Məhkəmə qərarları › İş №e-2-2(119)-1584/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1584/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1584/2022 15.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 31 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201- 19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1- 43201-19114 saylı Razılaşmanın ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 3936,27 manat əsas borc, 883,58 manat cari faiz borcu və 100,60 manat cari dəbbə pulu borcu olmaqla, ümumilikdə cəmi 4920,45 manat kredit borcunun və ilkin mediasiya sessiyalarının keçirilməsi ilə bağlı ödənilmiş 130 manat haqqın əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 (VÖEN **********) arasında bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201- 19114 saylı Razılaşmaya əsasən ikinciyə 26% faizlə 18 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş və kreditin aylıq 406 (dörd yüz altı) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə borcverən "xxxx" BOKT MMC ilə X1 və zamin Cavabdeh arasında 10 mart 2021-ci il tarixdə BAKU1-43201- 19114+BAKU1-43209 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. 22 oktyabr 2021-ci il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən X5 06 oktyabr 2021-ci ildə vəfat etmişdir. X1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün borcverən "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti zamin Cavabdeh qarşı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Verilmiş kredit üzrə 22 avqust 2022-ci il tarixinədək 3936,27 manat əsas borc, 883,58 manat cari faiz borcu və 100,60 manat cari dəbbə borcu olmaqla, cəmi 4920,45 manat məbləğində borc yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin Kredit Müqaviləsinin 4.3-cü bəndinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və mərhum X1 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1- 43201-19114 nömrəli Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Razılaşmanın ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 22 avqust 2022-ci il tarixinə olan 3936,27 manat əsas borc, 883,58 manat faiz borcu və 100,60 manat dəbbə pulu borcu olmaqla, cəmi 4920,45 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyalarının keçirilməsi ilə bağlı ödənilmiş 130 manat mediasiya haqqının əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, zaminlik müqaviləsi imzalayaraq qohumu X3 10 mart 2021-ci il tarixli Kredit müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6000 manat məbləğində kredit götürməsinə zamin olmuş və krediti almış Cahangir Mehrəliyev müqavilə üzrə hər ay kredit ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Lakin, Cahangir Mehrəliyev 06 oktyabr 2021-ci ildə qəfildən vəfat etmişdir. Mərhumun həyat yoldaşı əri öldükdən sonra bir dəfə də ödəniş etmiş və borcalan Cahangir Mehrəliyevin ölməsi barədə Banka məlumat vermişdir. Mərhumun həyat yoldaşı borcun qalan hissəsinin ödənilməsi ilə əlaqədar Bankla əlaqə saxlayanda, Bankın əməkdaşı mərhumun həyat yoldaşına “borcu ödəməməsini və işin məhkəməyə göndərilərək, faiz borcunun hesablanmasının dayandırılacağını” bildirmişdir. Çünki, borcalan öldüyü üçün Bank faiz hesablanmasını dayandırmalı idi. Ona görə də, bundan sonra mərhum Cahangir Mehrəliyevin həyat yoldaşı həmin kreditə görə ödəniş aparmamışdır. Bununla belə, krediti almış şəxsin ölməsinə baxmayaraq Bank faizin hesablanmasını dayandırmamış və faiz hesablayaraq məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə bitdikdən sonra mərhum Cahangir Mehrəliyevin həyat yoldaşı əsas borcu tam ödəyəcəkdir və bu səbəbdən də zamin olmasına baxmayaraq, ondan borc tutulmamalıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsinin tərkib hissəsi kimi imzalanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Razılaşmadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti – “Kredit verən”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 (VÖEN **********) – “Borcalan” olmaqla bağlanmış həmin Müqaviləyə və Razılaşmaya əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1na 18 ay müddətinə, yəni 12 sentyabr 2022-ci il tarixinədək illik 26 % dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilə, bu Müqavilənin tərkib hissəsi olan müvafiq Razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “Borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik ən çoxu 50 (əlli) faiz dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 6100 (altı min yüz) manat (AZN) məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, “Borcalan" kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, illik 50-dən (əlli) artıq olmayan faizi, məqsədli təyinatı və “Kredit verən”ə qaytarılması ardıcıllığı və müddəti bu müqavilənin tərkib hissəsi olan Razılaşma(lar) ilə müəyyən olunur. Verilmiş kreditin qaytarılması müddəti və qaytarılma hissələri Razılaşma(lar)da əks olunan ödəniş cədvəli ilə müəyyən olunur. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit “Borcalan”a kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə “Kredit verən”ə təqdim edilmiş kiçik və orta sahibkarlıq fəaliyyəti ilə bağlı layihənin maliyyələşdirilməsi; daşınmaz əmlakın əldə edilməsi, belə əldə etmə ilə bağlı yaranmış borcun ödənilməsinin və ya təmir edilməsinin maliyyələşdirilməsi və ya şəxsi istehlak məqsədi ilə verilir. Həmin Müqavilənin 1.4.1-ci bəndinin məzmununa əsasən, zamin Cavabdeh ilə bağlanmış Zaminlik müqaviləsi – bu kredit müqaviləsi üzrə “Borcalan”ın öhdəliklərinin icrasının təminatıdır. Həmin Müqavilənin 3.1-ci bəndinin məzmununa əsasən, bu müqavilə ilə verilməsi nəzərdə tutulan kreditin təminat vasitəsi kimi çıxış edən zamin Cavabdeh ilə bağlanmış Zaminlik müqaviləsi bağlandıqdan sonra kredit - bu Müqavilənin tərkib hissəsi olan Razılaşmada göstərilən bank hesabına, “Borcalan"ın təqdim etdiyi bank hesabına, “Borcalan"ın “Azərpoçt" MMC tərəfindən buraxılan "İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartı”na yüklənmək üçün "xxxx" MMC-də açılmış tranzit hesabına və ya notariusun depozit hesabına köçürülür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, "Borcalan" kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Razılaşmaya əlavə edilmiş Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən "Kredit verən" hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% (Bir tam yüzdə 00 faiz) miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. İş materiallarında olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Razılaşmanın 1-ci bəndinə əsasən, "Kredit verən və "Borcalan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı kredit müqaviləsi (bundan sonra kredit müqaviləsi adlandırılacaq) əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu Razılaşma həmin Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla, bu Razılaşma əsasında verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. Həmin Razılaşmanın 2-ci və 3-cü bəndlərinin məzmununa əsasən, dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə "Borcalan”a illik 26% faizlə 18 ay müddətinə 6000 (altı min) manatı məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 6-cı bəndinə əsasən, "Borcalan” kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Razılaşmaya əlavə edilmiş Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarılmadıqda, gecikmə baş verdiyi gündən "Kredit verən” hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. İş materiallarında olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsi üzrə 6000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin Ödəniş Qrafikindən görünür ki, X1nun Banka olan borcunun müvafiq qrafikə əsasən 6000 manat əsas və 1313,33 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 7313,33 manat ödənilməli borcun müəyyən olunmuş vaxtlarda və məbləğlərdə (hər ay 406 manat) ödənilməsi nəzərdə tutulmuşdur. X9 əsasən ödənişin son tarixi 12 sentyabr 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 10 mart 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X1nun hesabına BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsi üzrə 6000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114+BAKU1-43209 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti – “Kreditor”, Cavabdeh – “Zamin” və X5 – “Borclu” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh “zamin” olaraq X1nun 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsi əsasında aldığı kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X7 1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “Kreditor" ilə “Borcalan” arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış maksimal illik 50% (əlli) faiz dərəcəsilə 240 (iki yüz qırx) aydan artıq olmayan müddətə 6100 (altı min yüz) manat kredit verilməsini nəzərdə tutan Bakı şəhərində bağlanmış 10 mart 2021-ci il tarixli "BAKU1- 43201-19114 saylı kredit müqaviləsidir. X7 2.3-cü bəndinə əsasən, "Borclu” kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyi, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutlmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda dərhal “Zamin”i yazılı şəkildə məlumatlandırmalıdır. X7 3.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminlik icrasının təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir və bu Müqavilə üzrə iddia müddəti kreditin müddəti bitdiyi gündən hesablanmaqla üç il təşkil edir. X7 3.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminlik kredit müqaviləsinə dəyişiklik və əlavələrin edildiyi, kredit müqaviləsi üzrə öhdəlikdə borclunun dəyişdiyi hallara da şamil olunur. “Zamin” bu müqaviləni imzalamaqla, kredit müqaviləsi üzrə öhdəliyin hər hansı bir formada və məzmunda dəyişdirilməsinə, eləcə də kredit məbləğinin artırılması və ya müddətinin uzadılmasına dair öz razılığını qabaqcadan bildirir. İş materiallarında olan, X1na və Cavabdeh ünvanlanmış “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” barədə 01 dekabr 2021-ci il tarixli 1116/HO-OUT nömrəli "Son Xəbərdarlıq" Məktubundan görünür ki, həmin Məktubda 01 dekabr 2021-ci il tarixinə X3 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit müqaviləsi üzrə 3936,27 manat əsas borcu, 142,14 manat faiz borcu və 67,41 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 4145,82 manat məbləğində borcunun olması qeyd olunur və eyni zamanda, Məktubda həmin borcun beş gün ərzində ödənilməsi X2 və Cavabdeh tələb edilərək, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, X1nun 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsi üzrə 22 avqust 2022-ci il tarixinə borcverən "xxxx" MMC-yə 3936,27 manat məbləğində əsas borc, 883,58 manat məbləğində faiz borcu və 100,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4920,45 manat məbləğində borcu vardır (həmin Arayışdan görünür ki, kredit borcu üzrə sonuncu ödəniş 11 oktyabr 2021-ci ildə 409 manat məbləğində icra edilmişdir). Eyni zamanda, həmin Maliyyə Arayışında olan məlumatlarla müəyyən edilir ki, 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsi üzrə 12 aprel 2021-ci ildə 409 manat məbləğində, 10 may 2021-ci ildə 403 manat məbləğində, 09 iyun 2021-ci ildə 406 manat məbləğində, 12 iyul 2021-ci ildə 407 manat məbləğində, 10 avqust 2021-ci ildə 409 manat məbləğində, 09 sentyabr 2021-ci ildə 404 manat məbləğində və 11 oktyabr 2021-ci ildə isə 409 manat məbləğində olmaqla, ümumilikdə 2847 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənişlərdən 2063,73 manat hissəsi əsas borca, 783,27 manat hissəsi isə faiz borcuna yönəldilmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli AZ-İİ seriyalı 226991 №-li Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, 10 mart 2021-ci il tarixli BAKU1-43201- 19114 nömrəli Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Razılaşma üzrə X1 06 oktyabr 2021-ci ildə “Ağciyər xərçəngi” səbəbindən ölmüş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabında” 16 oktyabr 2021-ci ildə 2088 № ilə qeyd edilmişdir ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə də müəyyən olunur ki, 29 yanvar 1966-cı il təvəllüdlü X5 06 oktyabr 2021-ci ildə ölmüşdür). Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, X1 ilə bağlanmış 10 mart 2021ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Razılaşma üzrə cəmi 6000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş "xxxx" MMC tərəfindən X1nun 22 avqust 2022-ci il tarixə 3936,27 manat məbləğində əsas borcu, 883,58 manat məbləğində faiz borcu və 100,60 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmişdir. Lakin, X1 06 oktyabr 2021-ci ildə öldüyündən, həmin kredit müqaviləsi üzrə zamin Cavabdeh isə zamin olaraq müqavilə üzərinə düşən öhdəliyi yerinə yetirərək, vəfat etmiş borcalanın əvəzindən Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödənişlər etmədiyindən borcverən (iddiaçı) "xxxx" MMC tərəfindən zamin (cavabdeh) Cavabdeh qarşı “X1 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Razılaşmanın ləğv edilməsi və Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 22 avqust 2022-ci il tarixə hesablanmış 3936,27 manat əsas borc, 883,58 manat cari faiz borcu və 100,60 manat cari dəbbə pulu borcu olmaqla, ümumilikdə cəmi 4920,45 manat kredit borcunun və ilkin mediasiya sessiyalarının keçirilməsi ilə bağlı ödənilmiş 130 manat haqqın əvəzinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, zamin (cavabdeh) Cavabdeh 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114+BAKU1-43209 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, X1 06 oktyabr 2021-ci ildə öldükdən sonra borcverən "xxxx" MMC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən "xxxx" MMC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borclunun (borc alanın) ölümü – zaminliyə xitam verilməsinə səbəb olmur. İş materiallarından görünür ki, Cavabdeh borcun müvafiq qaydada ödənilməsi üçün yuxarıda qeyd olunan 01 dekabr 2021-ci il tarixli 1116/HO-OUT nömrəli "Son Xəbərdarlıq" Məktubu ilə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsi üzrə zamin olaraq Cavabdeh 3936,27 manat məbləğində əsas borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “22 avqust 2022-ci il tarixədək hesablanmış 883,58 manat məbləğində faiz borcunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və Cavabdeh “22 avqust 2022-ci il tarixə hesablanmış 883,58 manat məbləğində faiz borcu” deyil, ona göndərilmiş 01 dekabr 2021-ci il tarixli "Son Xəbərdarlıq" Məktubunda (sonuncu xəbərdarlıq məktubunda) tələb olunan 142,14 (yüz qırx iki manat 14 qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, həmin "Son Xəbərdarlıq" Məktubunda 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit müqaviləsi üzrə 3936,27 manat əsas borcun, 142,14 manat faiz borcunun və 67,41 manat məbləğində dəbbə pulunun beş gün ərzində ödənilməsi tələb edilmiş və həmin borc ödənilmədiyi halda isə qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Yəni, Cavabdeh “zamin” olaraq digər borc məbləğləri ilə yanaşı “142,14 manat faiz borcunun” da olması barədə məlumatlandırılmış və həmin borc məbləğləri ödənmədiyi halda isə məhkəməyə müraciət olunacağı və “142,14 manat faiz borcunun” da tələb olunacağı barədə xəbərdar edilmişdir. Bundan sonra isə Cavabdeh “zamin” olaraq tələb olunan borcun məbləği barədə, o cümlədən də faiz borcunun “883,58 manat” məbləğində olması barədə hər hansı bir rəsmi məktub (xəbərdarlıq və s.) təqdim olunmamışdır. Halbuki, X1 06 oktyabr 2021-ci ildə öldükdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməli (maddə 5.3) olmaları və mülki hüquqların həyata keçirilməsi zamanı hüquqdan sui-istifadənin qadağan olması (maddə 560) nəzərə alınaraq, Kredit verən tərəfindən kredit müqaviləsi üzrə faizlər hesablandığı halda, bununla bağlı zamin Cavabdeh rəsmi qaydada məlumatlandırılmalı və ödənilməyən əsas kredit məbləği üzrə faizlərin ödənilməsi qaydası və məbləği barədə xəbərdar edilməli idi. Çünki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borcalan ölənədək kredit ödənişlərini vaxtlı-vaxtında yerinə yetirərək, kredit ödənişləri üzrə heç bir pozuntuya yol verməmiş və hətta, Borcalan öldükdən sonra da kredit borcu üzrə 11 oktyabr 2021-ci ildə 409 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "100,60 manat məbləğində dəbbə pulunun tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də kreditin müqavilə şərtlərinə uyğun qaytarılmamasına Borcalanın ölümünün səbəb olması nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, Cavabdeh cəmi 5 (beş) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddiaçı "xxxx" MMC iddia ərizəsində "X1 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Razılaşmanın ləğv edilməsini” xahiş etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh qarşı yönəlmiş bu iddia tələbinin əsaslılığı müəyyən edilməmişdir. Həmçinin, iddiaçı "xxxx" MMC iddia ərizəsində “ilkin mediasiya sessiyalarının keçirilməsi ilə bağlı ödənilmiş 130 manat haqqın əvəzinin tutulmasını” xahiş etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora cəmi 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir (03 iyun 2022-ci il tarixli MŞB/6-2924 nömrəli mediasiya Arayışı və 03 iyun 2022-ci il tarixli AZ0010636 nömrəli Ödəniş Tapşırığı). Ona görə də, Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həlli məqsədi ilə mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı ondan tutularaq, iddiaçıya ödənilməlidir. Qeyd etmək lazımdır ki, iş üzrə tərəf olmayan şəxslə əlaqədar ödənilmiş mediasiya xərci üzrə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh heç bir öhdəlik daşımır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 3936,27 manat məbləğində əsas borc, 142,14 manat məbləğində faiz borcu, 5 manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, Cavabdeh müharibə veteranıdır və ona görə də, müharibə veteranlarının məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olunmaları nəzərə alınaraq, hazırkı iddia ərizəsi üzrə Cavabdeh dövlət rüsumu tutulmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3936,27 (üç min doqquz yüz otuz altı manat 27 qəpik) manat məbləğində əsas borc, 142,14 (yüz qırx iki manat 14 qəpik) manat məbləğində faiz borcu, 5 (beş) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4143,41 (dörd min yüz qırx üç manat 41 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar