Məhkəmə qərarları › İş №e-2-2(119)-153/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-153/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-153/2025 08.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1ylə aralarında bağlanmış 11 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7594,29 (yeddi min beş yüz doxsan dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 621,26 (altı yüz iyirmi bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 82,76 (səksən iki manat, yetmiş altı qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 8298,31 (səkkiz min iki yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaitinin və 103 (yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 11 may 2023-cü il tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh1 ilə və bağlanmış zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh2 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh1 21 noyabr 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, iddianın əsassız olduğunu, bankla aralarında bağlanmış kredit müqaviləsinin müddətinin 11 noyabr 2025-ci il tarixdə başa çatmasına baxmayaraq vaxtından əvvəl verildiyi üçün iddianın rədd edilməli olduğunu, iddia ərizəsində göstərilən borc məbləğlərini qəbul etmədiyini, hazırkı vaxtadək 5000 manatdan çox ödənişlər etməsinə baxmayaraq 7594,29 manat məbləğində əsas borc, 621,26 manat məbləğində faiz borcu tələb edilməsinin tamamilə əsassız olduğunu bildirmiş və onun iştirakı ilə məhkəmə iclaslarının keçirilməsini və tələb olunan əsas və faiz borcu məbləğlərinin düzgünlüyünün müvafiq ekspertiza təyin edilməklə yoxlanılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2030/2024 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş vəsatət nəzərə alınaraq e- 2-2(119)-2030/2024 nömrəli (yeni nömrə: e-2-2(119)-153/2025) kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı 07 may 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borc alana (Cavabdeh1) əsas vəsaitlərin artırılması məqsədilə 11000 (on bir min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 30 (otuz) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 11000 manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 22% (iyirmi üç) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 23% təşkil edir. Həmin müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən, əgər borcalan bu müqavilənin 2.2ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borcverən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borcalan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan “Kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan 11 may 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 10777 manat məbləğində kredit nağd qaydada verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1nın banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 11 noyabr 2025-ci il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı ilə digər cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 11 may 2023 tarixli sm6367 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli RB-02/PK-5391 nömrəli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1nın 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə 25 oktyabr 2024-cü il tarixinə iddiaçıya 7594,29 manat məbləğində əsas bоrc, 621,26 manat məbləğində faiz borcu və 82,76 manat məbləğində cərimə оlmaqla, cəmi 8298,31 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 10 aprel 2025-ci il tarixli 9/1420 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçıya 25 oktyabr 2024-cü il tarixə olan borcu: əsas borc üzrə 7590,44 manat, faiz borcu üzrə 616,93 manat, 30 yanvar 2025-ci il tarixə olan borcu: əsas borc üzrə 7590,44 manat, faiz borcu üzrə 1057,6 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 22 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqaviləsilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 də iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcun məbləği müəyyən edilərkən 10 aprel 2025-ci il tarixli 9/1420 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 7590,44 manat məbləğində əsas borc, 616,93 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 7594,29 manat məbləğində əsas borc, 621,26 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 10 aprel 2025-ci il tarixli ekspert rəyində əsas borcun məbləği 7590,44 manat, faiz borcunun məbləği 616,93 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 7590,44 manat məbləğində əsas borc, 616,93 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 82,76 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 6.2-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 103 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 103 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 102,9 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 9/1420 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7590,44 manat məbləğində əsas bоrc, 616,93 manat məbləğində faiz borcu, 82,76 manat məbləğində cərimə və 102,9 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8393,03 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7590,44 (yeddi min beş yüz doxsan manat, qırx dörd qəpik) manat məbləğində əsas borc, 616,93 (altı yüz on altı manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu, 82,76 (səksən iki manat, yetmiş altı qəpik) manat məbləğində cərimə, 102,9 (yüz iki manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8393,03 (səkkiz min üç yüz doxsan üç manat, üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar