kreditalan Cavabdeh3 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 05 mart 2024-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 322,93 manat əsas borcu, 21,27 manat faiz borcu və 5,68 manat cərimə borcu olmaqla, cəmi 349,88 (üç yüz qırx doqquz manat 88 qəpik) manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 88 gün). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreditalan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasını, 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsini və 08 may 2023-cü il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində (Ödəniş Planında) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış kreditləri müvafiq müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Odur ki, 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 12000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 05 mart 2024-cü il tarixə 9939,11 manat əsas borcu, 894,34 manat faiz borcu və 277,79 manat cərimə borcu olmaqla, cəmi 11111,24 manat məbləğində borcun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, eləcə də 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə isə cəmi 600 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 05 mart 2024-cü il tarixə 322,93 manat əsas borc, 21,27 manat faiz borcu və 5,68 manat cərimə olmaqla, cəmi 349,88 manat məbləğində borcun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması üçün müvafiq (hazırkı) iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunarkən 124,38 (yüz iyirmi dörd manat 38 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 9939,11 manat əsas borcun, 894,34 manat faiz borcunun və 277,79 manat cərimənin və eyni zamanda, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 322,93 manat əsas borcun, 21,27 manat faiz borcunun və 5,68 manat cərimənin tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 9939,11 manat əsas borc, 894,34 manat faiz borcu və 277,79 manat cərimə, eləcə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 322,93 manat əsas borc, 21,27 manat faiz borcu və 5,68 manat cərimə İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia tələbinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 124,38 (yüz iyirmi dörd manat 38 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21 dekabr 2022-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 9939,11 (doqquz min doqquz yüz otuz doqquz manat 11 qəpik) manat əsas borc, 894,34 (səkkiz yüz doxsan dörd manat 34 qəpik) manat faiz borcu və 277,79 (iki yüz yetmiş yeddi manat 19 qəpik) manat cərimə olmaqla, cəmi 11111,24 (on bir min yüz on bir manat 24 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3 (VÖEN **********) və Cavabdeh1 08 may 2023-cü il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 322,93 (üç yüz iyirmi iki manat 93 qəpik) manat əsas borc, 21,27 (iyirmi bir manat 27 qəpik) manat faiz borcu və 5,68 (beş manat 68 qəpik) manat cərimə olmaqla, cəmi 349,88 (üç yüz qırx doqquz manat 88 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124,38 (yüz iyirmi dörd manat 38 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar