Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1334/2024 17.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 23 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 14 may 2024-cü il tarixli müqavilə üzrə 19284,80 (on doqquz min iki yüz səksən dörd manat, səksən qəpik) manat məbləğində borc və 147,86 (yüz qırx yeddi manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19432,66 (on doqquz min dörd yüz otuz iki manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya "xxxx" MMC-nin (VÖEN **********) vasitəsilə bir sıra xidmətlər sifariş vermişdir. İddiaçı tərəfindən göstərilmiş 19284,80 manat dəyərində xidmət haqqı şifahi və yazılı müraciətlərə baxmayaraq Cavabdeh tərəfindən ödənilməmişdir. Bununla əlaqədar iddiaçı və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli borcun etiraf haqqında müqavilə imzalanmışdır. Lakin qeyd edilən borc məbləği ödənilməyərək bu müqavilənin tələbləri də cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC logistika sahəsində ixtisaslaşmış şirkətdir. Cavabdeh üçüncü tərəfin "xxxx" MMC-nin vasitəsilə iddiaçıya bir sıra xidmətlər sifariş vermişdir. İddiaçı MMC tərəfindən göstərilmiş 19284,80 manat dəyərində xidmətə görə ödəniş Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Borc məbləğinin ödənilməsi üçün "xxxx" MMC-yə də müvafiq pretenziya məktubu göndərilmiş, lakin "xxxx" MMC-nin əməkdaşları İddiaçı MMCnin borc məbləğinin Cavabdeh tələb edilməli olduğunu bildirmişlər. Bağlanmış 14 may 2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 15 iyun 2024-cü il tarixindən 15 mart 2025ci il tarixinə qədər hissə-hissə olmaqla iddia tələbində qeyd edilən məbləği ödəməyi öhdəsinə götürsə də, hər hansı ödəniş həyata keçirməmişdir. Cavabdehlə sonuncu dəfə 08 iyul 2024-cü il tarixində əlaqə saxlanılmış və o, 21 iyul 2024-cü il tarixində 4000 manat məbləğində ödəniş edəcəyini, qalan məbləği isə hissə-hissə ödəyəcəyini vəd etmiş, lakin ödənişləri həyata keçirməmiş, sonradan onunla əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan 14 may 2024-cü il tarixli müqavilənin 3-cü bəndinə əsasən, borclu (Cavabdeh) üçüncü tərəfin ("xxxx" MMC-nin) vasitəsilə tələb edənə (İddiaçı MMC-yə) Çindən avtomobil şinlərinin daşınmasını sifariş vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, tələb edən ona sifariş edilmiş xidmətləri tam şəkildə və vaxtında göstərərək təhvil vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, tələb edən tərəfindən göstərilmiş xidmətlər üzrə üçüncü tərəfin xidmət haqqı ödənişi yaranmışdır. Həmin müqavilənin 6-cı bəndinə əsasən, tələb edən tərəfindən borclu və üçüncü tərəfə şifahi və yazılı müraciətlər edilmiş və ödənişin həyata keçirilməsi tələb edilmişdir, lakin ödəniş faktiki olaraq həyata keçirilməmişdir. Həmin müqavilənin 9-cu bəndinə əsasən, tələb edənin pretenziya tələbi zamanı borclu məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünü bildirmiş və tərəflər Mülki Prosessual Məcəllənin 52-ci maddəsini əsas tutaraq bu müqavilənin imzalanmasına dair razılkıq əldə etmişlər. Həmin müqavilənin məzmununda qeyd edilmişdir ki, bununla tərəflər bu sazişi aşağıdakılar barədə imzalayırlar: 1. Tərəflər razılaşır və bəyan edir ki, mübahisə predmeti olan məsələnin tam və tezliklə həll edilməsi üçün bütün mümkün səyləri həyata keçirəcəklər. 2. Borclu təminat verir ki, tələb edənin tələb etdiyi 19284,80 manat məbləğində vəsaitin aşağıdakı ardıcıllıq və müddət çərçivəsində ödənilməsi həyata keçiriləcək: 2000 manat xx.xx.2024-cü il tarixədək, 2000 manat xx.xx.2024-cü il tarixədək, 2000 manat xx.xx.2024-cü il tarixədək, 2000 manat xx.xx.2024-cü il, 2000 manat xx.xx.2024-cü il tarixədək, 2000 manat xx.xx.2024-cü il tarixədək, 2000 manat xx.xx.2024cü il tarixədək, 2000 manat xx.xx.2025-ci il tarixədək, 2000 manat xx.xx.2025-ci il tarixədək, 1284,80 manat xx.xx.2025-ci il tarixədək. Müqavilədə qeyd edilmişdir ki, bu müqavilənin şərtləri yerinə yetirilmədikdə tərəflər məhkəmə qaydasında müqavilə üzrə öhdəliklərin icrası məqsədilə müvafiq icra və probasiya şöbəsinə müraciət edəcəklər. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli İNV/000479 nömrəli İnvoys sənədindən görünür ki, yük alan "xxxx" MMC-yə Çin Xalq Respublikasından 11344 ABŞ dolları məbləğində mal göndərilmişdir. İş materiallarında görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 19284,8 manat məbləğində nəqliyyat xidmətlərinin göstərilməsi ilə əlaqədar 02 fevral 2024-cü il tarixli, MT2402 seriyalı, 00042351 nömrəli elektron qaimə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh "xxxx" MMC-nin vasitəsilə 19284,80 dəyərində nəqliyyat xidmətləri göstərilmiş, həmin xidmətin dəyəri ödənilmədiyindən Cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq edilmiş 14 may 2024-cü il tarixli borcun etirafı haqqında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya olan 19284,80 manat məbləğində borcunu etiraf etməsinə və həmin borcu 15 mart 2025-ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq hər hansı ödəniş etməmiş, bununla da müqavilə şərtlərinə riayət etməyərək öhdəliyi pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14 may 2024-cü il tarixli müqavilə üzrə 19284,80 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 147,86 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 23 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 147,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 147,86 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 14 may 2024-cü il tarixli müqavilə üzrə 19284,80 manat məbləğində borc və 147,86 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 19432,66 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 19284,80 (on doqquz min iki yüz səksən dörd manat, səksən qəpik) manat məbləğində borc və 147,86 (yüz qırx yeddi manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19432,66 (on doqquz min dörd yüz otuz iki manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1334/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1334/2024
17.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver