Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-136/2025 18.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində icarə haqqı borcu, 445 (dörd yüz qırx beş) manat məbləğində dəbbə pulu və 33,35 (otuz üç manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1368,02 (min üç yüz altmış səkkiz manat iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adından 07 dekabr 2020-ci il tarixli 31903 nömrəli etibarnamə əsasında hərəkət edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru ilə Cavabdeh arasında 15 oktyabr 2021-ci il tarixli 109102 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyəverən bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus Yalama-Bakı dəmir yolunun 2467 km PK 8-də km artımı üzrə yolun sol tərəfində Ləcət stansiyasının ərazisində yerləşən, ümumi sahəsi 50 kv.m təşkil edən icarə sahəsini qanunamüvafiq fəaliyyəti təşkil etmək məqsədilə Cavabdeh müddətli icarəyə verir, icarəçi isə həmin sahəni icarəyə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 11 (on bir) ay müddətində qüvvədə qalır. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin müddəti ərzində icarəçi İcarəyəverənə icarəyə götürdüyü əmlak üçün aylıq 85 (səksən beş) manat ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi icarə sahəsindən 01 oktyabr 2021-ci il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan bu müqavilənin 4.1-ci bəndinə müəyyən edilmiş qaydada icarə haqqı hesablanır. Müqavilənin 4.5-ci bəndinə əsasən icarə haqqı müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, növbəti ayın 11-dən etibarən hər gecikmiş gün üçün əsas icarə haqqının məbləğinin 0,1% miqdarında faizli cərimə tətbiq ediləcəkdir. Müqavilənin 8.2-ci bəndinə əsasən icarəçi bu Müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş aylıq İcarə haqqını ardıcıl olaraq 2 (iki) ay ərzində ödəmədikdə İcarəyəverən bu müqaviləyə dərhal xitam verə bilər. Cavabdeh tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən 85 (səksən beş) manat icarə haqqı ödənilmiş, 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat icarə haqqı ödənilməmişdir. Cavabdehə bu barədə 16 sentyabr 2024-cü il tarixli 13-1-2/2-565/2024 nömrəli pretenziya məktubu göndərilmiş, buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Həmçinin müqavilə üzrə ödənilməmiş məbləğ 889,67 (səkkiz yüz səksən doqquz manat 67 qəpik) manat təşkil etdiyi üçün həmin məbləğin 0,1%-i, yəni 445 (dörd yüz qırx beş) manat dəbbə pulu təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mülkiyyətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adından 07 dekabr 2020-ci il tarixli 31903 nömrəli etibarnamə əsasında hərəkət edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru ilə icarəçi Cavabdeh arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli 109102 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən icarəyəverən bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus Yalama- Bakı dəmir yolunun 2467 km PK 8-də km artımı üzrə yolun sol tərəfində Ləcət stansiyasının ərazisində yerləşən, ümumi sahəsi 50 kv.m təşkil edən icarə sahəsini (açıq torpaq sahəsini- mövcud vəziyyətdə) qanunamüvafiq fəaliyyəti təşkil etmək məqsədilə icarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verir, icarəyə götürən isə həmin sahəni (açıq torpaq sahəsini-mövcud vəziyyətdə) icarəyə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 11 (on bir) ay müddətində qüvvədə qalır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin müddəti ərzində icarəyə götürən icarəyəverənə icarəyə götürdüyü əmlak üçün ƏDV daxil aylıq 85 (səksən beş) manat icarə haqqı ödəyir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən icarə haqqı hər ay üçün cari ayın 10 (onundan) gec olmamaq şərti ilə aylıq ödəniləcək. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi icarə sahəsindən 01 oktyabr 2021ci il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan bu müqavilənin 4.1-ci bəndinə müəyyən edilmiş qaydada icarə haqqı hesablanır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən icarə haqqı müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, növbəti ayın 11-dən etibarən hər gecikmiş gün üçün əsas icarə haqqının məbləğinin 0,1% miqdarında faizli cərimə tətbiq ediləcəkdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 16 sentyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 15 oktyabr 2021-ci il tarixli 109102 nömrəli icarə müqaviləsi üzrə icarəçi Cavabdeh tərəfindən cəmi 85 manat ödəniş edilmiş və onun 01 sentyabr 2024-cü il tarixinə icarə haqqı borcu 889,67 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli 109102 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən Yalama-Bakı dəmir yolunun 2467 km PK 8-də km artımı üzrə yolun sol tərəfində Ləcət stansiyasının ərazisində yerləşən, ümumi sahəsi 50 kv.m təşkil edən icarə sahəsi cavabdehin müddətli icarəsinə verilmiş, Cavabdeh tərəfindən 85 manat məbləğində icarə haqqı ödənilsə də, o, müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək qalan 889,67 manat məbləğində icarə haqqını borcunu ödəməmişdir. Buna görə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 15 oktyabr 2021-ci il tarixli 109102 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "445 (dörd yüz qırx beş) manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq Cavabdeh 45 (qırx beş) manat məbləğində dəbbə pulu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “33,35 (otuz üç manat otuz beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində icarə haqqı borcu, 45 (qırx beş) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 964,67 (doqquz yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində icarə haqqı borcu, 45 (qırx beş) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 964,67 (doqquz yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-136/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-136/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver