Məhkəmə qərarları › İş №e-2-2(119)-1525/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1525/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1525/2023 25.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7909,84 manat əsas borcun, 763,31 manat faiz borcunun, 146,06 manat cərimənin, 8,20 manat ödənilmiş dövlət rüsumunun və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə həmin tələb borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmanın şərtlərinin pozulması, eyni zamanda borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış zaminlik müqavilələri ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış 19 iyul 2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən kreditverən Cavabdeh3 10000 (on min) manat məbləğdə və illik faiz dərəcəsi 22 (iyirmi iki) % olmaqla, xx.xx.2024-cü il tarixədək, 0 (sıfır) ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir. Müştəri (borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi 23,1 %-dir. Həmin razılaşmanın 6-cı bəndinə görə borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cərimə ödəyir. İş materiallarında olan Cavabdeh3 ilə bağlanmış 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh3 banka olan borcunun müvafiq qrafikə əsasən son ödəniş tarixi 19 iyul 2024-cü il olmaqla aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli 9FİZAM150311102 nömrəli zaminlik müqaviləsinə əsasən 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borclunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh2 borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh4 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli 9FİZAM151423701 nömrəli zaminlik müqaviləsinə əsasən 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borclunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh4 borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh5 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli 9FİZAM150308701 nömrəli zaminlik müqaviləsinə əsasən 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borclunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh5 borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 22 iyul 2022-ci il tarixli 9FİZAM151423201 nömrəli zaminlik müqaviləsinə əsasən 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borclunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh1 borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından göstərilir ki, 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borcalan Cavabdeh3 27 sentyabr 2023-cü il tarixə borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7909,84 manat məbləğində əsas bоrc, 763,31 manat məbləğində faiz borcu və 147,06 manat məbləğində cərimə оlmaqla, cəmi 8820,21 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehlərə 12 sentyabr 2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş və 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə borcalan Cavabdeh3 12 sentyabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 7909,84 manat məbləğində əsas bоrc, 763,31 manat məbləğində faiz borcu və 147,06 manat məbləğində cərimə оlmaqla, cəmi 8820,21 manat məbləğində borcunun ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 8,20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, borcalan Cavabdeh3 (VÖEN **********) 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyul 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 7909,84 (yeddi min doqquz yüz doqquz manat səksən dörd qəpik) manat məbləğində əsas bоrc və 763,31 (yeddi yüz altmış üç manat otuz bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 iyul 2022-ci il tarixli 9FİZAM150311102 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, 19 iyul 2022-ci il tarixli 9FİZAM151423701 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, 19 iyul 2022-ci il tarixli 9FİZAM150308701 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 və 22 iyul 2022-ci il tarixli 9FİZAM151423201 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "146,06 manat (yüz qırx altı manat altı qəpik) məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada cəmi 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddianın 100 (yüz) manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın 8,20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 8,20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 7909,84 (yeddi min doqquz yüz doqquz manat səksən dörd qəpik) manat məbləğində əsas bоrc, 763,31 (yeddi yüz altmış üç manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 8,20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8831,35 (səkkiz min səkkiz yüz otuz bir manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 107,23 (yüz yeddi manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 99,03 (doxsan doqquz manat üç qəpik) manat məbləğində (107,23 manat – 8,20 manat = 99,03 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 7909,84 (yeddi min doqquz yüz doqquz manat səksən dörd qəpik) manat məbləğində əsas bоrc, 763,31 (yeddi yüz altmış üç manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 8,20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8831,35 (səkkiz min səkkiz yüz otuz bir manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada dövlət nəfinə 99,03 (doxsan doqquz manat üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar