Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1569/2024 23.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh5la aralarında bağlanmış 09 iyun 2021-ci il tarixli kredit razılaşması üzrə 1831,06 (min səkkiz yüz otuz bir manat, altı qəpik) manat məbləğində borc, 850,74 (səkkiz yüz əlli manat, yetmiş dörd qəpik) manat məbləğində faiz borcu, 514,54 (beş yüz on dörd manat, əlli dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3196,34 (üç min yüz doxsan altı manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaitinin və 51,97 (əlli bir manat, doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 26 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi və 09 iyun 2021-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh5 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh5la və bağlanmış zaminlik müqavilələrinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlərdən biri – Cavabdeh5 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 011L**********29 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, bank (iddiaçı) tərəfindən həmin cavabdehə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan iddiaçı ilə həmin cavabdeh (Cavabdeh5) arasında bağlanmış 09 iyun 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən cavabdehə aylıq 1,75 % dərəcəsi ilə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, cavabdeh hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan iddiaçı və həmin cavabdeh (Cavabdeh5) arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 aprel 2022-ci il tarixli 011R**********S nömrəli sazişə əsasən, tərəflər razılaşmışlar ki, kredit alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan 13 aprel 2022-ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan ödəniş planından görünür ki, Cavabdeh5 banka olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 09 iyun 2023-cü il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı ilə digər cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış 09 iyun 2021-ci il tariхli, 011S**********01 nömrəli, 09 iyun 2021-ci il tariхli, 011S**********01 nömrəli, 09 iyun 2021ci il tariхli, 011S**********01 nömrəli, 13 aprel 2022-ci il tariхli, 011S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, tərəflər bu müqaviləni bank (iddiaçı) və borclu (cavabdeh) Cavabdeh5 arasında 26 sentyabr 2019-cu il tarixli, 011L**********29 nömrəli uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təmin etmək məqsədilə bağlamışlar. İstinad olunan zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bankın qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Həmin müqavilələrin 3.1.1-ci, 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərindən görünür ki, zamin uzunmüddətli kredit müqaviləsi üzrə borclunun icra etməli olduğu bütün öhdəlikləri icra etməli, uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1 %-i məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni ödəməli, borcunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəməli və verilən kreditlər barədə borclu və bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə borclunun öhdəliklərinin icrası üzrə borclu ilə birgə və tam məsuliyyət daşımalı olduğunu öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh5 09 iyun 2021-ci il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə 31 may 2024-cü il tarixinə iddiaçıya 1831,06 manat məbləğində bоrc, 850,74 manat məbləğində faiz borcu və 514,54 manat məbləğində cərimə оlmaqla, cəmi 3196,34 manat məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh5 09 iyun 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması, həmçinin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 aprel 2022-ci il tarixli 011R**********S nömrəli saziş üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti sazişdə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Həmin razılaşma və saziş üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 də zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 iyun 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 1831,06 manat məbləğində əsas və 850,74 manat məbləğində faiz borclarının iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddia tələbinin cavabdehlərdən 514,54 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 514,54 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 110 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 51,97 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 06 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 51,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 47,91 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə 1831,06 manat məbləğində borc, 850,74 manat məbləğində faiz borcu, 110 manat məbləğində cərimə və 47,91 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2839,71 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 09 iyun 2021-ci il tarixli kredit razılaşması üzrə 1831,06 (min səkkiz yüz otuz bir manat, altı qəpik) manat məbləğində borc, 850,74 (səkkiz yüz əlli manat, yetmiş dörd qəpik) manat məbləğində faiz borcu, 110 (yüz on) manat məbləğində cərimə və 47,91 (qırx yeddi manat, doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2839,71 (iki min səkkiz yüz otuz doqquz manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1569/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1569/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver