Məhkəmə qərarları › İş №e-2-2(119)-154/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-154/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-154/2025 03.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyev Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələb barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3449 (üç min dörd yüz qırx doqquz) manat məbləğində maddi ziyanın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının və 54,49 (əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə 27 iyul 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 3449 (üç min dörd yüz qırx doqquz) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə iddiaçı həmin vaxt avtomobili avtoservisdə 3449 (üç min dörd yüz qırx doqquz) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir Bundan başqa hüquqi xidmət olaraq 300 (üç yüz) manat məbləğində vəkilə əlavə xərc çəkilmiş, məhkəməyə iddia ərizəsi verilərkən 54,49 (əlli dörd manat qırx doqquz qəpik) manat dövlət rüsumu və iddiaçının məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən X3 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 27 iyul 2024-cü il tarixli 27.07.24/KA534 nömrəli icarə müqaviləsinin predmeti “Ravon R3 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tanı hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. İş materiallarında olan Cavabdeh 27 iyul 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, avtomobilin icarəsinə görə o, 600 manat məbləğində depozit ödəmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 27 iyul 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 27 iyul 2024-cü il tarixli 27.07.24/KA534 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 01 avqust 2024cü il tarixli aktda göstərilir ki, avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobil 01 avqust 2024-cü il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobilin qəzalı olduğu və təmir ehtiyacı olduğu qeyd olunmuşdur. Bu barədə X4 məlumat verilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 1619 (min altı yüz on doqquz) manat, təmir-usta işlərinin qiyməti 1830 (min səkkiz yüz otuz) manat olmaqla, cəmi 3449 (üç min dörd yüz qırx doqquz) manat “Ravon R3 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı tərəfindən avtoservisə ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli dəymiş ziyanın hesablanmasına dair aktda avtomobilin ehtiyat hissələrinin qiyməti 1619 (min altı yüz on doqquz) manat, təmir-usta işlərinin qiyməti 1830 (min səkkiz yüz otuz) manat olmaqla, “Ravon R3 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 3449 (üç min dörd yüz qırx doqquz) manat müəyyən edilir. İş materiallarında olan 05 may 2025-ci il tarixli 9/1573 nömrəli ekspert rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X7 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Khazar rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3449 manat (dəyişilməli hissələrin qiyməti - 1619 manat, təmir-bərpa işlərinin qiyməti - 1830 manat) müəyyən edilir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3138 manat (dəyişilməli hissələrin qiyməti - 1308 manat, təmir-bərpa işlərinin qiyməti 1830 manat) müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 27 iyul 2024-cü il tarixli 27.07.24/KA534 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil Cavabdeh tərəfindən 01 avqust 2024-cü il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur akt tərtib edilərək avtomobilə dəymiş zərərin 3449 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə pretenziya göndərilsə də o, yaranmış həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 iyul 2024-cü il tarixdən texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 01 avqust 2024-cü il tarixdə nasaz vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbində nəqliyyat vasitəsinin təmir-bərpa xərci üçün hesablanmış 3449 manat 05 may 2025-ci il tarixli 9/1573 nömrəli nömrəli ekspertiza rəyi ilə təsdiq olunmur. 05 may 2025-ci il tarixli 9/1573 nömrəli ekspert rəyində həmin avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 3138 manat olduğu qeyd edilir. Bundan başqa tərəflər arasında bağlanmış 27 iyul 2024-cü il tarixli 27.07.24/KA534 nömrəli icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “3449 (üç min dörd yüz qırx doqquz) manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, 05 may 2025-ci il tarixli 9/1573 nömrəli ekspert rəyində göstərilən 3138 manatdan cavabdehin ödədiyi 600 manat depozit məbləği çıxılmaqla dəymiş ziyana görə 2538 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən hüquqi yardımın göstərilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli EM- 890VK-10245/24 nömrəli müqaviləni əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən X5 verilmiş 17 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “54,49 (əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 45,38 (qırx beş manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2538 (iki min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqı və 45,38 (qırx beş manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2900,63 (iki min doqquz yüz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2538 (iki min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqı və 45,38 (qırx beş manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2900,63 (iki min doqquz yüz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar