Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1426/2022 02.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Nimət oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 22 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9209,82 manat əsas borc, 3273,10 manat faiz borcu və 206,12 manat cərimə olmaqla, cəmi 12689,04 manat məbləğində borcun və 200 manat məbləğində ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 borc verən İddiaçı ASC-dən illik 25%-lə 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq zamin Cavabdeh2 ilə 28 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və 2022-ci il aprelin 29-dək borcalan Cavabdeh1 borcverən Banka 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9209,82 manat əsas borc, 3273,10 manat faiz borcu və 824,49 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13307,41 manat borcu vardır. Borc alan Cavabdeh1 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Banka olan cərimə borcu 824,49 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 206,12 manat məbləğində cərimə tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət etmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9209,82 manat əsas borc, 4000,74 manat faiz borcu, 2106,28 manat cərimə və kredit müqaviləsi üzrə 28 may 2022ci il tarixdən 23 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 105,85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 15422,69 manat məbləğində borcun və 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - borc alan tərəfindən kredit müqaviləsinin şərtləri vaxtında yerinə yetirilmədiyindən 28 may 2022-ci ildə müddəti bitmiş 28 noyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 23 avqust 2022-ci il tarixədək hesablanmış 9209,82 manat əsas, 4000,74 manat faiz, 2106,28 manat cərimə və 28 may 2022-ci il tarixdən (kredit müqaviləsinin bitmə tarixindən) 23 avqust 2022-ci il tarixinədək (maliyyə arayışının tarixinədək) 5%-lə hesablanmış 105,85 manat borc olmaqla, ümumilikdə cəmi 15422,69 manat məbləğində borcun olması və buna görə də, iş üzrə iddia tələbinin həcminin artırılması zərurətinin yaranması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 28 may 2022-ci ildə müddəti bitmiş 28 noyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 9209,82 manat əsas borc, 4000,74 manat faiz borcu, 2106,28 manat cərimə və kredit müqaviləsi üzrə 28 may 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 105,85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 15422,69 manat məbləğində borcun və mediasiyaya müraciət olunması ilə əılaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən biznes fəaliyyəti məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan azalan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Bu zaman nəzərə alınır ki, istənilən halda əsas borcun ödənilməsi bərabər hissələrlə həyata keçirilməlidir. Həmin Müqavilənin 4.8-ci bəndinə əsasən, bu Müqavilənin 2.4.2-ci yarımbəndi nəzərə alınmaqla, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5 (beş) faiz dərəcəsilə dəbbə pulu hesablanır. Gecikmənin 16-cı günündən başlayaraq Kreditor bu Müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş faiz borcunun tələb hüququnu tam olaraq bərpa edir və Borcalan həmin bənddə nəzərdə tutulmuş 30 % dərəcəsilə hesablanmış faizləri Kreditora ödəməlidir. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, dəbbə pulunun və ya zərərin əvəzinin ödənilməsi Borcalanı bu Müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından, həmçinin dəbbə pulunun ödənilməsi Kreditora dəymiş digər zərərin ödənişindən azad etmir. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən (1 saylı Əlavədən) görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 28 noyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 28 noyabr 2019-cu il tarixli 4-MZ- 2-0-1091-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 22 may 2020-ci il tarixli “Əlavə Saziş 1” əsasən Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilmiş (1.1.1-ci bənd), Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% (1.1.2-ci bənd) və Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 (bir) ay (1.1.3-cü bənd) müəyyən edilmişdir. Eyni zamanda, həmin “Əlavə Saziş 1”-lə Borcalanın kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirilməsi (1.1.4-cü bənd) və Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsinin 72 % təşkil etməsi (1.1.5-ci bənd) də müəyyən olunmuşdur. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin 22 may 2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 28 noyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 29 iyul 2020-ci il tarixli “Əlavə Saziş 1”-dən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla, 8512,44 (səkkiz min beş yüz on iki 44) manat təşkil edir (1.1.2-ci bənd). İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin 29 iyul 2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 28 noyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 27 noyabr 2020-ci il tarixli “Əlavə Saziş 1”-dən görünür ki, tərəflər həmin Sazişdə Kredit Müqaviləsinin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndlərinin ləğv edilməsi (1.1.1-ci bənd), Müqavilə üzrə kreditin qalıq borc məbləğinin (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla, 9209,82 (doqquz min iki yüz doqquz 82) manat təşkil etməsi (1.1.2-ci bənd), Müqavilə üzrə verilmiş kreditin müddətinin 28 may 2022 tarixədək uzadılması (1.1.3-cü bənd), Müqavilə üzrə kreditin illik faiz dərəcəsinin 25% təşkil etməsi (1.1.4-cü bənd) və Müqavilə üzrə əsas borc və faiz borc məbləğinin ödənilməsi üçün güzəşt müddətinin 6 ay təşkil etməsi (1.1.5-ci bənd) razılaşdırılmışdır. İş materiallarında olan “28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit müqaviləsi” üzrə imzalanmış 27 noyabr 2020-ci il tarixli “Əlavə Saziş 1”-dən görünür ki, məlum kreditin qaytarılması üçün 27 noyabr 2020-ci il tarixli Ödəniş Cədvəli tərtib olunmuşdur. X2 görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 və zamin Cavabdeh2 da imza etmişlər. X5 əsasən ödənişin son tarixi 28 may 2022-ci il müəyyən olunmuşdur. İş materiallarından görünür ki, 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə borc alan və borc verən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında da müvafiq olaraq 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Zaminlik Müqaviləsinə 22 may 2020-ci il tarixli “Əlavə Saziş 1”, 29 iyul 2020-ci il tarixli “Əlavə Saziş 1” və 27 noyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixinə borcverən İddiaçı ASC-yə 9209,82 manat məbləğində əsas borc, 3273,10 manat məbləğində faiz borcu və 824,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13307,41 manat məbləğində borcu olmuşdur (həmin Arayışdan görünür ki, əsas borc üzrə son ödəniş 27 yanvar 2022-ci ildə 300,50 manat məbləğində, faiz üzrə isə son ödəniş 29 iyun 2020-ci ildə 506 manat məbləğində edilmişdir). İş materiallarında olan 23 avqust 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsinin bitmə tarixi 28 may 2022-ci il olmaqla 23 avqust 2022-ci il tarixə borcverən İddiaçı ASC-yə 9209,82 manat məbləğində əsas borc, 23 avqust 2022-ci il tarixə 4000,74 manat məbləğində faiz borcu, kreditin bitmə tarixinə, yəni 28 may 2022-ci il tarixə isə 3476,29 manat məbləğində faiz borcu (Arayışın 16-cı qrafası), 2106,28 manat məbləğində cərimə borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 manat məbləğində faiz borcu vardır (həmin Arayışdan görünür ki, əsas borc üzrə son ödəniş 27 yanvar 2022-ci ildə 300,50 manat məbləğində, faiz üzrə isə son ödəniş 29 iyun 2020-ci ildə 506 manat məbləğində edilmişdir). Beləliklə, yuxarıda təsvir olunanlardan görünür ki, məlum Kredit müqaviləsi üzrə cəmi 10000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh1 23 avqust 2022-ci il tarixə 9209,82 manat məbləğində əsas borcu, 4000,74 manat məbləğində faiz borcu (kreditin bitmə tarixinə, yəni 28 may 2022-ci il tarixinə isə 3476,29 manat məbləğində faiz borcu), 2106,28 manat məbləğində cərimə borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zamin Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi və 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9209,82 manat məbləğində əsas borcun və kredit müqaviləsi üzrə 28 may 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 105,85 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın cavabdehlərdən “23 avqust 2022-ci il tarixədək hesablanmış 4000,74 (dörd min manat 74 qəpik) manat məbləğində faiz borcunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, eyni zamanda iddiaçının “kredit müqaviləsi üzrə 28 may 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 105,85 manat məbləğində faiz borcunun tutulması” tələbinin də təmin olunması nəzərə alınmaqla, “23 avqust 2022-ci il tarixədək hesablanmış 4000,74 manat məbləğində faiz borcu” deyil, cavabdehlərdən kreditin bitmə tarixinə, yəni 28 may 2022-ci il tarixə Müqavilədə nəzərdə tiutulan faiz dərəcəsi ilə hesablanmış 3476,29 (üç min dörd yüz yetmiş altı manat 29 qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, iş materiallarında olan 23 avqust 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunmuşdur ki, həmin arayışın 16-cı bəndində borcalan Cavabdeh1 28 noyabr 2019-cu il tarixli 4-MZ-2-0-1091-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin bitmə tarixinə, yəni 28 may 2022-ci il tarixə müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmış əsas faiz borc üzrə ödənilməmiş qalıq məbləği 3476,29 manat təşkil edir və ona görə də, cavabdehlərdən müştərək qaydada 3476,29 manat məbləğində faiz borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "2106,28 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 9209,82 manat məbləğində əsas borc, 3476,29 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 manat məbləğində faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 129,87 (yüz iyirmi doqquz manat 87 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 9209,82 (doqquz min iki yüz doqquz manat 82 qəpik) manat məbləğində əsas borc, 3476,29 (üç min dörd yüz yetmiş altı manat 29 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 (yüz beş manat 85 qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13491,96 (on üç min dörd yüz doxsan bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 129,87 (yüz iyirmi doqquz manat 87 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1426/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1426/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver