Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-157/2023 15.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək mülkiyyətində olan “Hyundai” markalı, ** EA *** dövlət nömrə nişanlı mikroavtobusa yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 35230 (otuz beş min iki yüz otuz) manat məbləğində pulun, vurulmuş zərərə görə məhrum olduğu qazancın əvəzi olaraq 40000 manat məbləğində pulun, hüquqi yardım ilə bağlı ödənilmiş 170 manatın, 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 200 manat servis haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mülkiyyətində olan nəqliyyat vasitələrini icarəyə verməklə qazanc əldə edir. İş üzrə Cavabdeh2 İddiaçı “X7 Sanayi və Ticarət Anonim Şirkəti”nin işçilərinin daşınması üçün nəqliyyat vasitəsinə ehtiyac olduğunu və sürücü ilə birlikdə nəqliyyat vasitəsini ona icarəyə verməyini, əvəzində hər ay 4000 manat məbləğində pul verəcəyini bildirmişdir. Aralarındakı şifahi razılaşmadan sonra iddiaçı ona məxsus “Hyundai” markalı “County” model ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücüsü Şahid1la birlikdə Xocalı rayonu Sığnaq kəndinə göndərmişdir. Bir müddət sonra Cavabdeh2 ona zəng edərək Türkiyə vətəndaşlarının göndərilən sürücüyə etiraz etdiklərini, buna görə sürücünü dəyişdiyini və öz tanışını təyin etdiyini bildirmiş, bir gün sonra - 06 fevral 2022-ci il tarixdə mikroavtobusu idarə edən Cavabdeh1 şirkətin işçilərini işə apararkən mikroavtobusu aşırtmış və avtobusdakı sərnişinlərin xəsarət alması ilə yanaşı mikroavtobus da yararsız hala düşmüşdür. Faktla bağlı araşdırma başlanılmış, Xocalı Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən 01 may 2022-ci il tarixdə CM-nin 73-1-ci maddəsini əsas gətirməklə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılmış, Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğundan inzibati protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin DYPB-yə göndərilmişdir. İddiaçı tərəfindən qəza törədən Cavabdeh1 etibarnamə verilməmiş, habelə “X7 Sanayi və Ticarət Anonim Şirkəti” ilə hər hansı müqavilə bağlanmamışdır. İddiaçının Cavabdeh2 ilə şifahi razılaşması olmuş, müəyyən qazanc qarşılığında nəqliyyat vasitəsini ona təqdim etmiş, o da şirkətlə xidməti müqavilə bağlayaraq aldığı puldan həm iddiaçının ödənişini etmək, həm də əlavə gəlir götürmək niyyətində olmuşdur. İddiaçı nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsini törədən Cavabdeh1 tanımamış, ona nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verməmişdir. Cavabdeh1 Cavabdeh2 işçisi olmuşdur, Cavabdeh2 istəyi ilə nəqliyyat vasitəsini o idarə etmiş və yol nəqliyyat hadisəsini törətmişdir. Belə olan halda Cavabdeh2 həm nəqliyyat vasitəsinə vurulmuş zərərlə, həm də sahibkarlıq fəaliyyətinin subyekti olaraq təqsirli davranışı ilə iddiaçını uzun müddətdir ki, qazanc əldə etməsindən məhrum etmiş, iddiaçı sahibkar olaraq nəqliyyat vasitələrini icarəyə verməklə gəlir əldə etdiyi halda hazırkı nəqliyyat vasitəsinin yararsız hala düşməsinə görə 2022-ci ilin yanvar ayından bu günədək aralarındakı şifahi razılaşmaya əsasən hər ay 4000 manat məbləğində gəlirdən də məhrum olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən ona nasaz nəqliyyat vasitəsi təqdim edilmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Buna görə də baş vermiş qəzada onun heç bir təqsiri yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatlarında bildirmişdir ki, o, 2022-ci ilin yanvar ayında “X7 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə sərnişin daşınması ilə bağlı xidmət müqaviləsi bağlamış və müqavilədə bir ədəd nəqliyyat vasitəsinə görə 1 bir təqvim ayı üçün xidmət haqqı 5000 manat müəyyən edilmişdir. Bundan sonra müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrini, o cümlədən Şahid2 vasitəçiliyi ilə İddiaçı məxsus “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu Xocalı rayonuna göndərmişdir. O, Xocalı rayonuna göndərdiyi hər avtobusdan aylıq 1000 manat qazanc əldə etməli idi. “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu əvvəllər İddiaçı verdiyi etibarnamə əsasında Şahid1 sürsə də, o, işdən çıxarıldıqdan sonra nəqliyyat vasitəsini Cavabdeh1 idarə etməyə başlamış və həmin gün-06 fevral 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Lakin Cavabdeh2 15 avqust 2023-cü il tarixlli məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xocalı Rayon Polis Şöbəsinin “Cinayət təqibinə xitam verilməsi haqqında” 01 may 2022-ci il tarixli qərarından görünür ki, 06 fevral 2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsi ilə Xocalı rayonu, Sığnaq kəndindən Şuşa şəhəri istiqamətində hərəkətdə olarkən idarətetməni itirdiyindən mikroavtobus aşmış və nəticədə sərnişinlər və Cavabdeh1 müxtəlif bədən xəsarətləri almışdır. 06 fevral 2022-ci il tarixdə Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, cinayət işinə Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Xocalı Rayon Polis X6 Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan Xocalı Rayon Polis X6 Polis Bölməsinin “inzibati xəta haqqında” 17 iyul 2022-ci il tarixli ******* nömrəli protokolundan görünür ki, Cavabdeh1 “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Xocalı Rayon Polis X6 Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında” 17 iyul 2022-ci il tarixli ******* nömrəli Qərarından görünür ki, Mürşüdov X2 Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X4 Xidmətinin “İnzibati xəta haqqında” 16 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, əmək müqaviləsi qüvvəyə minmədən Cavabdeh2 tərəfindən Cavabdeh1 işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X4 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” 24 fevral 2022-ci il tarixli ******* nömrəli Qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan icraçı-fərdi sahibkar Cavabdeh2 ilə sifarişçi “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, KOL-ŞU-120 nömrəli xidmət müqaviləsinə əsasən icraçı qanuni əsaslarla mülkiyyətində (istifadəsində) olan avtonəqliyyat vasitəsi ilə “Hyundai County” markalı, 28+1 nəfərlik, **-BG-*** dövlət nömrə nişanlı avtobus sifarişçiyə sərnişin daşıma xidmətini göstərməyi, sifarişçi isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə 1 ədəd nəqliyyat vasitəsinin 1 (bir) təqvim ayı üçün xidmət haqqı avtobus üçün 5000 manat, ehtiyac olduqda mikroavtobus üçün 3200 manat müəyyən edilmişdir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli KOL-ŞU-120 nömrəli xidmət müqaviləsinə 14 yanvar 2022-ci il tarixli 01 nömrəli Əlavəyə əsasən “Hyundai County” markalı, 28+1 nəfərlik, **-BG-*** dövlət nömrə nişanlı avtobusun yerinə xidmət göstəriləcək texnikaların ** EA *** dövlət nömrə nişanlı, ** EA *** dövlət nömrə nişanlı, ** DS *** dövlət nömrə nişanlı “Hyundai County” markalı 28+1 nəfərlik avtobuslar və ** BL *** dövlət nömrə nişanlı “Mercedes-Benz Sprinter” markalı “15+1” nəfərlik mikroavtobus olduğu qeyd edilmişdir. İş materiallarında olan 05 may 2022-ci il tarixli AA041/1101 nömrəli aktdan görünür ki, “Auto Azərbaycan” şirkəti tərəfindən ban nömrəsi KMJHD17CP8C039826 olan “Hyundai County” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobilə ilkin baxış keçirilən zaman dəyişdirilməsinə ehtiyac olan ehtiyat hissələrinin dəyəri ümumilikdə 35229,66 manat müəyyən edilmişdir. Eyni zamanda aktda qeyd edilmişdir ki, qeyd olunanlar ilkin baxış zamanı aşkar olunmuşdur, avtomobilin təmiri zamanı aşkar olunacaq təmirə ehtiyacı olan ehtiyat hissələrinin adları son akta əlavə ediləcəkdir. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli 9/4455 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 2007-ci il buraxılışlı “Hyundai County” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 21000 (35000-40%) manat müəyyən edilir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli 1600 nömrəli “Hüquqi yardım göstərilməsi” haqqında müqavilədən görünür ki, Vəkil1 tərəfindən İddiaçı hüquqi yardım göstərilməsi müqabilində 100 (yüz) manat məbləğində hüquqi yardım haqqı və 10 (on) manat məbləğində marka pulu ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli 220411-079 nömrəli servis iş əmrindən görünür ki, “Auto Azərbaycan” şirkətinə 200 (iki yüz) manat məbləğində servis haqqı ödənilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 02277 nömrəli 14 noybr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı verdiyi etibarnaməyə əsasən “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu təxminən 20 gün sürdükdən sonra Cavabdeh2 sürücü kimi Cavabdeh1 gətirmiş, lakin sonuncu avtobusu idarə etməyə başladıqdan təxminən 10 dəqiqə sonra yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda o, İddiaçı məxsus avtobusların birinin sürücüsü kimi işləyir. O, Cavabdeh2 ilə 2017-2018-ci illərdə bir yerdə işləmişdir. Əliyev X3 ərazisinə göndərmək üçün avtobus axtarması barədə ona dedikdən sonra onu İddiaçı ilə əlaqələndirmiş, bundan sonra onlar özləri danışıb razılığa gəlmişlər. Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi törədildikdən sonra Cavabdeh2 ona zəng vuraraq qəza barədə məlumat vermiş, bundan sonra o, məsələ ilə bağlı İddiaçı söyləmiş və onunla birlikdə hadisə yerinə getmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etdiyi vaxt nəqliyyat vasitəsinin əyləc sisteminin zəif olduğunu və bununla bağlı Şahid1 tez-tez nəqliyyat vasitəsinin sahibi ilə telefon əlaqəsi saxlayaraq məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusun əyləc sisteminin zəif olması barədə eşitdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2012-ci il tarixli Qərarında qeyd olunur ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Eyni zamanda həmin Qərarda göstərilir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, İddiaçı şifahi razılaşma əsasında “Hyundai County” markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini hər ay 4000 manat müqabilində Cavabdeh2 vermiş, sonuncu həmin avtobusu “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağladığı xidmət müqaviləsinə əsasən şirkətin işçilərini daşımaq üçün Xocalı rayonuna göndərmişdir. Avtobusu əvvəllər iddiaçının verdiyi etibarnamə əsasında Şahid1 idarə etsə də, 06 fevral 2022-ci il tarixdə həmin nəqliyyat vasitəsini Cavabdeh2 tərəfindən işə cəlb olunmuş Cavabdeh1 idarə etmiş və sonuncu həmin gün yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus “Hyundai County” markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. X4 Xidmətinin 24 fevral 2022-ci il tarixli ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, tərəflər arasında mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı əmlakına maddi ziyan vurulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanın əvəzi tutulmalıdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan dəymiş maddi ziyanın məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli 9/4455 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, cavabdehlərdən İddiaçı xeyrinə 21000 (iyirmi bir min) manat məbləğində dəymiş maddi ziyanın əvəzi tutulmalıdır. Bundan başqa iddiaçı iddia tələbində vurulmuş zərərə görə məhrum olduğu qazancın əvəzi olaraq 40000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etsə də, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21000 (iyirmi bir min) manat məbləğində dəymiş maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 110 (yüz on) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa İddiaçı tərəfindən “Auto Azərbaycan” şirkətinə ödənilmiş 200 (iki yüz) manat məbləğində servis haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1 -ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasıya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21000 (iyirmi bir min) manat məbləğində dəymiş maddi ziyan, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 110 (yüz on) manat məbləğində xidmət haqqı və 200 (iki yüz) manat məbləğində ödənilmiş servis haqqı olmaqla, cəmi 21710 (iyirmi bir min yeddi yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-157/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-157/2023
15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver