Məhkəmə qərarları › İş №e-2-2(119)-147/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-147/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-147/2025 29.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçılar Nümayəndə və İddiaçı2 tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun və dəymiş zərərin əvəzinin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun və dəymiş zərərin əvəzinin tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Quba rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 05 noyabr 2001-ci il tarixdə 1206 reyestr nömrəsi ilə qeydə alınmış, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən iddiaçılara məxsus binanın 80 kv.m. hissəsi ilə bağlı iş üzrə tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 1800 (min səkkiz yüz) manat məbləğində icarə haqqı və kommunal xərclərin, vitrin soyuducuya vurulmuş 1200 (min iki yüz) manat məbləğində, qab-qacaqlara və ət çəkən maşına vurulmuş 350 (üç yüz əlli) manat məbləğində, stol-stullara vurulmuş 460 (dörd yüz altmış) manat məbləğində zərərin əvəzi və icarə obyektinin divarlarının rənglənməsi və təmiri üçün çəkilməli olan 350 (üç yüz əlli) manat məbləğində zərərin əvəzi olmaqla, cəmi 4160 (dörd min yüz altmış) manat məbləğində pulun, 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin əvəzinin iş üzrə cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 05 noyabr 2001-ci il tarixdə 1206 reyestr nömrəsi ilə qeydə alınmış Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən iki mərtəbəli, birinci mərtəbəsi ticarət otaqları, ikinci mərtəbəsi 15 yaşayış otağından ibarət yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Qeyd edilən əmlakın 80 kv.m. hissəsi iş üzrə Cavabdeh icarəyə verilmişdir. Bununla bağlı cavabdehlə 01 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 3-cü, 4-cü və 10-cu bəndlərinə əsasən icarə müddəti 01 sentyabr 2027-ci il tarixədək, icarə haqqı aylıq 200 manat məbləğində müəyyən edilmiş, eyni zamanda kommunal xidmətlərdən istifadə edilməsinə görə haqların icarəçi tərəfindən ödənilməsi qeyd edilmişdir. İş üzrə cavabdehə icarəyə verilmiş obyekt yeməkxana (kafe) olmuş və cavabdehə obyekt icarəyə verilərkən yeməkxana (kafe) fəaliyyəti üçün lazım olan bütün avadanlıqlarla birlikdə icarəyə verilmişdir. Bununla bağlı cavabdehlə təhvil-təslim aktı da imzalanmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməməyə, icarə haqqını və kommunal ödənişləri vaxtlı-vaxtında ödəməməyə başlamışdır. Ona görə də onun 01 iyul 2024-cü il tarixə qədər icarə haqqına və kommunal ödənişlərə görə 1800 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə obyektdə olan və cavabdehin istifadəsinə işlək vəziyyətdə verilmiş 1200 manat dəyərində vitrin soyuducu da cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır. Eyni zamanda cavabdehin istifadəsinə verilmiş iddiaçılara məxsus çoxsaylı qab-qacaq sındırılmış, ət çəkən maşın yararsız hala salınmış və bunun nəticəsində 350 manat dəyərində ziyan dəymişdir. Cavabdehin istifadəsinə verilmiş təzə stol və stulların sındırılması və hətta yoxa çıxması nəticəsində 460 manat dəyərində ziyan dəymişdir. Eyni zamanda cavabdehin icarəsində olduğu müddətdə xidməti otaqlarda olan divanlar sıradan çıxmış, otaqların yenidən təmir olunması ilə bağlı 350 manat məbləğində vəsait tələb olunmuşdur. Cavabdeh ilk öncə həmin pulu ödəyəcəyini və bunun üçün pul əldə etmək adı ilə Xaçmaz rayonuna getdiyini bildirsə də, sonradan hər hansı ödəniş etməyəcəyini bildirmişdir. Göründüyü kimi cavabdehlə məhkəmədənkənar qaydada aparılan danışıqlar hansısa nəticə verməmişdir. İş üzrə cavabdehin vurduğu zərərin ümumi məbləği 4160 manat təşkil edir. İddiaçılara dəymiş ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyi üçün onun tərəfindən də ödənilməlidir. İddiaçı Nümayəndəsi 21 fevral 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə iddia predmetini təşkil edən soyuducuya, ətçəkən maşına və divarların yararsız hala salınmasına görə qiymətləndirilmənin aparılması üçün məhkəmə ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli e-2-2(119)-147/2025 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçı Nümayəndəsi 29 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək ekspertin rəyinə əsasən ekspert qarşısında qoyulan sualların cavablandırılması mümkün olmadığından həmin sualların cavablandırılması üçün eyni sualların qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 28 dekabr 2024-cü il, 05 fevral 2025-ci il və 03 mart 2025-ci il tarixli iclaslarında iştirak etmiş iddiaçı Nümayəndəsi izahatlarında bildirmişdir ki, 31 yanvar 2022ci il tarixdə icarə obyekti cavabdehə təhvil verilərkən obyektdə olan əşyalar barədə məlumatlar məhkəməyə təqdim edilmiş dəftərdə əks edilmişdir. Həmin dəftərin yalnız birinci vərəqi hazırkı iş üzrə sübut əhəmiyyəti daşıyır. Cavabdeh hazırda icarə obyektində fəaliyyət göstərmir. İcarə müqaviləsi 09 iyun 2024-cü il tarixində iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixə qədər olan 9 ay ərzində icarə haqqı ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş tərəflərin apardığı danışıqların qeydə alındığı diskdə cavabdeh özü 31 iyul 2024-cü ilə qədər olan ümumi borcunun 1800 manat məbləğində olduğunu etiraf edir. Həmin tarixdən 2 gün sonra cavabdeh icarə obyektini təhvil vermişdir. Sözügedən 1800 manat məbləğində olan borca kommunal xərclər də daxildir. İddiaçı tərəfindən obyektdə olan əşyalara xeyli məbləğdə xərc çəkilmişdir. Çəkilmiş xərclərlə bağlı hər hansı qəbz yoxdur, təmir işləri şifahi podrat müqaviləsinə əsasən həyata keçirildiyindən həmin məbləğləri təsdiq edən şahid iclasa dəvət edilə bilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan icarəyə verən qismində iddiaçılar Nümayəndə və İddiaçı2 ilə icarəçi qismində Cavabdeh arasında bağlanılmış 01 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 532.4 kv.m., yaşayış sahəsi 172.8 kv.m olan 15 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçılara məxsus hissəsindən 80 kv.m. hissəsini icarəçi (cavabdeh) Cavabdeh icarəyə verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti 01 sentyabr 2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, icarəyə götürən Cavabdeh icarəyə verən Nümayəndə aylıq 200 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 9-cu bəndinə əsasən, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilir. Həmin müqavilənin 10-cu bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqları o cümlədən vergi haqqları icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin son səhifəsində “Anti-sanitariya şəraitində işlədiyi üçün işin öhdəsindən və borcu ödəmədiyi üçün müqavilə 09 iyul 2024-cü ildən bizim tərəfimizdən ləğv edilmiş” qeyd edilərək iddiaçıların imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan 05 noyabr 2001-ci il tarixdə 1206a reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən iki mərtəbəli bina: birinci mərtəbəsi ticarət otaqları (ümumi sahəsi 273.3 kv.m.) ikinci mərtəbəsi 15 yaşayış otağı (ümumi sahəsi 259.1 kv.m), yaşayış sahəsi-172.8 kv.m ibarət yaşayış evi Nümayəndə və İddiaçı2 adlarına Quba rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi (Quba RDTİ və MHQİ) tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 30 iyun 2025-ci il tarixli 9/2188 nömrəli ekspert rəyinin nəticə hissəsində “Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, cızıqlar və sair) mövcud olan, “GEEPAS” markalı, “GMG746” model ətçəkən maşını elektrik cərəyanına qoşduqda işlək vəziyyətdə olmadığı müəyyən edildi. Həmin ətçəkən maşının hansı səbəbdən işlək vəziyyətdə olmamasının müəyyən edilməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Ətçəkən maşının hansı səbəbdən işlək vəziyyətdə olmamasının müəyyən edilməsi müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də həmin ətçəkən maşına dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, cızıqlar və sair) mövcud olan, 1,5 x 1,20 x 0,65 metr ölçülü, üç qapılı, şüşəsi oval formalı, gücü 2 kVt olan, üzərində markalanma göstəriciləri olmayan vitrin soyuducunu elektrik cərəyanına qoşduqda işlək vəziyyətdə olduğu müəyyən edildi. Həmin vitrin soyuducu hal-hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdədir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 01 iyul 2025-ci il tarixli 10/2464 nömrəli ekspert rəyinin nəticə hissəsində “Quba şəhəri, 22-ci məhəllədə yerləşən, Nümayəndə məxsus qeyri-yaşayış sahəsinin sahəsi 23.4 kv.metr olan tikilisi üzrə divarlarda boya qatının üzərində hisslənmə izlərinin olduğu müəyyən edilmişdir. Dəymiş zərərin müddətinin müəyyən edilməsi ilə bağlı hər-hansı bir metodika olmadığından, divarlarda yaranmış qüsurların hansı müddətə təsadüf etməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Aparılmış təmir xərclərinin və dəymiş zərərin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir” qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki səs yazıları məhkəmə iclasında dinlənilmişdir. Səs yazıları dinlənilərkən aydın olur ki, borcu tələb edən iddiaçı Nümayəndə qalıq borcun 31 iyul 2024-cü il tarixinə qədər 1800 manat olduğunu bildirmiş, qarşı tərəf bununla bağlı hər hansı etiraz irəli sürməyərək təsdiq etmişdir. İş materiallarına, həmçinin fotoşəkillər, qeydlər yazılmış dəftər əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçılar Nümayəndə və İddiaçı2 ilə Cavabdeh arasında 01 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 532.4 kv.m., yaşayış sahəsi 172.8 kv.m olan 15 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçılara məxsus hissəsindən 80 kv.m. hissə cavabdehin icarəsinə verilmiş, lakin cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar müqavilə ilə razılaşdırılmış aylıq icarə haqlarını tam olaraq iddiaçılara ödəməmiş, nəticədə onun iddiaçılara icarə haqqı borcu yaranmışdır. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilə 01 sentyabr 2027-ci il tarixədək bağlansa da, iddiaçılar 09 iyul 2024-cü il tarixindən etibarən həmin müqaviləni birtərəfli qaydada ləğv etmişdirlər. İş materiallarına əlavə edilmiş diskdəki səs yazıları və iddiaçı Nümayəndəsinin izahatları ilə cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni 09 iyul 2024-cü il tarixinə 1800 manat məbləğində borcunun olduğu təsdiqlənməkdədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 1800 manat məbləğində icarə haqqı borcu iddiaçıların xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “vitrin soyuducuya vurulmuş 1200 manat məbləğində, qab-qacaqlara və ətçəkən maşına vurulmuş 350 manat məbləğində, stol-stullara vurulmuş 460 manat məbləğində zərərin, icarə obyektinin divarlarının rənglənməsi və təmiri üçün çəkilməli olan 350 manat məbləğində zərərin əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 30 iyun 2025-ci il tarixli 9/2188 nömrəli ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş ətçəkən maşının elektrik cərəyanına qoşduqda işlək vəziyyətdə olmadığının müəyyən edildiyi, lakin həmin ətçəkən maşının hansı səbəbdən işlək vəziyyətdə olmamasının müəyyən edilməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı, vitrin soyuducunun isə elektrik cərəyanına qoşduqda işlək vəziyyətdə olduğunun müəyyən edildiyi və həmin vitrin soyuducunun təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 01 iyul 2025-ci il tarixli 10/2464 nömrəli ekspert rəyində icarə obyektinin divarlarında boya qatının üzərində hisslənmə izlərinin olduğunun müəyyən edildiyi, dəymiş zərərin müddətinin müəyyən edilməsi ilə bağlı hər-hansı bir metodika olmadığından, divarlarda yaranmış qüsurların hansı müddətə təsadüf etməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadığı qeyd edilmişdir. Təqdim edilmiş ekspert rəylərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən əşyalara vurulan zərərin, məhz tərəflər arasında olan icarə münasibətləri müddətində yarandığını və həmin zərərin bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq edən hər hansısa təsdiqedici sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda vurulması iddia edilən zərərin, məhz icarə münasibətləri dövründə cavabdeh tərəfindən vurulmasının müəyyən edilməsi ekspertiza tədqiqatının gedişində praktiki cəhətdən mümkün olmamışdır. İddiaçı Nümayəndəsinin ekspert qarşısında qoyulan sualların cavablandırılması mümkün olmadığından həmin sualların cavablandırılması üçün eyni sualların qiymətləndiriciyə göndərilməsi barədə 29 iyul 2025-ci il tarixli ərizəsinə münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsində qeyd edilən əşyalara tərəflər arasında davam edən icarə münasibətləri çərçivəsində və müddətində, məhz cavabdehin təqsirli hərəkətləri ucbatından zərər dəydiyini təsdiq edən hansısa sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi dəymiş zərərin məbləğinin məhz iddia ərizəsində qeyd edilən məbləğdə olduğunu təsdiq edən şahidləri məhkəmə iclasına dəvət edəcəyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansısa ərizə və ya vəsatət ünvanlanmamış, eyni zamanda hər hansı şahid məhkəməyə dəvət olunaraq dindirilməsi faktiki olaraq təklif edilməmişdir. Eyni zamanda hazırkı iş üzrə 5 hazırlıq iclasının və 3 məhkəmə baxışı iclasının keçirildiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, dəymiş zərərin məbləğini təsdiq edə biləcək hər hansı sübutun (mütəxəssis rəyinin, hesabatın və s.) məhkəməyə təqdim edilməsi üçün kifayət qədər imkan mövcud olsa da, bu barədə hansısa sənəd təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsaslı deyildir və təmin edilə bilməz. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş iddiaçı Nümayəndə ilə vəkil arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli 472 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 manat məbləğində müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bunlardan əlavə, iş materiallarında olan 04 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət edilən zaman 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 38 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2025-ci il tarixli 9/2188 nömrəli və 01 iyul 2025-ci il tarixli 10/2464 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri, ümumilikdə 150 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1800 manat məbləğində icarə haqqı borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqının və 38 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1938 manat məbləğində pul vəsaiti iddiaçıların xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdеhdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1938 (min doqquz yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti iddiaçılar Nümayəndə və İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar