Məhkəmə qərarları › İş №e-2-2(119)-158/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-158/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-158/2025 06.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6815,99 (altı min səkkiz yüz on beş manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6904,99 (altı min doqquz yüz dörd manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdеhdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 mart 2022-ci il tarixdə İddiaçı QSC-yə məxsus olan “189” taksi xidmətindən ayıq sürücü xidməti sifariş edilmiş və sifariş qeydə alınaraq Cavabdeh ayıq sürücü qismində avtomobili idarə etmişdir. Sürücü Cavabdeh 18 mart 2022-ci il tarixdə 02:40 radələrində "xxxx" MMC-nin mülkiyyətində olan “Toyota Corolla” markalı 99-PZ-13 qeydiyyat nişanlı, sedan tipli avtomobili idarə edərkən hava şəraitinin yağışlı olması səbəbindən Albalılıq qəsəbəsi, FHN istiqamətində hərəkətdə olduğu zaman idarəetməni itirərək yolun kənarında yerləşən dəmir boruya dəymişdir. "xxxx" MMC dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müaciət etmiş, həmin məhkəmənin 13 sentyabr 2022-ci il tarixli e-2-2(113)-3122/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı QSC-dən 7733 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı QSC-nin apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin çüvafiq qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, İddiaçı QSC-dən "xxxx" MMC-nin xeyrinə 6815,99 manat məbləğində dəymiş ziyana görə pulun tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş, dəymiş zərər İddiaçı QSC tərəfindən tam ödənilmişdir. Bu səbəbdən həmin pul məbləğinin reqres qaydada Cavabdeh tutulması barədə ərizə ilə müraciət edilmişdir. Məhkəmənin 20 dekabr 2024-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirdi ki, cavabdehlə təmsil etdiyi təşkilat arasında rəsmi olaraq əmək müqaviləsi bağlanılmamışdır. Sadəcə olaraq cavabdeh VÖEN-ə malik olduğuna görə, internet saytında qeydiyyatdan keçərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tərəflər arasında əmək münasibətlərinə oxşar münasibətlər mövcud olmuşdur. Cavabdeh borc məbləğini ödəyəcəyini vəd etmişdir, lakin hansısa ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən cavabdehdən 6815,99 manat məbləğində pul vəsaiti və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 89 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6904,99 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, "xxxx" QSC avtomobilə və sərnişinə dəyən zərər üçün cavabdehlik daşıdığına görə, "xxxx" MMC "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" QSC-nin hazırda tələb etdiyi pul vəsaitinin hər ay əmək haqqından tutulmasına razıdır. 14 yanvar 2025-ci il tarixdə keçirilmiş iclasda verdiyi izahatda avtomobili idarə edən şəxsin başqası olduğunu qeyd etmişdir. Lakin problem yaranmaması üçün, həmçinin hazırkı iş üzrə cavabdeh özü olduğuna görə, tutulmaların həmin şəxsin yox, onun əmək haqqından edilməsinə razıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materillarında olan Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli e- 2-2(113)-3122/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı QSC-dən 7733 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(103)-293/2023 nömrəli qətnaməsi ilə cavabdeh “İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli e-2-2(113)-3122/2022 nömrəli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı QSC-dən 6815,99 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2-2(103)- 293/2023-013 nömrəli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərar əlavə edilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli OD15 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin hesabına 6815,99 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına iddiaçı tərəfindən şəxslərin taksi sürücüsü kimi https://www.189taxi.az rəsmi portalında qeydiyyatdan keçərkən açılan internet səhifələrinin ekran görüntüləri əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 18 mart 2022-ci il tarixdə İddiaçı QSC-yə məxsus olan “189” xidmətindən ayıq sürücü xidməti sifariş edilmiş, sifariş qeydə alınaraq Cavabdeh ayıq sürücü qismində avtomobili idarə etmiş və "xxxx" MMC-nin mülkiyyətində olan “Toyota Corolla” markalı 99-PZ-13 qeydiyyat nişanlı, sedan tipli avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC İddiaçı QSC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli e-2- 2(113)-3122/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı QSC-dən 7733 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı QSC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(103)-293/2023 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2-2(113)-3122/2022 nömrəli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı QSC-dən 6815,99 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı QSC tərəfindən 6815,99 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi, qüvvəyə minmiş məhkəmə aktına əsasən, 18 mart 2022-ci il tarixində hazırkı iş üzrə Cavabdeh tərəfindən idarə edilən nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verməsi, qəza nəticəsində üçüncü şəxs - "xxxx" MMC-yə 6815,99 manat məbləğində ziyan dəyməsi və bu ziyanın "xxxx" MMC-yə İddiaçı QSC tərəfindən ödənilməli olması işin mübahihəsiz hallarıdır və işə əlavə edilmiş 13 iyun 2023cü il tarixli OD15 nömrəli ödəniş tapşırığı ilə İddiaçı QSC tərəfindən dəymiş ziyanın əvəzinin üçüncü şəxsə ödənildiyi öz təsdiqini tapır. Belə olduğu halda, İddiaçı QSC-nin Mülki Məcəllənin 1108.1-ci və 1114.1-ci maddələrinə əsasən ödədiyi ziyanın əvəzinin (ziyan məbləğini) reqres qaydasında ziyan vuran şəxsdən - Cavabdeh tələb etmək hüququ yaranmış olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 6815,99 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 89 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 07 noyabr 2024-cü il tarixli 68546899 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 89,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən 89 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6815,99 manat məbləğində pul vəsaiti, 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6904,99 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 6815,99 (altı min səkkiz yüz on beş manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6904,99 (altı min doqquz yüz dörd manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar