Məhkəmə qərarları › İş №e-2-2(119)-1429/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1429/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1429/2023 26.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı "Azerbaijan Ground Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Cavabdeh2 iştirakları ilə, İddiaçı "Azerbaijan Ground Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı borcu 3075 (üç min yetmiş beş) manat, cərimə borcu 126,75 (yüz iyirmi altı manat, yetmiş beş qəpik) manat olmaqla cəmi 3201,75 (üç min iki yüz bir manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən qismində çıxış edən iddiaçı ilə icarəçi qismində çıxış edən cavabdeh arasında qeyri-yaşayış obyektinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 16 mart 2020-ci il tarixli, 351 nömrəli icarə müqaviləsi bağlanılmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 2020-ci ilin mart ayı üçün 225 manat, sonrakı aylardan etibarən isə aylıq 450 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürsə də, öhdəliyi icra etməmiş, nəticədə müqavilə üzrə borc məbləği yaranmışdır. Bununla əlaqədar cavabdehin yaşadığı ünvana pretenziya məktubu göndərilməsinə, o cümlədən aralarında mediasiya prosesi keçirilməsinə baxmayaraq, öhdəlik icra edilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar iddiaçı ilə caavabdeh arasında 16 mart 2020-ci il tarixli, 351 nömrəli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı beynəlxalq və şəhərlərarası avtovağzal kompleksindəki ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 70 kv.metr ölçüsündə olan 2429 nömrəli qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməyi, cavabdeh isə iddiaçıya icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə cavabdeh hər ay kommunal və sair xərclər daxil olmamaqla, 2020-ci ilin mart ayı üçün 225 manat, 2020-ci ilin aprel ayından etibarən aylıq 450 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürsə də, buna riayət etməmişdir. İddiaçı təşkilatın rəhbərliyinin 30 noyabr 2021-ci il tarixli 456 nömrəli əmri ilə icarə müqaviləsinə, borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. Təqdim edilən 28 iyul 2023-cü il tarixli maliyyə arayışından da göründüyü kimi, sözügedən müqavilə üzrə 30 noyabr 2021-ci il tarixinə cavabdehin icarə haqqı borcu 3075 manat, hesablanmış cərimə borcu 126,75 manat olmaqla, cəmi borc 3201,75 manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən həmin məktuba münasibət bildirilməmişdir. Bundan sonra, mübahisənin mediasiya vasitəsilə həll edilməsinə cəhd olunsa da, bu, mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, müqavilə üzrə yaranmış 3075 manat məbləğində borc, hesablanmış 126.75 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3201.75 manat məbləğində pulun və 65 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, adına vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olduğu üçün iddiaçı ilə icarə müqaviləsini özü bağlamış, iddiaçıdan həmin müqavilə əsasında icarəyə götürdüyü qeyri-yaşayış obyektini Emin adlı dostu işlətmiş, birinci ayın icarə haqqı olan 225 manat müqavilə bağlanılan zaman iddiaçı təşkilatın xanım əməkdaşına, ikinci ayın icarə haqqı olan 450 manat isə kurator kimi tanıdığı Emil adlı şəxsə ödənilsə də, həmin məbləğlərin ödənilməsi barədə qəbz almadığından, onların ödənilməsini təsdiq edə bilmir. İcarə obyekti olan mağaza pandemiya ilə əlaqədar karantin rejimi elan edildiyi üçün sonradan fəaliyyət göstərməmiş və icarə haqqı ödənilməmişdir. Mediasiya sessiyası zamanı iddiaçının nümayəndəsi həmin dövrlərdə 8 ay mağazanın fəaliyyət göstərdiyini, borcun bununla əlaqədar yarandığını bildirmiş, o isə həmin borc barədə ona bildiriş çatmadığını qeyd etmişdir. Mağazalar fəaliyyətə başladıqdan sonra VÖEN bağlandığı üçün dostu həmin mağazanı işlədə bilməmiş, borc 3000 manat olduqdan sonra iddiaçı tərəfindən baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, iddiaçı tərəfindən cavabdehin icarəsinə verilmiş Bakı beynəlxalq avtovağzalında yerləşən mağazanı bir müddət işlətmiş, pandemiya dövründə icarə haqqı ödənişləri əlbəəl verilmiş, birinci dəfə özü tərəfindən 450 manat, sonra isə həmin məbləğin yarısı qədər cavabdeh tərəfindən Emil adlı kuratora ödəniş edilmişdir. Pandemiyadan sonra avtovağzalın Rövşən adlı əməkdaşı cavabdehin icarəsinə verilmiş mağazadan onu çıxarmış, o, avtovağzalda başqa mağazada işləməyə başlamış, iddiaçı ilə cavabdehin arasındakı müqavilənin qüvvədə olduğunu bilməmiş, əksinə cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsini bağlatdırdığı üçün müqaviləyə xitam verildiyini hesab etmişdir. Mağazanı faktiki o, işlətdiyi üçün borcu inkar etmir və maddi vəziyyəti ağır olduğu üçün aylıq 100 manat ödəniş etmək imkanı vardır. İş materiallarında olan 16 mart 2020-ci il tarixli, 351 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı beynəlxalq və şəhərlərarası avtovağzal kompleksindəki ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 70 m2 olan 2429 nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı, o cümlədən müqavilə və qanunvericilikdən irəli gələn digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.3-cü maddəsinə əsasən icarəçi icarə haqqını 5 gündən artıq gecikdirdikdə, qanunvericilik və müqavilədə nəzərdə tutulmuş məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla, 16 mart 2020-ci il tarixindən 225 (iki yüz iyirmi beş) manat (ƏDV daxil), həmin ilin aprel ayından isə aylıq 450 (dörd yüz əlli) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən təqvim ayının tam icarə haqqı həmin ayın 5-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. İcarəçi müqavilə bağlananda ilk ayın icarə haqqını öncədən ödəməlidir, habelə bir aylıq icarə haqqı məbləğində daimi saxlanan ödənişi etməlidir. İcarəçinin icarəyə verən qarşısında yaranan öhdəliklərini (cərimə, zərər və sairə) icarəyə verən həmin depozit hesabına təmin edə bilər. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini iradəsindən asılı olmayan müharibə, mülki ixtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə, tərəflər məsuliyyətdən azad edilir. Həmin Müqavilənin 6.4-cü maddəsinə əsasən əgər fors-major halları və şəraiti 3 (üç) ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu Müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərilməsi yolu ilə xitam oluna bilər. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır. Bu müqavilənin qüvvəyə minməsilə tərəflərin arasında olan əvvəlki bütün müqavilələrin və razılaşmaların qüvəsinə xitam verilir. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. Həmin Müqavilənin 7.2-ci maddəsinə əsasən hər iki tərəfin digər tərəfi 15 (on beş) gün əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. Bir tərəf bu müqavilə və ya qanunvericiliyin tələblərini pozarsa, digər tərəfin 7 (yeddi) gün öncədən xəbərdar etməklə, müqaviləyə birtərəfli xitam vermək hüququ var. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli “icarə müqaviləsinə xitam verilməsi üçün akt”da qeyd edilmişdir ki, icarəçinin icarəyə verənə 3075 manat borcu vardır və icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunan və baş direktor tərəfindən imzalanan 30 noyabr 2021-ci il tarixli 456 nömrəli icarə müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən Cavabdeh2 ilə "xxxx" MMC-nin arasında 70 m2 sahənin icarəsi haqqında bağlanmış 351 nömrəli 16 mart 2020-ci il tarixli icarə müqaviləsinə 30 noyabr 2021-ci il tarixindən etibarən müqavilənin 7.3-cü bəndinə müvafiq olaraq xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunmuş 28 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 30 noyabr 2021-ci il tarixinə icarəçinin icarəyə verənə icarə haqqı borcu 3075 (üç min yetmiş beş manat) manat, hesablanmış cərimə 126,75 (yüz iyirmi altı manat, yetmiş beş qəpik), cəmi borc 3201,75 (üç min iki yüz bir manat, yetmiş beş qəpik) təşkil edir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsindən görünür ki, hesablanmış aylıq icarə haqları borcları və onların cəmi aşağıdakı kimidir: 01 mart 2020-ci il tarixə 225 manat, xx.xx.2020-ci il tarixə 300 manat, xx.xx.2021-ci il tarixə 300 manat, xx.xx.2021-ci il tarixə 450 manat, xx.xx.2021-ci il tarixə 450 manat, xx.xx.2021-ci il tarixə 450 manat, xx.xx.2021-ci il tarixə 450 manat, xx.xx.2021-ci il tarixə 450 manat olmaqla cəmi 3075 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı "Azerbaijan Ground Services” MMC ilə Cavabdeh2 arasında 16 mart 2020-ci il tarixli, 351 nömrəli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı beynəlxalq və şəhərlərarası avtovağzal kompleksindəki ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 70 m2 olan 2429 nömrəli qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə versə də, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin yaşayış obyektinin icarəsi ilə əlaqədar aylıq icarə haqqını iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 3075 manat məbləğində icarə haqqı borcu və 126,75 məbləğində cərimə borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (16 mart 2020-ci il tarixli icarə müqaviləsi, 28 iyul 2023-cü il tarixli maliyyə arayışı, obyektin əməliyyat tarixçəsi) tam sübut olunur. Cavabdehin izahatında, o cümlədən onun vəsatəti əsasında ifadə verən şahidin ifadəsində birinci ay üçün 225 manat, ikinci ay üçün 450 manat məbləğlərində icarə haqlarının ödənilməsi barədə göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan məbləğlərin ödənilməsi barədə hər hansı təsdiqedici sənəd (ödəniş qəbzi, iltizam və s.) təqdim edilməmiş, eyni zamanda birinci ayın icarə haqqının ödənildiyi qeyd olunan “xanım əməkdaş”ın və ikinci ayın icarə haqqının ödənildiyi qeyd olunan “Emil” adlı şəxsin ad, soyad, ata adı və ya zahiri əlamətləri barədə məlumatlar məhkəməyə bildirilməmiş, sonuncunun barəsində, yalnız hazırda X1 yaşadığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, cavabdehin izahatında icarə obyekti olan mağazaların fəaliyyətinin məlum pandemiya ilə əlaqədar müəyyən müddət fasilədən sonra davam etməsi və həmin fasilə mddətindən sonra icarəyə götürdüyü mağazanın fəaliyyət göstərməməsi barədə göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla, iddiaçının təqdim etdiyi obyektin əməliyyat tarixçəsindən görünür ki, müqavilə üzrə icarə haqqı 2020-ci ilin mart və iyun, 2021-ci ilin isə iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları nəzərə alınmaqla hesablanmışdır. Digər tərəfdən, cavabdehin icarə müqaviləsinin 6.4-cü bəndi (əgər forsmajor halları və şəraiti 3 (üç) ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərilməsi yolu ilə xitam oluna bilər) və 7.2-ci (hər iki tərəfin digər tərəfi 15 (on beş) gün əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var) bəndlərinə əsasən müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olsa da, iddiaçıya icarə müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdehdən 16 mart 2020-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı borcu 3075 (üç min yetmiş beş) manat və cərimə olaraq 126,75 (yüz iyirmi altı manat, yetmiş beş qəpik) manat olmaqla cəmi 3201,75 (üç min iki yüz bir manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh2 16 mart 2020-ci il tarixli, 351 nömrəli icarə müqaviləsi üzrə yaranmış 3075 manat icarə haqqı borcu və 126,75 cərimə borcu olmaqla cəmi 3201,75 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, mediasiya xidməti ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 65 (altmış beş) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, cavabdehdən dövlət nəfinə 52,01 (əlli iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 16 mart 2020-ci il tarixli, 351 nömrəli icarə müqaviləsi üzrə 3075 (üç min yetmiş beş) manat məbləğində əsas borc, 126,75 (yüz iyirmi altı manat, yetmiş beş qəpik) manat məbləğində cərimə və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya haqqının əvəzi olmaqla, cəmi 3266,75 (üç min iki yüz altmış altı manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulsun. Cavabdeh2 dövlət nəfinə 52,01 (əlli iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar