Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-159/2025 09.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 14 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 12 oktyabr 2023cü il tarixli EXP/121023 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 25 mart 2024-cü il tarixli 1 nömrəli Əlavə üzrə 5988,4 (beş min doqquz yüz səksən səkkiz manat, qırx qəpik) manat məbləğində borc və 79,89 (yetmiş doqquz manat, səksən doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospekti 515 ünvanında yerləşən “Bakı Ekspo” Sərgi Mərkəzindəki 1500 m2 sahə 26-30 mart 2024-cü il tarixlərində 5 təqvim günü müddətinə sərgi məqsədilə istifadə edilmək üçün 12 oktyabr 2023-cü il tarixli EXP/121023 nömrəli icarə müqaviləsi əsasında cavabdehə icarəyə verilmişdir. Həmin müqaviləyə 25 mart 2024-cü il tarixli 1 nömrəli Əlavəyə əsasən, icarəyə verilən sahə 900 m2 müəyyən edilmiş və həmin sahənin hər kvadratmetri üçün 7 manat məbləğində olmaqla, ümumilikdə 5 gün üçün 31500 manat məbləğində (ƏDV xaric) icarə haqqı tərəflər arasında razılaşdırılmışdır. Həmçinin həmin Əlavəyə görə icarəçi icarəyə verənə təhlükəsizlik xidmətlərinin göstərilməsi üzrə 1400 manat və təmizlik xidməti üçün isə 480 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu qiymətlərə əlavə dəyər vergisi (ƏDV) daxil deyildir. Beləliklə, ümumilikdə icarəçi tərəfindən icarə haqqı, təhlükəsizlik və təmizlik xidmətləri daxil olmaqla, ödənilməli məbləğ 39388,4 manat (ƏDV daxil) məbləğində hesablanmışdır. İcarəçi tərəfindən hazırkı vaxtadək, ümumilikdə 33400 manat məbləğində ödəniş həyata keçirilmişdir. 5988,4 manat məbləğində debitor borc isə qalmaqda davam edir. Ödənişin edilməsi ilə bağlı cavabdehə dəfələrlə məlumat verilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişi həyata keçirməkdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, tərəflər arasında 12 oktyabr 2023-cü il tarixli müqavilə bağlandıqdan sonra cavabdeh icarə obyektində sərgi keçirmişdir. Sərgi keçirilən zaman sosial şəbəkələrdə elanlar paylaşılmışdır. Cavabdehin icarə haqqı ilə bağlı hansısa etirazı olmadığına görə, öhdəliyi icra etməyə başlamış və müqavilə şərtlərinə uyğun icarə haqqını ödəyərək öhdəliyinin əhəmiyyətli hissəsini icra etmişdir. Lakin icarə müqaviləsinin 4.1-ci bəndində ƏDV-nin icarə haqqından əlavə ödənilməli olduğu qeyd edilimşdir. Buna baxmayaraq cavabdehin 5988,4 manat məbləğində ƏDV borcu qalmaqdadır. Cavabdeh əsas borc üzrə 20 manat artıq ödəniş həyata keçirdiyinə görə, ƏDV borcu olduğundan 20 manat az məbləğdə tələb olunmaqdadır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli EXP/121023 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən (İddiaçı MMC) müqavilənin 4-cü maddəsində qeyd edilən icarə haqqı müqabilində Bakı şəhəri, Heydər Əliyev prospekti 515, Suraxanı dairəsində yerləşən “Bakı Ekspo” Sərgi Mərkəzi binasının 1-ci mərtəbəsində 1500 kv.m. sahəsini icarəçiyə (Cavabdeh MMC-yə) sərgilər həyata keçirmək məqsədilə icarəyə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə xx.xx.2023-cü il tarixində qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə qalır və müqavilə hazırkı icarə müqaviləsinin şərtlərinə uyğun uzadılmazsa və ya vaxtından qabaq xitam verilməzsə xx.xx.2024-cü il tarixdə, saat 23:59-da başa çatır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icarəyə verilən əmlak icarəçinin istifadəsinə 26-30 mart 2024-cü il tarixlərində 5 təqvim günü müddətində verilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verilən əmlakdan 2.2-ci bənddə göstərilən tarixlərdən başqa tarixlərdə də istifadə etmək istəyərsə, bu barədə İcarəyə verəni qabaqcadan yazılı şəkildə məlumatlandırmalıdır. Bu halda icarəyə verilən əmlak tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən müddətə icarəçinin istifadəsinə verilir. Bununla bağlı tərəflər Əlavə Razılaşma imzalayacaqlar. Əlavə Razılaşmada icarə haqqı və digər şərtlər bu müqavilədən fərqlənə bilər. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə müqaviləsi ilə müəyyən edilən müddət ərzində icarəçi icarəyə verənə icarəyə verilən əmlakın hər kv.m. sahəsi üçün 7 manat olmaqla, ümumilikdə 5 gün üçün icarə müddəti günlərinə uyğun olaraq 52500 manat icarə haqqı ödəyir. Bu qiymətlərə ƏDV daxil deyil və icarəçi tərəfindən ayrıca ödənilməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqının 10% hissəsi bu müqavilə imzalandıqdan sonra icarəçi tərəfindən avans formasında icarəyə verənə ödənilməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarə haqqının qalan hissəsi isə icarə müddəti başlananadək bank köçürməsi yolu ilə icarəyə verənin bu müqavilədə qeyd edilmiş bank hesabına köçürülməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, ödəniş hesab faktura təqdim olunandan sonra 14 bank günü ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, icarə haqqını icarə müqaviləsinə müvafiq olaraq vaxtlı-vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Həmin müqavilənin 15-ci hissəsinə əsasən, icarə müqaviləsinə edilən əlavə və düzəlişlər yalnız yazılı olduqda və tərəflərin hər ikisinin səlahiyyətli nümayəndələri onu imzalayıb möhürlədikdə qüvvəyə minəcəkdir. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli EXP/121023 nömrəli icarə müqaviləsinə 25 mart 2024-cü il tarixli 1 nömrəli Əlavənin 1.2-ci bəndinə əsasən, müqavilənin 4.1-ci bəndinə dəyişiklik edilərək 900 kv.m. sahənin hər kv.m. üçün 7 manat olmaqla, ümumilikdə 5 gün üçün uyğun olaraq 31500 manat (ƏDV xaric) icarə haqqı müəyyən edilir. Həmin Əlavənin 1.3-cü bəndinə əsasən, icarəçi həmçinin icarəyə verənə təhlükəsizlik xidmətinin göstərilməsi üçün 1400 manat və təmizlik xidmətinin göstərilməsi üçün 480 manat xidmət haqqı ödəməyi öhdəsinə götürür. Bu qiymətlərə ƏDV daxil edilmir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli EBEB seriyalı 644207 nömrəli cavabdehə göndərilmiş elektron qaimə-fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 33380 manat, hesablanmış ƏDV isə 6008,4 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 33400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən iş materiallarına təşkilatçılar arasında cavabdehin adının da qeyd edildiyi icarə obyekti olan “Bakı Ekspo” Sərgi Mərkəzində 28-30 mart 2024-cü il tarixlərində müvafiq sərgilərin təşkil edilməsi barədə “İnstagram” sosial şəbəkəsindən çıxarışlar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 oktyabr 2023-cü il tarixli EXP/121023 nömrəli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospekti 515, Suraxanı dairəsində yerləşən “Bakı Ekspo” Sərgi Mərkəzi binasının 1-ci mərtəbəsində 1500 kv.m. sahəsini sərgilər həyata keçirmək məqsədilə cavabdehə icarəyə verməyi öhdəsinə götürmüşdür. 25 mart 2024-cü il tarixli 1 nömrəli Əlavə ilə həmin müqaviləyə müvafiq hissədə dəyişiklik edilərək icarəyə verilən sahə 900 kv.m. müəyyən edilmiş və cavabdeh hər kv.m. üçün 7 manat olmaqla, ümumilikdə 5 gün üçün 31500 manat icarə haqqı, təhlükəsizlik xidmətinin göstərilməsi üçün 1400 manat və təmizlik xidmətinin göstərilməsi 480 manat xidmət haqqı olmaqla, cəmi 33380 manat (ƏDV xaric) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə öhdəliklərinə tam riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar ƏDV məbləğini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 5988,4 manat ödənilməmiş ƏDV məbləğində borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində və 1 nömrəli Əlavənin 1.3-cü bəndində qeyd edilmişdir ki, icarə haqqı, təhlükəsizlik və təmizlik xidmətlərinin göstərilməsi üçün xidmət haqqı ayrıca ödənilməlidir, ƏDV bu qiymətlərə daxil deyildir. ƏDV borcunun məbləği ilə bağlı məhkəmə müəyyən etdi ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli icarə müqaviləsində və 25 mart 2024-cü il tarixli 1 nömrəli Əlavədə tərəflər cavabdehin 33380 (31500 manat icarə haqqı+ təhlükəsizlik xidməti üçün 1400 manat+ təmizlik xidməti üçün 480 manat xidmət haqqı) (ƏDV xaric) manat məbləğində ödəniş həyata keçirməli olduğu razılaşdırılmışlar. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturadan görünür ki, ƏDV məbləği 6008,4 manat təşkil etmişdir. Hesabdan çıxarışa əsasən, cavabdeh tərəfindən iddiaçının bank hesabına, ümumilikdə 33400 manat məbləğində ödəniş həyata keçirilmişdir. Başqa sözlə, cavabdehın icarə müqaviləsi üzrə ödədiyi məbləğ onun icarə haqqı borcunu tam, hesablanmış ƏDV məbləğini isə qismən - 20 manat məbləğində əhatə etdiyindən, onun iddiaçıya ödənilməmiş qalıq borcu 5988,4 (6008,4 manat - 20 manat) təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 12 oktyabr 2023-cü il tarixli EXP/121023 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 25 mart 2024-cü il tarixli 1 nömrəli Əlavə üzrə 5988,4 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iş materiallarında olan 06 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 79,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 79,89 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 5988,4 manat məbləğində əsas borc və 79,89 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6068,29 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 5988,4 (beş min doqquz yüz səksən səkkiz manat, qırx qəpik) manat məbləğində borc və 79,89 (yetmiş doqquz manat, səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6068,29 (altı min altmış səkkiz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-159/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-159/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver