Məhkəmə qərarları › İş №e-2-2(119)-1589/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1589/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1589/2024 19.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2la aralarında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 4719,35 (dörd min yeddi yüz on doqquz manat, otuz beş qəpik) manat məbləğində əsas borc, 503,47 (beş yüz üç manat, qırx yeddi qəpik) manat məbləğində faiz borcu, 80,76 (səksən manat, yetmiş altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5303,58 (beş min üç yüz üç manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 73,04 (yetmiş üç manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2la və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh1 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli 358838-CNS-40242 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, bank (İddiaçı ASC) kredit alana (Cavabdeh2) bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri, komissiyaları, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması, mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarlarla hesablaşmaların aparılması təyinatı üzrə istifadə elməlidir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, cavabdehə 6570 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kredit alan krediti tam məbləğdə 03 noyabr 2025-ci il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 24 faiz olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin müqavilənin 3.5.1-ci yarımbəndinə əsasən, kredit alan kreditlərin ödənilməsini (qaytarılmasını) müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditlərin və hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq həyata keçirməyə borcludur. Kreditin qaytarılması 05 dekabr 2022-ci il tarixindən başlayır. Həmin müqavilənin 6.4.5-ci yarımbəndinə əsasən, öhdəliyin icra edilməməsi və va lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulu üzrə hesablanmış faizləri və zərərin əvəzini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəmək kredit alanın vəzifəsidir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilən məbləğə 0,5 faiz həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli 358838-CNS-40242 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlinə əsasən, Cavabdeh2 iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 03 noyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 21 iyun 2024-cü il tarixinə iddiaçıya 4719,35 manat məbləğində əsas borcu, 503,47 manat məbləğində faiz borcu vardır və 80,76 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan iddiaçı və Cavabdeh1 arasında bağlanmış 04 may 2023-cü il tarixli 3588838-1-2815 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alan zaminliklə təmin edilmiş hazırkı müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, zaminliklə təmin edlmiş öhdəliklər bankın kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi zamindən tələb etmək bankın hüququdur. Həmin müqavilənin 2.5.1-ci yarımbəndinə əsasən, kredit alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 5 təqvim günü ərzində tam icra etmək zaminin vəzifəsidir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 4719,35 manat borc və 503,47 manat faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 80,76 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin yuxarıda istinad edilmiş 9.2-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bunlardan başqa, iddia tələbinin 73,04 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 25 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 73,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 73,04 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4719,35 manat məbləğində borc, 503,47 manat məbləğində faiz borcu, 80,76 manat məbləğində cərimə və 73,04 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5376,62 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada 03 noyabr 2022-ci il tarixli 358838-CNS-40242 nömrəli kredit müqaviləsi üzrə 4719,35 (dörd min yeddi yüz on doqquz manat, otuz beş qəpik) manat məbləğində əsas borc, 503,47 (beş yüz üç manat, qırx yeddi qəpik) manat məbləğində faiz borcu, 80,76 (səksən manat,yetmiş altı qəpik) manat məbləğində cərimə borcu və 73,04 (yetmiş üç manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5376,62 (beş min üç yüz yetmiş altı manat, altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar