Məhkəmə qərarları › İş №e-2-2(119)-1580/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1580/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1580/2025 02.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3110 (üç min yüz on) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində çəkilmiş xərclərin, 51,1 (əlli bir manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh tərəfindən avtomobil 08 fevral 2025-ci il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış zamanı “mühərrik düzgün işləmir, səs edir, yağ yeyir, soyutma-sirkulyasiya düz getmir, rulevoy nasazdır, 1 amortizator (arxa sol) dəyişilməlidir, perodokda da səslər əmələ gəlib” kimi zədə və nöqsanlar aşkar olunmuşdur. Bununla bağlı akt tərtib edilmiş və aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə cavabdehə avtomobilə baxış zamanı məlumat verilmiş, lakin o, hansısa əsas olmadan aktı imzalamaqdan imtina etmiş və aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda cavabdeh aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsilə məktubla 29 iyul 2025-ci il tarixində göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən 10 fevral 2025-ci il tarixində tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 3110 manat tələb olunmuşdur. Qüsur aktına əsasən “qalovka (mühərrikin başlıq hissəsi), klapan, antifriz G-11 (5litr), porşen, şatun karinnoy, sep başmaqlıq, klapan salnik, qolovka prokladkası, raspredval, ön salnik, arxa salnik, alışdırma şamları (sveça), mator yağı (ümumi), pompa, su ötürücü truba, aypara, kolça, stupiça sağ ön, qranat pılnıkı çöl sol, sükan idarəetmə mexanizmi (rulevoy), sırğa sağ, amortizator arxa sol” kimi ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir. Qüsur aktına əsasən “Motorçu: mühərrikin sökülüb yığılması, soyutma-sirkulyasiya sisteminin təmiri, yağın və antifrizin dəyişdirilməsi, zajiqanienin qurulması. Çilingər: peredok-xodovoyun nasaz detallarının, sükan idarəetmə mexanizminin və arxa amortizatorun dəyişdirilməsi” kimi usta xidmətləri göstərilmişdir. Ehtiyat hissələrinin cəm məbləği 2390 manat, usta xidməti 720 manat məbləğində təşkil etmişdir. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından 17 fevral 2025-ci il tarixdə avtomobilin təmirinə görə 3110 manat ödəmişdir. Bundan sonra avtomobil təmir edilmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək mütəxəssis rəyində müəyyən edilmiş qiymətə etiraz etmədiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmənin Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə və Lökbatan bələdiyyəsinə ünvanlanmış 28 oktyabr 2025-ci il tarixli e-2-2(119)-1580/2025 nömrəli məktubu ilə əlaqədar Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən məhkəməyə ünvanlanmış 04 noyabr 2025-ci il tarixli 90 nömrəli məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 30 okyabr 2025-ci il tarixli 144 nömrəli arayışın məzmununda “Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Lakin qeydiyyatda olduğu ünvan Qaradağ rayon Polis İdarəsinin İnzibati binasıdır. Cavabdeh harada yaşaması 150 saylı MKİS-nə məlum deyil” qeyd edilmişdir. İş materiallarında olan Lökbatan bələdiyyəsindən məhkəməyə ünvanlanmış 13 noyabr 2025-ci il tarixli 06/359 nömrəli məktubun məzmununda “Cavabdeh yaşayış yeri tərəfimizdən müəyyən edilmədi” qeyd edilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 16 noyabr 2024-cü il tarixli ST161124/LV681 nömrəli icarə müqaviləsinin predmetini “Ravon R3” minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Buu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini altı aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Altı aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozitin 50 faiz məbləğindən tutulur (icarəyə götürən şəxsə qaytarılan məbləğ). Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nəqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin bərpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. İş materiallarında olan Cavabdeh 16 noyabr 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, avtomobilin icarəsinə görə o, 630 manat məbləğində depozit ödəmişdir. Əgər avtomobili 6 ay ərzində qaytaracaqsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur və həmin müddətdə avtomobilə zərər vurarsa, vurulan zərər depozit məbləğində çıxılmır. Əgər avtomobili 6 aydan sonra qaytararsa, verdiyi depozitin 300 manat məbləği qaytarılmır, qalıq 300 manatdan avtomobilə dəyən zərərlər çıxılır, qalıq məbləğ qaytarılır. Avtomobilin cərimələri ilə tanış olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 16 noyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 16 noyabr 2024-cü il tarixli ST161124/LV681 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3” minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 08 fevral 2025-ci il tarixli aktda avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobilin 08 fevral 2025-ci il tarixində avtoservisə gətirildiyi, “mühərrik düzgün işləmir, səs edir, yağ yeyir, soyutmasirkulyasiya düz getmir, rulevoy nasazdır, 1 amortizator (arxa sol) dəyişilməlidir, perodokda da səslər əmələ gəlib” kimi qüsurlar aşkar olunduğu göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, qeyd olunan nöqsanların və onların tam aradan qaldırılması üçün lazım olan təqribən 3000 manat məbləğində vəsaitin tələb olunması cavabdehin diqqətinə çatdırılmış, lakin Cavabdeh avtomobilə vurduğu ziyanı ödəməkdən və aktı imzalamaqdan imtina edərək avtomobili servisdə qoyub getmişdir. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli qüsur aktından görünür ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 2390 manat, təmir-bərpa işlərinin qiyməti 720 manat məbləğində olmaqla, “Ravon R3” minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 3110 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 17 fevral 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 2390 manat, təmir-bərpa işlərinin qiyməti 720 manat olmaqla, cəmi 3110 manat məbləğində pul vəsaiti “Ravon R3” minik markalı **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobil üçün iddiaçı tərəfindən avtoservisə ödənilmişdir. İş materiallarında olan “Aktın surətinin göndərilməsi barədə” məktubdan və ona əlavə edilmiş poçt qəbzindən görünür ki, “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 08 fevral 2025-ci il tarixli akt iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 22 yanvar 2026-cı il tarixli AS 01-004/26 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Ravon R3” minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1986 manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, . Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 16 noyabr 2024-cü il tarixli ST161124/LV681 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil 08 fevral 2025-ci il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə keçirilmiş baxış nəticəsində nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla əlaqədar 10 fevral 2025-ci il tarixli qüsur aktı tərtib edilərək avtomobilə dəymiş zərərin 3110 manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 noyabr 2024-cü il tarixində texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin həmin nəqliyyat vasitəsi 08 fevral 2025-ci il tarixdə iddiaçıya geri qaytarılmışdır. Tərəflərin mənafeləri və mübahisənin obyektiv həllinə nail olmaq məqsədilə avtomobilə dəymiş zərərin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmış, məhkəməyə təqdim edilmiş 22 yanvar 2026-cı il tarixli AS 01-004/26 nömrəli mütəxəssis rəyində avtomobilə dəymiş zərərin 1986 manat məbləğində olduğu qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 3110 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, avtomobilə dəymiş zərərin məbləği 22 yanvar 2026-cı il tarixli AS 01-004/26 nömrəli mütəxəssis rəyində hesablanmış məbləğ əsas götürülməklə 1986 manat məbləğində müəyyən edilməli, dəymiş ziyana görə 1986 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində notariat haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nümayəndəsinə verilmiş 17 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 manat notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 manat məbləğində notariat haqqının əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materiallarında olan 07 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 51,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 39,86 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, "xxxx" MMC-nin 22 yanvar 2026-cı il tarixli AS 01-004/26 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1986 manat məbləğində zərərin, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində notariat haqqının və 39,86 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2043,11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1986 (min doqquz yüz səksən altı) manat məbləğində zərərin, 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində notariat haqqının və ödənilmiş 39,86 (otuz doqquz manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2043,11 (iki min qırx üç manat, on bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar