Məhkəmə qərarları › İş №e-2-2(119)-140/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-140/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-140/2024 10.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh Kamran Bayramov arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9029,78 (doqquz min iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcun, 614,42 (altı yüz on dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcunun, 92,43 (doxsan iki manat qırx üç qəpik) manat məbləğində cərimə borcunun, 117,37 (yüz on yeddi manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və həmin bildirişlə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər Kamran Bayramov və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi, ev 6, 8 saylı mənzildə yerləşən 2 otaqlı, ümumi sahəsi 55.3 kv.m olan yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalan hissədə qətnamənin ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əsasən, iddia tələbinin məzmunu kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmeti olan evə yönəldilərək həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, bu, kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsindən ibarətdir. Göründüyü kimi, iddia tələbi yalnız borcun tutulmasını deyil, ipoteka predmetinin, nəticə olaraq iddiaçının xeyrinə realizə edilməsinə istiqamətlənmiş müəyyən hərəkətlərin, bu, yetərli olmazsa, həmçinin tələbin təmininə yönələn digər prosessual hərəkətlərin həyata keçirilməsini ehtiva edir. Bu isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat institununun hüquqi təbiəti ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırkı iddia tələbinin tutulmalı borcun pulla ifadə olunan hissəsinin qiyməti on min manatdan az olsa da, ipoteka predmetinə olan əmlakın dəyəri hissəsi qeyri-müəyyəndir, bu isə işə məhkəmə baxışı keçirilmədən, tərəflər izahatları dinlənilmək üçün çağırılmadan və digər müəyyən prosessual tədbirlərə riayət etmədən işə sadələşdirilmiş qaydada baxılmasına imkan vermir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il 01 nömrəli Qərardadının 21-ci bəndində göstərilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad olunan qərardadından da göründüyü kimi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə məhkəmə araşdırması qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməklə (ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti, müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırması, həmin razılaşmanın Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrinə uyğun olub-olmadığının məhkəmə tərəfindən yoxlanılması, razılaşma əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməsi) aparıldığından, hazırkı iddia tələbində bu tələbdən əlavə, həmçinin satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi göstərildiyindən, bu tələblərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Qeyd edilməsi yerinə düşər ki, iddiaçı eyni iddia tələbi ilə eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixində də məhkəmə müraciət etmiş, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bununla belə, həmin iddia tələbi, hazırkından fərqli olaraq iddia icraatı qaydasında məhkəməyə təqdim edilmişdir. Məhkəmə, həmçinin əlavə etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllədə həmin Məcəllənin 284-5.4.4-ci maddəsində göstərilənlərə əsaslanaraq işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad qəbul edilməsi imkanı nəzərdə tutulsa da, həmin maddədə qeyd olunan əsaslar iddia tələbinin həmin Məcəllənin 284-1ci maddəsinə uyğun gəldiyi, lakin əlavə araşdırma aparılması zərurəti olduğu hallara aiddir. Lakin iddia tələbi sözügedən Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyil və ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 263, 264, 266, 284-1, 284-3, 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar