Məhkəmə qərarları › İş №e-2-2(119)-1636/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1636/2025

18.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1636/2025 18.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən 11 dekabr 2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmış 918 (doqquz yüz on səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış obyektində (çay evində) qazdan istifadə etdiyi müddət ərzində vaxtlı-vaxtında istehlak edilmiş qazın dəyərini ödəmişdir. Cavabdehin əməkdaşları 11 dekabr 2024-cü il tarixində həmin obyektə gələrək qaz sayğacına baxış keçirmiş, onun adına 918 manat məbləğində cərimə yazılmışdır. Əməkdaşlar “narahat olma, bu sənədlərə imza at. Bu sənədlər yalnız bizə aiddir, sizə heç bir aidiyyatı yoxdur, bu yoxlama ilə əlaqədardır” deyərək onu aldatmışdırlar. Ona hansısa sənəd və ya akt verilməmişdir. Cari ilin əvvəlində qaz pulunu ödəyəndə ona 11 dekabr 2024-cü il tarixə 918 manat məbləğində cərimə yazıldığı məlum olmuşdur. Həmin cərimənin əsası kimi 2024-cü ildə əlavə qaz cihazı quraşdırılması qeyd edilmişdir. Bu doğru deyildir, çünki obyekti çox kiçik bir çay evindən ibarətdir. Onun çox sayda qaz qurğusundan istifadə etməsi absurd bir haldır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı məxsus sayğaca cavabdehin əməkdaşları tərəfindən 11 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və aktda “istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olmasının aşkar olunduğu” qeyd olunmuşdur. Belə ki, abonent əlavə qaz cihazları quraşdırmaqla pozuntuya yol vermiş və qazdan istifadə etmişdir. Abonentin layihədən kənar qaz avadanlığı quraşdırması aktlaşdırılmışdır. Dövlət əmlakını taladığına görə iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Belə ki, abonentin istifadə etdiyi G-4 tipli smart sayğac 6 m3/saat gücündə olmasına baxmayaraq, abonent göstərilən pozuntunu törətməklə sərfiyyatı 3,4 m3 aşmışdır. Məhz bu səbəbdən İddiaçı barəsində akt tərtib olunaraq itirilmiş 3672 m3 qaz sərfi (dəyəri 918 manat) hesablanmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdeh təşkilatın nümayəndələri ona zəng edərək yoxlama keçirildiyini və onun da iştirak etməli olduğunu bildirmişdirlər. Həmin vaxt Sumqayıt şəhərində partlayış olmuşdur, o da yoxlamanın həmin partlayışla əlaqədar olduğunu düşünmüşdür. Cavabdehin əməkdaşları onun iştirakı ilə yoxlama keçirdikdən sonra məzmunu ilə tanış olmadığı bir aktı imzalamalı olduğunu bildirsələr də, eynəyini götürmədiyi üçün aktın məzmunu ilə tanış ola bilməmişdir. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları nə aktın məzmunu barədə onu məlumatlandırmış, nə də həmin sənədin surətini ona təqdim etmişdirlər. Yoxlama həyata keçirilərkən obyekt fəaliyyət göstərməmiş, yoxlama zamanı obyektdə sac və su qızdırıcısı mövcud olmamışdır. Obyekt çoxdandır işləmir, hətta obyekti satışa çıxarmışdır. Obyektdə təbii qazdan istifadə edilmir, orada sadəcə su qızdırıcı və qaz plitəsi mövcuddur, onları da işlətmir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 04 sentyabr 2025-ci il tarixində keçirilmiş iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, iddia ərizəsini qəbul etmir. Cavabdeh tərəfindən 2024-cü ilin dekabr ayında sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında analoji qeyri-yaşayış obyektlərində G4 və G6 tipli sayğaclarla bağlı yoxlamalar həyata keçirilmişdir. Yoxlama nəticəsində iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə də baxış keçirilmişdir. Aşkar edilmiş nöqsanlara bağlı akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, obyektdə olan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal gücündən çoxdur. İddiaçıya məxsus obyektə quraşdırılan qaz sayğacı ilə maksimal 6 m3 qaz qeydə alınmasına baxmayaraq, sərfiyyat 9.4 m3-i keçmişdir. Bununla əlaqədar tərtib edilmiş aktı iddiaçı imzalamışdır. Bu akta əsasən itirilmiş 3672 m3 qazın dəyəri hesablanaraq borc məbləği 918 manat məbləğində təşkil etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan çap tarixi 07 fevral 2025-ci il tarixli olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY242261288 nömrəli çıxarışda "xxxx" Dövlət Neft Şirkətinin Cavabdeh, “yoxlanılan sahibkar” İddiaçı və “yoxlamanın müddəti” xx.xx.2024-xx.xx.2024-cü il tarixləri qeyd edilmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli Texniki vasitələrdən istifadə etmək haqqında məlumat sənədində “Sahibkarın adı və VÖEN-i” İddiaçı (VÖEN: **********); “Yoxlamaların vahid məlumat reyestrindən verilən kod” KY242262698 qeyd edilmişdir və həmin sənəd iddiaçı tərəfindən imzalanaraq “Yoxlama zamanı yoxlayıcı (yoxlayıcılar) tərəfindən texniki vasitələrdə (video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə edilməsinə etiraz etmirəm” qeydi təsdiq edilmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli Yoxlama aktının “...təqdim edilən sənədlərdə olan məlumatlarla faktiki vəziyyətin müəyyən edilməsi məqsədi ilə baxış keçirilən ərazidə və ya sahələrdə müəyyən edilən hallar” qrafasının qarşısında “Müəssisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çoxdur” qeyd edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmiş 11 dekabr 2024-cü il tarixli Sənaye üzrə inventar aktının “Müəssisədə istifadə olunan cihazlar” qrafasında “1 ədəd kombi, 2 ədəd PQ-4 (məişət), 1 ədəd QSQ, 1 ədəd sac”; “Qeydlər” qrafasında “Müəssisədə istifadə olunan qaz cihazların saatlıq qaz sərfi sayğacın maksimal ölçmə sərfindən çoxdur. Sərfiyyat aşma 3,4 m3” qeyd edilmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın “Baxış zamanı istifadə olunan qaz işlədiciləri” adlı cədvəldə “1 ədəd kombi, 2 ədəd PQ-4 (məişət), 1 ədəd QSQ, 1 ədəd sac”; “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında “Müəssisədə istifadə olunan qurğuların saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çoxdur. Sərfiyyat aşma 3,4m3”. Tələb: Qazdan istifadə qaydalarının 4.1-ci bəndinin və istehlakçı ilə paylayıcı arasında bağlanan alqı-satqı müqaviləsinin 2.3.5-ci yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfi hesablansın. Ödəniş təmin edilsin” qeyd edilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində qeyd edilmişdir ki, ““Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 9,4 m3/saat, hesabat müdddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması: 9.4-6 = 3.4x12x90 = 3672 m3 kimi aparılır”. İş materiallarına əlavə edilmiş istehlakçı İddiaçı adına tərtib edilmiş çap tarixi 18 iyul 2025-ci il olan abonentin saldosu (abonent kodu: **********00000) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2024-cü il üzrə “Qalıq və aktlar” bölməsi üzrə 918 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş istehlakçı İddiaçı adına tərtib edilmiş çap tarixi 04 sentyabr 2025-ci il olan abonentin saldosu (abonent kodu: **********00000) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2017-2025-ci illərdə “Qazın sərfi” bölməsi üzrə “0” yazılaraq hansısa həcmdə qaz sərf edilmədiyi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqısatqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə (abonent kodu **********00000) cavabdehin nümayəndələri tərəfindən baxış keçirilərək 11 dekabr 2024-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə müəssisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olduğu qeyd edilərək 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə üzrə itirilmiş qaz sərfinin 3672 m3 həcmində (918 manat məbləğində) olması hesablansa da, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus qeyri-yaşayış obyekti üzrə istifadə olunan qaz sərfiyyatı barədə məlumatları özündə əks etdirən abonentin saldosu ilə iddiaçının 2015-ci ilin iyun ayından sonra həmin qeyri-yaşayış obyektində, ümumiyyətlə təbii qazdan istifadə etmədiyi müəyyən edilir. Belə ki, həmin abonentin saldosuna (çap tarixi: 04 sentyabr 2025-ci il) əsasən, iddiaçıya məxsus qeyri-yaşayış obyektində sonuncu dəfə 2015-ci ilin iyun ayında təbii qazdan istifadə edilmiş, bundan sonrakı müddətdən başlayaraq 2025-ci ilin iyul ayınadək isə saldonun “Qaz sərfi” bölməsinə “0” kimi qeyd edilmişdir. Başqa sözlə, qeyri-yaşayış obyektində 2015-ci ilin iyun ayından hazırkı dövrədək faktiki olaraq təbii qazdan istifadə edilməmişdir. Göründüyü kimi, 11 dekabr 2024-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda müəssisədə istifadə olunan qaz qurğularının sayğacın maksimal ölçmə həddindən artıq işləməsi göstərilsə də, bu akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qaz sərfinin 3672 m3 həcmində hesablanmaqla istifadə edilmiş, lakin ödənilməmiş təbii qazın dəyərinin 918 manat məbləğində olması qeyd edilsə də, iddiaçı həmin qeyri-yaşayış obyektində təbii qaz istehlak etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 11 dekabr 2024-cü il tarixli ******* akt əsasında hesablanmış 918 məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, hazırkı iddia təmin edildiyindən aşağıda istinad edilənlərə əsasən, 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon ünvanında yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 11 dekabr 2024-cü il tarixli ******* akt əsasında hesablanmış 918 manat məbləğində borc silinməli və cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon ünvanında yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 11 dekabr 2024-cü il tarixli ******* akt əsasında hesablanmış 918 (doqquz yüz on səkkiz) manat məbləğində borc silinsin və Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar