Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1421/2024 17.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1510,69 (min beş yüz on manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 162,95 (yüz altmış iki manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, 29,95 (iyirmi doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1703,59 (min yeddi yüz üç manat əlli doqquz qəpik) manat məbləğində borcun və 37,04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 14 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən Cavabdeh2 18 ay müddətinə illik 22% olmaqla 2700 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehlər Cavabdeh3 14 sentyabr 2022-ci il tarixli 13FİZAM137898602 nömrəli və Cavabdeh1 14 sentyabr 2022-ci il tarixli 13FİZAM171610501 nömrəli zaminlik müqavilələri üzrə borcalanın öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 09 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1510,69 manat məbləğində əsas borc, 162,95 manat məbləğində faiz borcu, 29,95 manat məbləğində cərimə olmaqla, cəmi 1703,59 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən kreditverən Cavabdeh2 2700 (iki min yeddi yüz) manat məbləğdə və illik faiz dərəcəsi 22 (iyirmi iki) % olmaqla, xx.xx.2024-cü il tarixədək, 6 (altı) ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir. Müştəri (borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi 23,1 %-dir. Həmin razılaşmanın 6-cı bəndinə görə borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cərimə ödəyir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İş materiallarında olan Cavabdeh2 ilə bağlanmış 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən son ödəniş tarixi 14 mart 2024-cü il olmaqla aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli 13FİZAM171610501 nömrəli zaminlik müqaviləsinə əsasən 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borclunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh1 borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli 13FİZAM137898602 nömrəli zaminlik müqaviləsinə əsasən 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borclunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh3 borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 13290***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 1646,36 (min altı yüz qırx altı manat otuz altı qəpik) manat məbləğdə əsas borc və 0 ( sıfır) manat məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə görə bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit (borc) üzrə faiz dərəcəsi 22 faiz və kreditin son icra müddəti xx.xx.2024-cü il müəyyən edilir. Həmin razılaşmanın 4-cü bəndinə görə borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada kreditverənin xeyrinə icra etməyi öz öhdəsinə götürür. Həmin razılaşmanın 5-ci bəndinə görə kreditverən tərəfindən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş borcun ödənilməsi ilə bağlı güzəşt müddəti verilə bilər. Bu zaman güzəşt müddətinin dövrü və güzəşt müddəti ərzində icra edilməli olan öhdəlik bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlində qeyd ediləcəkdir. Həmin razılaşmanın 7-ci bəndinə görə borcalan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, kreditverən verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 22 (iyirmi iki) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində borcalan kredit və faizləri kreditverənə ödəmədikdə, borcalan kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 13290***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 30 sentyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 imzasları ilə təsdiq etmişlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 13FİZAM171610502 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 13FİZAM137898603 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor ilə borclu Cavabdeh2 Siyasət oğlu arasında bağlanmış məbləği 2700 (iki min yeddi yüz) manat, illik faiz dərəcəsi 22 (iyirmi iki), müddəti 24 (iyirmi dörd) ay olan 14 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışında göstərilir ki, 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borcalan Cavabdeh2 09 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 1510,69 (min beş yüz on manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 162,95 (yüz altmış iki manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, 29,95 (iyirmi doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1703,59 (min yeddi yüz üç manat əlli doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışında göstərilir ki, 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borcalan Cavabdeh2 20 iyun 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 1510,69 (min beş yüz on manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 145,28 (yüz qırx beş manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 16,77 (on altı manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1672,74 (min altı yüz yetmiş iki manat yetmiş dörd qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 20 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək kredit müqaviləsi üzrə 20 iyun 2024 -cü il tarixə banka 1510,69 manat əsas borc, 145,28 manat faiz borcu, 16,77 manat faiz olmaqla, cəmi 1672,74 manat borclarının olduğu, öhdəliyin pozulduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, 3 (üç) gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsi tələb edilmiş, əks halda qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Cavabdeh2 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmanı və 29 sentyabr 2023-cü il tarixli, 13290***-*******01R nömrəli restrukturizasiya razılaşmasını bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma və 29 sentyabr 2023-cü il tarixli 13290***-*******01R nömrəli restrukturizasiya razılaşması üzrə 1510,69 (min beş yüz on manat altmış doqquz qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 09 iyul 2024-cü il tarixinə 162,95 (yüz altmış iki manat doxsan beş qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borclulara xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmalarını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 20 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 20 iyun 2024-cü il tarixli maliyyə arayışında həmin tarixə hesablanmış 145,28 (yüz qırx beş manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 29,95 (iyirmi doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 14 sentyabr 2022-ci il tarixli 13FİZAM171610501 nömrəli və 29 sentyabr 2023-cü il tarixli 13FİZAM171610502 nömrəli zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh1, 14 sentyabr 2022-ci il tarixli 13FİZAM137898602 nömrəli və 29 sentyabr 2023-cü il tarixli 13FİZAM137898603 nömrəli zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəlik razılaşmalarda göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 37,04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 36,86 (otuz altı manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1510,69 (min beş yüz on manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 145,28 (yüz qırx beş manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 29,95 (iyirmi doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə və 36,86 (otuz altı manat səksən altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1722,78 (min yeddi yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1510,69 (min beş yüz on manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 145,28 (yüz qırx beş manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 29,95 (iyirmi doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə və 36,86 (otuz altı manat səksən altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1722,78 (min yeddi yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1421/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1421/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver