Məhkəmə qərarları › İş №e-2-2(119)-1598/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1598/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1598/2023 06.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh X2 arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9029,78 (doqquz min iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borcun, 614,42 (altı yüz on dörd manat qırx iki qəpik) manat faiz borcunun, 92,43 (doxsan iki manat qırx üç qəpik) manat cərimə borcunun, 100 (yüz) manat məbləğində mediasiya xərcinin, dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsi olan 17,37 manat məbləğində pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və bununla bağlı ödənilmiş 30 manat məbləğində xidmət haqqının birgə qaydada X2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun və digər ödənişlərin ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalan hissədə qətnamənin ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehlərə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərdən Kamran Bayramovun, Cavabdeh1 və Cavabdeh3 hər birinə qarşı ünvanlanan tələblər ayrı-ayrılıqda göstərilsə də, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh4 və Cavabdeh2 qarşı hər hansı iddia tələbi göstərilməmişdir (və ya onlara qarşı hər hansı tələb ünvanlanmamışdır). Bu isə iddia ərizəsinin forma və məzmununun təsbit edildiyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə ziddir. Həmin maddədə qeyd olunur ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsinə əlavə olunmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, analoji iddialar verilərkən “İpoteka haqqında” 15 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 22 iyun 2023-cü il tarixli qərardadının müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar