Məhkəmə qərarları › İş №e-2-2(119)-1461/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1461/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1461/2023 13.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7555,72 manat əsas borc, 857,3 manat faiz borcu, 313,37 manat cərimə borcu olmaqla, cəmi 8762,32 manat borcun və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh4 arasında 18 yanvar 2022-ci tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya uyğun olaraq bağlanmış 23 avqust 2022-ci tarixli krеditin verilməsinə dair razılaşmanın şərtlərinin pozulması, eyni zamanda borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələri ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (VÖEN **********) arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli 4-MCR-1-60-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,5 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 23 avqust 2022-ci il tarixli 4-MCR-1-60-22/2 saylı kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh4 biznes məqsədilə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,92 % olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli 4-MCR-1-60-22/2 saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh4 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 23 fevral 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli Z/00640/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 18 yanvar 2022-ci il tarixli 4-MCR-1-60-22 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh4 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli Z/00641/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 18 yanvar 2022-ci il tarixli 4-MCR-1-60-22 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh4 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin Cavabdeh1 arasında bağlanmış 23 avqust 2022-ci il tarixli Z/13612/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 18 yanvar 2022-ci il tarixli 4-MCR-1-60-22 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh4 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqavilələrinin 2.1.1-ci bəndinə görə bu müqavilə ilə təmin edilmiş öhdəlik 100000 manat kredit limiti məbləğindən (qeyd edilən məbləğ bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı məbləğdən ibarətdir) ibarətdir. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 dekabr 2023-cü il tarixdə iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 23 avqust 2022-ci il tarixli 4-MCR-1- 60-22/2 saylı kreditin verilməsinə dair razılaşması üzrə 21 iyun 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7555,72 manat məbləğində əsas bоrc, 712,41 manat faiz və 205,12 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 8473,25 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə banka olan borcun ödənməsi ilə bağlı müvafiq qaydada xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün 7,62 (yeddi manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh4 (VÖEN: **********) 23 avqust 2022-ci il tarixli 4-MCR-1-60-22/2 saylı kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 23 avqust 2022-ci il tarixli 4-MCR-1-60-22/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə 7555,72 (yeddi min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin “857,3 manat məbləğində faiz bоrcunun“ tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 21 iyun 2023-cü il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, iddia tələbində iddiaçı tərəfindən “857,3 manat məbləğində faiz bоrcunun“ tutulması tələb olunsa da, 21 iyun 2023-cü il tarixli maliyyə arayışında faiz borcunun məbləği 712,41 manat qeyd edilmişdir. Buna görə məhkəmə hesab edir ki, sözügedən razılaşma üzrə 712,41 (yeddi yüz on iki manat qırx bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 yanvar 2022-ci il tarixli Z/00640/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3, 18 yanvar 2022-ci il tarixli Z/00641/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 23 avqust 2022-ci il tarixli Z/13612/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Süleymanlı (Sadıq) Günel Əli qızı zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “313,37 manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/02172 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 100 (yüz) manat məbləğində mediasiya xərci tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Süleymanlı (Sadıq) Günel Əli qızından müştərək qaydada 7555,72 (yeddi min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində əsas bоrc, 712,41 (yeddi yüz on iki manat qırx bir qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə ödənilmiş 7,62 (yeddi manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Bununla yanaşı, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 103,18 (yüz üç manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 95,56 (doxsan beş manat əlli altı qəpik) manat məbləğində (103,18 manat - 7,62 manat =95,56 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Süleymanlı (Sadıq) Günel Əli qızından müştərək qaydada 7555,72 (yeddi min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində əsas bоrc, 712,41 (yeddi yüz on iki manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 7,62 (yeddi manat altmış iki qəpik) manat məblində dövlət rüsumu olmaqla, cəmi 8425,75 (səkkiz min dörd yüz iyirmi beş manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Süleymanlı (Sadıq) Günel Əli qızından müştərək qaydada dövlət nəfinə 95,56 (doxsan beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar