Məhkəmə qərarları › İş №e-2-2(119)-1475/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1475/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1475/2025 03.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5511,94 (beş min beş yüz on bir manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc, 3967,08 (üç min doqquz yüz altmış yeddi manat, səkkiz qəpik) manat məbləğində faiz borcu, 3474,67 (üç min dörd yüz yetmiş dörd manat, altmış yeddi qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 803,88 (səkkiz yüz üç manat, səksən səkkiz qəpiki) manat məbləğində faiz borcu və iş üzrə ödənilmiş 131,27 (yüz otuz bir manat, iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəznin cavabehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş Saziş üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2la və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin hazırkı iddia tələbi üzrə digər Cavabdeh1la mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, iddia ərizəsini qismən - əsas borc məbləği hissəsində qəbul edir. Dəfələrlə iddiaçı təşkilatın ona məlum olan ünvanlarına müraciət etmiş, bankın əməkdaşlarına aid olduğu qeyd edilən nömrələrə zənglər etmiş, lakin hər hansı formada əlaqə yarada bilməmişdir. Onun əsas borcu tam şəkildə ödəmək niyyəti olmuşdur. Bununla bağlı Əmanətlərin Sığortalanması Fonduna da müraciət etmiş, lakin Fondun əməkdaşı 2025-ci ilədək gözləməli olduğunu, 2025-ci ildə məhkəmədə müvafiq məsələnin həll ediləcəyini bildirmişdir. Cavabdeh2 məhkəmədən əsas borcdan başqa digər borcların nəzərə alınmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Zaminlik üzrə öhdəliyinin vaxtı bitmişdir. Belə ki, ona qarşı öhdəliklərin icrası ilə bağlı müddət bitdikdən sonra 1 il ərzində iddia qaldırılmadığından, hazırda ona qarşı iddia qaldırılması yolverilməzdir. Cavabdeh1 məhkəmədən zamin kimi öhdəliyinə xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor (İddiaçı ASC) borcalana (Cavabdeh2) 10000 manat məbləğində kredit verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borcalan kreditora illik 21,5 faiz dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 23,648 faiz təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 43 faiz dərəcəsilə, aylıq isə 3,58 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödənilən günə İddiaçı ASC-nin nağd valyutanın alğısatqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə konvertasiya edilərək borcun ödənilməsinə yönəldilir. Həmin müqavilənin 4.4.2-ci yarımbəndinə əsasən, ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək borcalanın vəzifəsidir. İş materiallarında olan 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 09 oktyabr 2017-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı və Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 390012363/ZM nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 5.1.4-cü yarımbəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia sürmədiyi halda xitam verilir. İş materiallarında olan 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 03 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə sazişin 1.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 7464,56 manat məbləğində təşkil edir. Borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığının tərkibini 5789,83 bəndinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 7464,56 manat məbləğində əsas borc, 1226,67 manat məbləğində faiz borcu, 439,06 manat məbləğində cərimə təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 03 avqust 2022-ci il tarixədək təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, cavabdehin son ödəmə tarixi 03 avqust 2022-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 09 oktyabr 2015-ci il tarixli 390012363/ZM nömrəli zaminlik müqaviləsinə 03 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə sazişin 1.1 bəndinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 7464,56 manat məbləğində təşkil edir. Borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığının tərkibini 5789,83 bəndinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 7464,56 manat məbləğində əsas borc, 1226,67 manat məbləğində faiz borcu, 439,06 manat məbləğində cərimə təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 03 avqust 2022-ci il tarixədək təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, cavabdehin son ödəmə tarixi 03 avqust 2022-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 13 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 iddiaçıya 12 iyun 2025-ci il tarixinə 5511,94 manat məbləğində əsas borc, 3967,08 manat məbləğində faiz borcu, 3474,67 manat məbləğində cərimə, 803,88 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcu vardır. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” sənədindən görünür ki, Cavabdeh2 restrukturizasiya təklif olunan kredit borcu 5511,94 manat məbləğində təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 03 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə saziş üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 09 oktyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 03 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə saziş üzrə 5511,94 manat məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin 3967,08 manat məbləğində faiz borcu, 3474,67 manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 803,88 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, Cavabdeh2 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun 5511,94 manat məbləğində olduğu qeyd edilmişdir. Buna görə də, iddia tələbinin müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə digər Cavabdeh1 mülki məsuliyyəti ilə bağlı qeyd edir ki ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, kredit müqaviləsi və zaminlik müqaviləsi 09 oktyabr 2015-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsi və ona əlavə edilmiş sazişlə restrukturizasiya edilmiş kreditin müddəti 03 avqust 2022-ci il tarixədək uzadılmışdır. Yuxarıda istinad edilmiş 09 oktyabr 2015-ci il tarixli 390012363/ZM nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü yarımbəndində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia sürmədiyi halda xitam verildiyi qeyd edilmişdir. 09 oktyabr 2015-ci il tarixli 390012363/ZM nömrəli zaminlik müqaviləsinə 03 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə sazişlə zaminin maddi məsuliyyətinin müddəti 03 avqust 2022-ci il tarixədək uzadılmışdır. Lakin iddiaçı müqavilə üzrə öhdəliyin icra müddətindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni 31 iyul 2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər Cavabdeh1 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Bunlardan əlavə, iddia tələbinin 131,27 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 31 iyul 2025-ci il tarixli **********23 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 131,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 75,11 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 5511,94 manat məbləğində əsas borc və 75,11 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5587,05 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 5511,94 (beş min beş yüz on bir manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc və 75,11 (yetmiş beş manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5587,05 (beş min beş yüz səksən yeddi manat, beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı X2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar