Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1447/2025 21.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 2733,32 (iki min yeddi yüz otuz üç manat, otuz iki qəpik) manat məbləğində əsas bоrc, 245,04 (iki yüz qırx beş manat, dörd qəpik) manat məbləğində faiz bоrcu və 222,92 (iki yüz iyirmi iki manat, doxsan iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3201,28 (üç min iki yüz bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində bоrcun, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52,01 (əlli iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan xüsusi mülkiyyətli 194A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 3201,28 (üç min iki yüz bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52,01 (əlli iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (Cavabdeh1 MMC) iddiaçı ilə bağladığı 28 sentyabr 2021-ci il tarixli 003L**********05 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC iddiaçı ilə bağladığı 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 50000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 03 sentyabr 2024-cü il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 47266,68 manat ödəmiş, onun 2733,32 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 15 may 2025-ci il tarixə 254 gün üçün hesablanmış faiz borcu 245,04 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 15 may 2025-ci il tarixə 254 gün üçün hеsablanmış cərimə məbləği 222,92 manat təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3lə bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2lə iddiaçı arasında bağlanılmış 30 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan xüsusi mülkiyyətli 194 A nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı 20 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, kommersiya işi üzrə 20 avqust 2025-ci il tarixində yüklənmiş maliyyə arayışının cəmi borc hissəsində texniki yanlışlığa yol verilmiş, 2473,35 manat əvəzinə yanlışlıqla 247335 manat yazılmışdır. Hazırda cavabdehlərin 2473,35 manat borcu vardır. İddiaçı 19 yanvar 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 1133,32 (min yüz otuz üç manat, otuz iki qəpik) manat məbləğində əsas bоrc, 482,43 (dörd yüz səksən iki manat, qırx üç qəpik) manat məbləğində faiz bоrcu və 317,42 (üç yüz on yeddi manat, qırx iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1933,17 (ümin doqquz yüz otuz üç manat, on yeddi qəpik) manat məbləğində bоrcun, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52,01 (əlli iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan xüsusi mülkiyyətli 194A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 1933,17 (min doqquz yüz otuz üç manat, on yeddi qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52,01 (əlli iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 21 avqust və 28 avqust 2025-ci il tarixli iclaslarında iştirak etmiş Cavabdeh2 izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı təşkilata təxminən 1500-1600 manat məbləğində borcu vardır. İpoteka predmeti olan əmlakın ipoteka müqaviləsində nəzərdə tutulan qiymətə satışa çıxarılması ilə razılaşmır. İddiaçı ilə əlaqə saxlayaraq razılığa gəlməyə çalışsa da, hər hansı nəticə əldə edə bilməyi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh “BƏYAZ TƏBƏSSÜM“ MMC (Cavabdeh1 MMC) arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 003L**********05 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün ******* manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 28 sentyabr 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh “BƏYAZ TƏBƏSSÜM“ MMC (Cavabdeh1 MMC) arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 50000 manat olan krediti əsas vəsaitin artırılması məqsədilə aylıq 1,5 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 28 sentyabr 2021-ci il tarixli 003L**********05 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda bank hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 MMC-nin banka olan borcu üçün son ödəniş tarixi 01 oktyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 003S**********02 nömrəli, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 003S**********01 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə borc alan qismində “BƏYAZ TƏBƏSSÜM“ MMC (Cavabdeh1 MMC), ipoteka qoyan qismində Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan xüsusi mülkiyyətli 194A nömrəli fərdi yaşayış evini) 28 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində bağlanmış 003L**********05 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 97500 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evi fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 15 may 2025-ci il tarixli OUT-2025/05/15-203 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh “BƏYAZ TƏBƏSSÜM“ MMC-nin (Cavabdeh1 MMC-nin) 28 sentyabr 2021-ci il tarixli 003L**********05 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçıya 2733,32 manat məbləğində əsas bоrc, 245,04 manat məbləğində faiz borcu və 222,92 manat məbləğində cərimə оlmaqla, cəmi 3201,28 manat məbləğində borcu vardır. İş materiallarında olan 19 yanvar 2026-cı il tarixli OUT-2026/01/19-16 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh “BƏYAZ TƏBƏSSÜM“ MMC-nin (Cavabdeh1 MMC-nin) 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 1133,32 manat məbləğində əsas bоrc, 482,43 manat məbləğində faiz borcu və 317,42 manat məbləğində cərimə оlmaqla, cəmi 1933,17 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2025-ci il tarixli 0018/25 nömrəli məktubun məzmununda “Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli e-2-2(119)-1447/2025 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. İş üzrə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ikinci məhəllə, 194A ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmadığından mütəxəssis rəyi verilməsi mümkün olmamışdır. ..” qeyd edilərək məhkəmənin 15 sentyabr 2025-ci il tarixli e-2-2(l 19)-1447/2025 nömrəli qərardadı icra edilmədən geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 24 dekabr 2025-ci il tarixli 9/4475 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin 15 may 2025-ci il tarixə: əsas borc üzrə 2538,26 manat, faiz borcu üzrə 109,15 manat; 15 sentyabr 2025-ci il tarixə: əsas borc üzrə 1805,2 manat, faiz borcu üzrə 28,88 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına, həmçinin hesabdan çıxarış əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 MMC ("xxxx" MMC) arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 003L**********05 nömrəli uzunmüddətli kredit müqaviləsi, 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 24 dekabr 2025-ci il tarixli 9/4475 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə sözügedən kredit razılaşması üzrə 1133,32 manat məbləğində əsas borcun tutulması xahiş edilsə də, ekspert rəyində 15 sentyabr 2025-ci il tarixinə əsas borcun məbləği 1805,2 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədindən görünür ki, 15 sentyabr 2025-ci il tarixindən sonra cavabdeh tərəfindən iki dəfə: 16 oktyabr 2025-ci il tarixində 400 manat, 11 dekabr 2025-ci il tarixində 300 manat məbləğində olmaqla, cəmi 700 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 1105,2 (1805,2-700=1105,2) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən də 24 dekabr 2025-ci il tarixli 9/4475 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit razılaşması üzrə 28,88 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə sözügedən kredit razılaşması üzrə 482,43 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, ekspert rəyində faiz borcunun məbləği 28,88 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 28,88 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin (19 yanvar 2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilmiş iddia tələbinin) 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 317,42 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının 4.2.2-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 130 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ilə borc alan qismində “BƏYAZ TƏBƏSSÜM“ MMC (Cavabdeh1 MMC), ipoteka qoyan qismində Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 97500 manat təşkil edir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin 21 avqust 2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində qeyd edilən qiymətə satılmasına razı olmadığını bildirmişdir. Bu halı nəzərə alaraq, məhkəmənin 15 sentyabr 2025-ci il tarixli e- 2-2(l 19)-1447/2025 nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq tədqiqatının təyin edilməsi qərara alınmış və rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2025-ci il tarixli 0018/25 nömrəli məktubun məzmununda Sumqayıt şəhəri, Corat qəsəbəsi, ikinci məhəllə, 194A ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmadığından mütəxəssis rəyinin verilməsi mümkün olmadığı qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə 30 sentyabr 2021-ci il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinin 2.5-ci bəndini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evinın ilkin satış qiyməti dəyəri 97500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 52,01 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 52,01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 51,08 manat təşkil etdiyindən (2733,32 + 245,04 + 130 = 3108,36 həmin borcların bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas və faiz borcları, qətnamə ilə tutulması qət edilmiş cərimə məbləği nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 23 may 2025-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan 23 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2025-ci il tarixli 9/4475 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 1105,2 manat məbləğində əsas borc, 28,88 manat məbləğində faiz bоrcu, 130 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 36 manat məbləğində xidmət haqqının və 51,08 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1366,16 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 1366,16 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 1366,16 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 97500 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 1105,2 (min yüz beş manat, iyirmi qəpik) manat məbləğində əsas borc, 28,88 (iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 130 (yüz otuz) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və 51,08 (əlli bir manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1366,16 (min üç yüz altmış altı manat, on altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 tutulmalı olan cəmi 1366,16 (min üç yüz altmış altı manat, on altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 1366,16 (min üç yüz altmış altı manat, on altı qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 0,03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 162,5 kv.m olan 194A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 97500 (doxsan yeddi min beş yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1447/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1447/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver