Məhkəmə qərarları › İş №e-2-2(119)-1470/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1470/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1470/2022 26.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh6nə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh8, Cavabdeh1, Nümayəndə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh6nə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh8, Cavabdeh1, Nümayəndə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh6nə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh8, Cavabdeh1, Nümayəndə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə işlərin Kommersiya Məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş və Cavabdeh2 “kredit borcunun ödənilməsi” tələbinin əsaslandırıldığı 24 aprel 2019-cu il tarixli NRAVT-0412 nömrəli kredit müqaviləsindən görünür ki, hazırkı iddia ərizəsi ilə Cavabdeh2 tələb edilən borc məbləği Cavabdeh2 (borc alan) sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kreditlə əlaqədar deyil, “şəxsi istehlak” xarakterli kreditlə əlaqədar yaranmış borcdur. Çünki, 24 aprel 2019-cu il tarixli NRAVT-0412 nömrəli kredit müqaviləsinin 1.4-cü bəndi ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 kredit (borc pul vəsaiti) “istehlak (avtomobil krediti)” məqsədi ilə verilmişdir. Yəni, “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, Cavabdeh2 hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu - ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “şəxsi istehlak” məqsədi ilə verilən kreditə görə yaranan borcdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsində Cavabdeh2 24 aprel 2019-cu il tarixli NRAVT-0412 nömrəli kredit müqaviləsi üzrə tələb olunan borca məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır. Yəni, Cavabdeh2 “borcun tutulması” barədə verilmiş tələbə digər Cavabdeh6ndən başqa bir kredit müqaviləsinə görə verilən “borcun tutulması” barədə iddia tələbi ilə birlikdə və bir icraatda olmaqla Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iş üzrə mübahisə predmeti olan Cavabdeh6 ilə bağlanmış kredit müqaviləsi üzrə zamin olan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh8 və Cavabdeh4 (ipoteka qoyan) ilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə, ilkin mediasiya sessiyası keçirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.3-cü bəndinə əsasən, mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinin tələblərinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, hazırkı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş) sənədlərlə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına Mülki- Prosessual Məcəllədə nəzərdə tutulan qaydada riayət etməsi təsdiq olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək tərəflər arasında yaranmış mübahisə üzrə “pretenziya” məktubunun cavabdehlərə Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan qaydada çatdırılması barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - ilk növbədə, mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh6nə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh8, Cavabdeh1, Nümayəndə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar