Məhkəmə qərarları › İş №e-2-2(119)-1326/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1326/2025

09.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1326/2025 09.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 176806,6 (yüz yetmiş altı min səkkiz yüz altı manat, altmış qəpik) manat məbləğində borcun, 8840,33 (səkkiz min səkkiz yüz qırx manat, otuz üç qəpik) manat məbləğində faiz borcunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının, müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi üçün ödənilmiş 47,56 (qırx yeddi manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 475,65 (dörd yüz yetmiş beş manat, altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 18 fevral 2023-cü il tarixdən 21 iyun 2024-cü il tarixə kimi olan dövr ərzində 26 elektron qaimə-faktura üzrə 659533,23 manat məbləğində əsas, 118715,98 manat məbləğində ƏDV məbləği olmaqla, cəmi 778249,21 manat məbləğində mal satılmışdır. Satılmış mala görə cavabdeh tərəfindən iddiaçının hesabına 509697,21 manat, ƏDV depozit hesabına 91745,4 manat mbləğində olmaqla, cəmi 601442,61 manat məbləğində vəsait ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya əsas məbləğ üzrə 149836,02 manat, ƏDV məbləği üzrə 26970,58 manat olmaqla, cəmi 176806,6 manat məbləğində borcu qalmışdır. Qeyd edilən borc tərəflər tərəfindən tərtib edilmiş 21 may 2025-ci il tarixli üzləşmə aktı ilə sübut olunur. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, 21 may 2025-ci il tarixində üzləşmə aktı imzalanmışdır. Həmin üzləşmə aktında da iddia ərizəsində tələb edilən borc öz əksini tapmışdır. Lakin üzləşmə aktında ƏDV-siz borc məbləği qeyd edilmişdir. Üzləşmə aktının tərtib edilməsindən sonra da cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İddia ərizəsində qeyd edilmiş 8840,33 manat məbləğində gecikdirilmiş faiz borcu ümumi borc məbləği üzrə 1 illik hesablanmışdır. Cavabdeh, həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardaddan apellyasiya şikayəti vermiş, eyni zamanda müvəqqəti təminat tədbirinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Məhz bu şikayət və ərizənin verilməsi cavabdeh tərəfindən borcun etiraf edilməsi anlamına gəlir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 12 mart 2024-cü il tarixli 188 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) müqaviləyə əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) həmin protokol bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir) göstərilən malın satışını həyata keçirir, alıcı (cavabdeh "xxxx" MMC) isə malı qəbul edir əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.3-cü yarımbəndinə əsasən, müqaviləyə əsasən alıcının üzərinə düşən öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasını və pozuntuya yol verilməməsini alıcıdan tələb edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, hazırkı müqavilə ilə müəyyən olunmuş mal satıcının ərazisindən alıcının qüvvə və vəsaiti hesabına yığılır, yüklənir, çatdırılır və hər iki tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərəzidə çəkilməklə və tərəzi göstəricisinin əsasında qarşılıqlı tərtib edilmiş aktla təhvil-təslim olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilmiş mala görə hesab faktura, qiymətlərin razılaşdırılması protokolu, e-qaimə faktura tərtib edir və alıcıya təqdim edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı e-qaimə fakturanı aldığı tarixdən 5 (beş) iş günü müddətində malın dəyərini satıcının bank hesabına köçürməlidir. İş materiallarından görünür ki, 18 fevral 2023-cü il tarixli EBDA seriyalı 142787 nömrəli elektron qaimə-faktura üzrə 27602,56 manat, 18 fevral 2023-cü il tarixli EBDA seriyalı 143493 nömrəli elektron qaimə-faktura üzrə 27452,11 manat, 07 mart 2023-cü il tarixli EBDB seriyalı 266979 nömrəli elektron qaimə-faktura üzrə 32437,2 manat, 07 mart 2023-cü il tarixli EBDB seriyalı 267825 nömrəli elektron qaimə-faktura üzrə 30692,54 manat, 09 mart 2023-cü il tarixli EBDB seriyalı 316056 nömrəli elektron qaimə-faktura üzrə 30387,36 manat, 09 mart 2023-cü il tarixli EBDB seriyalı 386745 nömrəli elektron qaiməfaktura üzrə 32948,02 manat, 09 mart 2023-cü il tarixli EBDB seriyalı 386904 nömrəli elektron qaimə-faktura üzrə 33923,82 manat, 04 aprel 2023-cü il tarixli EBDC seriyalı 869269 nömrəli elektron qaimə-faktura üzrə 32048,8 manat, 04 aprel 2023-cü il tarixli EBDC seriyalı 869600 nömrəli elektron qaimə-faktura üzrə 30859,36 manat, 12 mart 2024-cü il tarixli EBEA seriyalı 255035 nömrəli elektron qaimə-faktura üzrə 32579,8 manat, 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11015884 nömrəli elektron qaimə-faktura üzrə 2596 manat məbləğində olmaqla, cəmi 313527,57 manat məbləğində təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, 18 fevral 2023-cü il tarixli təhvil-qəbul aktları üzrə müvafiq olaraq 27602,56 manat və 27452,11 manat, 07 mart 2023-cü il tarixli təhvil-qəbul aktları üzrə müvafiq olaraq 32437,2 manat və 30692,54 manat, 09 mart 2023-cü il tarixli təhvil-qəbul aktları üzrə müvafiq olaraq 30387,36 manat, 32948,02 manat və 33923,82 manat, 04 aprel 2023-cü il tarixli təhvil-qəbul aktları üzrə müvafiq olaraq 32048,8 manat və 30859,36 manat, 10 aprel 2023-cü il tarixli təhvil-qəbul aktı üzrə 32379,2 manat, 12 mart 2024-cü il tarixli təhvil-qəbul aktı üzrə 32579,8 manat, 21 iyun 2024-cü il tarixli təhvil-qəbul aktı üzrə 2596 manat məbləğində olmaqla, cəmi 345906,77 manat məbləğində dəyəri olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq hər iki hüquqi şəxsin möhürü ilə möhürlənmiş 21 may 2025-ci il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya 01 may 2025-ci il tarixinə 149836,02 manat məbləğində (ƏDV-siz) borcu olduğunu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2025-ci il tarixli 05 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 21 may 2025-ci il tarixindən iddiaçının "xxxx" ASC-də və "xxxx" QSC-də olan bank hesablarına hər hansı köçürmə həyata keçirilməmişdir. İş materiallarına, həmçinin 12 mart 2024-cü il tarixli 188 nömrəli müqavilə ilə oxşarməzmunlu 17 fevral 2023-cü il tarixli 149 nömrəli müqavilə, qiymətlərin razılaşdırılması protokolları, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərini əhatə edən "xxxx" ASCdən və "xxxx" QSC-dən təqdim edilmiş bank hesabından çıxarışlar əlavə edilmişdir. Həmin hesabdan çıxarışların məzmunlarına əsasən, üzləşmə aktının imzalandığı tarixdən sonrakı dövr ərzində cavabdeh tərəfindən iddiaçının hesabına hər hansı pul vəsaiti ödənilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 12 mart 2024-cü il tarixli 188 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq möhürlənmiş 21 may 2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya 01 may 2025-ci il tarixinə 149836,02 manat məbləğində (ƏDV-siz) borcu olduğunu qəbul etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, ....alıcı (cavabdeh "xxxx" MMC) isə malı qəbul edir əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-xx.xx.2025-ci il tarixlərini əhatə edən "xxxx" ASC-dən və "xxxx" QSC-dən təqdim edilmiş bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesablarına üzləşmə aktının tərtib edildiyi tarixdən sonra, yəni 01 may 2025-ci il tarixindən sonrakı dövrdə hər hansı ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 176806,5 (149836,02+ (149836,02x18%)=176806,5) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 8840,33 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar qeyd edilən məbləğdə ödəniş həyata keçirildiyini təsdiq edən hər hansısa sənəd və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin həmin hissədə əsaslılığı iş materialları ilə sübut olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi üçün ödənilmiş 47,56 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iddia ilə bilavasitə bağlı olan e- 16(119)-101/2025 nömrəli iş üzrə iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edən zaman 16 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə 47,56 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırkı iddia qismən təmin edildiyindən müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi üçün ödənilmiş 47,56 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 16 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 475,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 466,81 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 176806,5 manat məbləğində borc, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 47,56 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 466,81 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 177320,87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 176806,5 (yüz yetmiş altı min səkkiz yüz altı manat, əlli qəpik) manat məbləğində borc, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 47,56 (qırx yeddi manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 466,81 (dörd yüz altmış altı manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 177320,87 (yüz yetmiş yeddi min üç yüz iyirmi manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar