Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1533/2024 04.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı 21 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan, 100 (yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, X1 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə 18 iyul 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, nəqliyyat vasitəsi təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən, nəqliyyat vasitəsinin bərpası üçün 2500 (iki min beş yüz) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 18 iyul 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə və həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə və həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 (yüz) manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğində cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. Məhkəməyə iddia ərizəsi verilərkən 45 (qırx beş) manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. Beləliklə, iddia tələbi haqlıdır və Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan, 100 (yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 45 manat dövlət rüsumu tutulmalı və iddiaçıya qaytarılması ilə bağlı qətnamə qətnamə qəbul edilməldir.
3. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, iddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi rədd edilməlidir.
7. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsinə əsasən, müqavilənin predmeti olan istehsal tarixi 2017-ci il olan “Ravon R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürən Cavabdeh istifadəsinə verilmişdir.
8. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icarəyə götürən ona etibar edilmiş nəqliyyat vasitəsini qoruyub saxlanmasını və təhlükəsizliyini təmin etməyə borculudur.
9. 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsinin 2.1.5-ci bəndinə əsasən, icarəyə götürən nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verən tərəfindən müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə borcludur.
10. İcarə müqaviləsinin müqavilənin 4.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş zərər depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nqəliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin bərpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər.
11. Həmin müqavilənin 4.12-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.
12. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair Təhvil-təslim aktına əsasən icarəyə verənə məxsus və tərəflər arasında bağlanmış 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitəsini icarə üçün təhvil verilmiş, icarə götürən isə onu təhvil almışdır.
13. 19 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktdan görünür ki, istehsal tarixi 2017-ci il olan “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən 19 iyul 2024-cü il tarixdə avtoservisə gətirilmiş və nəqliyyat vasitəsinə baxış keçirilən zaman matorun işləmədiyi müəyyən olunmuşdur. Lakin, Cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir.
14. İş materialları ilə müəyyən olunur ki, istehsal tarixi 2017-ci il olan “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürən Cavabdeh 18 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair Təhvil-təslim aktına uyğun olaraq təhvil verilmiş və 1 gün sonra, yəni 19 iyul 2024-cü il tarixdə istehsal tarixi 2017-ci il olan “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verənə geri qaytarılmışdır. “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 gün müddətində icarəyə götürən Cavabdeh istifadəsində olmuş və daha sonra həmin nəqliyyat vasitəsinin mühərrikində nasazlıq olduğu üçün icarəyə verənə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsinə 1 gündən sonra xitam verilmiş və buna görə də, “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 gün müddətində icarəyə götürən Cavabdeh istifadəsində olması nəticəsində onun mühərrikinə bu qısa müddət ərzində zərər vurulması ağlabat deyil.
15. Məhkəmə hesab edir ki, avtomobilin icarəyə götürən tərəfindən 1 gün istismarı nəticəsində nəqliyyat vasitəsinin mühərrikinin ehtiyat hissələrinin sıradan çıxması mümkün olmamaqla yanaşı, həmin zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilməmişdir. Belə ki, hazırki mübahisə üzrə, yəni nəqliyyat vasitəsinin uzun müddət icarəyə götürənin istifadəsində olması nəticəsində deyil, yalnız 1 gün müddətində nəqliyyat vasitəsinin istifadə olunması nəticəsində nəqliyyat vasitəsinin mühərrikinə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyanın vurulması iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı mötəbər sübutlarla sübut edilməli idi.
16. 16 senyabr 2024-cu il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh tərəfindən mühərrikin ehtiyat hissələrinin dəyişdirilməsi ilə bağlı irəli sürmüş olduğu mübahisəyə dair məhkəmə qeyd edir ki, “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 gün müddətindən icarəyə götürən Cavabdeh istifadəsində olmuş və həmin qısa müddət ərzində mühərrikin detallarının dəyişdirilməsi həyata keçirilə bilməz. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, icarəyə götürən Cavabdeh tərəfindən 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsi üzrə 18 iyul 2024-cü il tarixdə 600 manat məbləğində depozit ödənilmiş və mühərrikdə nasazlıq olduğu üçün 19 iyul 2024-cü il tarixdə icarəyə götürən Cavabdeh tərəfindən geri qaytarılmışdır.
17. Daha sonra, 09 oktyabr 2024-cu il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə təmir ustaları ilə əlaqə saxladığını və mühərrikin ehtiyat hissələrinin sıradan çıxmasının müxtəlif səbəblərinin ola biləcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin 16 sentyabr 2024-cü il tarixli və 09 oktyabr 2024-cü il tarixli izahatları ilə bağlı qeyd edir ki, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hansı formada olmasına dair iddiaçının nümayəndəsi tərəfindən müxtəlif münasibətlər bildirilsədə, lakin bununla bağlı hər hansı mötəbər sübut məhkməyə təqdim olunmamışdır.
18. Həmçinin cavabdehin qısa müddət ərzində onun təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərər iddiaçı tərəfindən tam sübuta yetirilməmişdir. Belə ki, İddiaçı nümayəndəsi Nümayəndə istehsal tarixi 2017-ci il olan “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən istismarı nəticəsində 1 gün ərzində nəqliyyat vasitəsinin mühərrikinin ehtiyat hissələrinin sıradan çıxdığını və buna görədə iş üzrə “Chevrolet Service” Mərkəzi tərəfindən mütəxəssis rəyinin verilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1533/2024 nömrəli qərardadı ilə Mütəxəssis rəyinin verilməsi üçün iddiaçının nümayəndəsinin qeyd etdiyi ünvana, yəni “Chevrolet Service” Mərkəzinə göndərilmiş, lakin həmin qərardad geri qaytarılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir; Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir; İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1) və icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2).
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
23. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında 18 iyul 2024-cü il tarixli 30ST18.07.24/LY844 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 18 iyul 2024-cü il tarixində “Ravon R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürən Cavabdeh təhvil verilmişdir. Daha sonra, 19 iyul 2024-cü il tarixdə həmin nəqliyyat vasitəsi icarəyə götürən Cavabdeh tərəfindən geri qaytarılmışdır. “Ravon Nexia R3” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən 18 iyul 2024-cü il tarixindən 19 iyul 2024-cü il tarixinədək yəni 1 gün ərzində istismarı nəticəsində nəqliyyat vasitəsinin mühərrikinin ehtiyat hissələrinin sıradan çıxması məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3), mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1), hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2) və qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə kimi qəbul edilən hərəkətlərdir (maddə 560.3).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İslam Əliyev