Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1466/2024 16.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsinə qarşı verilmiş “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tenderin nəticələrinə dair qərarın və iddiaçının kənarlaşdırılması barədə qərarın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tenderin nəticələrinə dair qərarın və iddiaçının kənarlaşdırılması barədə qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şabran şəhəri ərazisində abadlıq işləri”nin və “Şabran şəhəri ərazisində yolların əsaslı təmiri işləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin nəticələrinə dair 04 iyul 2024-cü il tarixli qərarın və İddiaçı MMC-nin iddiaçılar siyahısından kənarlaşdırılmasına dair qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tenderin nəticələrinə dair qərarın və iddiaçının kənarlaşdırılması barədə qərarın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsi tərəfindən “Şabran şəhəri ərazisində abadlıq işləri”nin və “Şabran şəhəri ərazisində yolların əsaslı təmiri işləri”nin satın alınması məqsədilə açıq tender elan edilmiş və iddiaçı həmin tenderə qoşulmuşdur. İddiaçının bildirdiyinə əsasən, cavabdeh əsassız səbəb gətirməklə onu tenderdən kənarlaşdırmış və tenderin qalibi başqa bi təşkilat elan edilmişdir. Göründüyü kimi, iddiaçının verdiyi iddia tələbi - inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tenderin nəticələrinə dair qərarın və iddiaçının kənarlaşdırılması barədə qərarın etibarsız hesab edilməsidir. Həmin iddia tələbi üzrə cavabdeh isə iddia ərizəsinə əsasən, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqanların sırasına aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların sırasına şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) da aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icraedilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. Konstitusiya Məhkəməsi həmin qərarda, həmçinin göstərmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci, 3.1-ci və 4-cü bəndlərində qeyd olunur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün, ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə cavabdeh Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsi olduğundan, ona qarşı yönələn tələb - “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tenderin nəticələrinə dair və iddiaçının kənarlaşdırılması barədə qərarın etibarsız hesab edilməsi” tələbi həmin subyektin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyindən və onlar arasında mülki (öhdəlik) münasibətləri mövcud olmadığından hazırkı işə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil və bununla əlaqədar, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçılara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 153.2, 263-264 və maddələrini rəhbər tutub, QƏRARA A L D I M: İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsinə qarşı verilmiş “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tenderin nəticələrinə dair qərarın və iddiaçının kənarlaşdırılması barədə qərarın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1466/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1466/2024
16.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver