Məhkəmə qərarları › İş №e-2-2(119)-1532/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1532/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1532/2025 19.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 9862,53 (doqquz min səkkiz yüz altmış iki manat, əlli üç qəpik) manat məbləğində əsas borc, 2482,56 (iki min dörd yüz səksən iki manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 1247,07 (min iki yüz qırx yeddi manat, yeddi qəpik) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə hesablanmış 331,65 (üç yüz otuz bir manat, altmış beş qəpik) manat məbləğində faiz borcu (əldən çıxmış fayda) olmaqla, cəmi 13923,81 (on üç min doqquz yüz iyirmi üç manat, səksən bir qəpik) manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 131,77 (yüz otuz bir manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, iddiaçı tərəfindən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. 15 sentyabr 2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən, Cavabdeh2 iddiaçıdan illik 19% olmaqla 36 ay müddətinə 35000 manat məbləğində kredit götürmüşdür. 14 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq həmin tarixdə Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 18 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışı iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli 20-MCR-1-85-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, həmin cavabdehə 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli 20-MCR-1-85-21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən, iddiaçı tərəfindən Cavabdeh2 biznes məqsədilə 19 % dərəcəsi ilə 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Cərimə” bölməsində cərimə məbləğinin illik 72 faiz olduğu qeyd edilmişdir. Həmin müqavilənin “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 15 sentyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh3 arasında bağlanmış 14 sentyabr 2021-ci il tariхli Z/07950/21 nömrəli, iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış eyni tariхli Z/07951/21 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, müqavilələrin predmeti 14 sentyabr 2021-ci il tarixli 20-MCR-1-85-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz üzərilərinə götürmələridir. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 9862,53 manat məbləğində əsas, 2482,56 manat məbləğində faiz borcu vardır və 4988,26 manat məbləğində cərimə və 331,65 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında 15 sentyabr 2021-ci il tarixli 20-MCR-1-85-21/1 nömrəli kredit verilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı tərəfindən Cavabdeh2 19 % dərəcəsi ilə 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh2 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh1 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 15 sentyabr 2021-ci il tarixli 20-MCR- 1-85-21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən, cavabdehlərdən müştərək qaydada 9862,53 manat məbləğində əsas bоrc və 2482,56 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 1247,07 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış razılaşmada öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi (kredit limitinin ayrılmasına dair razılaşmanın “Cərimə” bölməsi) nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, 1247,07 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 494 manat dolları məbləğində cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin 15 sentyabr 2024-cü il tarixdən 20 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faizlə hesablanmış 331,65 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə Mülki Məcəllənin yuxarıda istinad edilmiş 445.7-ci maddəsinin tələbini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilmiş vaxt üçün göstərilən məbləğdə faiz borcunu tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, iddia tələbinin 131,77 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 131,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 129,51 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdeh Tahir Qədirovdan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 9862,53 manat məbləğində əsas borc, 2482,56 manat məbləğində faiz borcu, 494 manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 331,65 manat məbləğində faiz borcu, 129,51 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13300,25 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 15 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9862,53 (doqquz min səkkiz yüz altmış iki manat, əlli üç qəpik) manat məbləğində əsas borc, 2482,56 (iki min dörd yüz səksən iki manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 494 (dörd yüz qırx doxsan dörd) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 331,65 (üç yüz otuz bir manat, altmış beş qəpik) manat məbləğində faiz borcu, 129,51 (yüz iyirmi doqquz manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13300,25 (on üç min üç yüz manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar