Məhkəmə qərarları › İş №e-2-2(119)-1399/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1399/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1399/2024 02.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 01 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 01 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının хеyrinə Cavabdeh3 29 iyul 2015-ci il tarixli 872 saylı kredit müqaviləsinə əsasən 5636,43 (beş min altı yüz otuz altı manat qırx üç qəpik) manat əsas borc, 5646,88 (beş min altı yüz qırx altı manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 11283,31 (on bir min iki yüz səksən üç manat otuz bir qəpik) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh1 Zaki oğluna məxsus, habelə onun və onun ailə üzvü olan Cavabdeh2 paylı mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 27000 (iyirmi yeddi min) manat dəyərində müəyyən edilməsi, tələbin Cavabdeh1 Zaki oğluna məxsus, habelə onun və onun ailə üzvü olan Cavabdeh2 paylı mülkiyyətində olan ipoteka qoyulmuş Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,03 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 11283,31 (on bir min iki yüz səksən üç manat otuz bir qəpik) manatın və ödənilmiş 123,85 (yüz iyirmi üç manat səksən beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh2 22 yanvar 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh2 22 yanvar 2021-ci il tarixdə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 01 avqust 2024-cü il tarixdə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən ona qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh2 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar