Məhkəmə qərarları › İş №e-2-2(119)-165/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-165/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-165/2025 06.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması və qeyri-yaşayış sahəsinin boşaldılaraq dövlətə təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində icarə haqqı borcunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli 06 sentyabr 1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Şirkəti arasında Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən 1370.7 kvadrat metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinə 01 iyul 2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, həmin icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 23 sentyabr 2024-cü il tarixli, 3-21-3/2-16260/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 03 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilərək 13344 (on üç min üç yüz qırx dörd) manat məbləğində icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi və Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən 1370.7 kvadrat metr qeyri-yaşayış sahəsinin boşaldılaraq dövlətə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən müqaviləyə 01 iyul 2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, cavabdeh tərəfindən hazırkı vaxtadək həmin qeyri-yaşayış sahəsi boşaldılaraq dövlətə təhvil verilməmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-16260/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən Xidmətin tələbi yerinə yetirilməmiş, nəticədə cavabdeh qeyri-yaşayış sahəsindən qeyri-qanuni olaraq istifadə etməkdə davam edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış “dövlət əmlakının (qeyri-yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2018-ci il tarixli 43 saylı Əmrinə əsasən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən (registr nömrəsi ***-*******7-000) ümumi sahəsi 1370.7 kvadrat metr təşkil edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, "xxxx" İstehsalat Birliyi Şirkəti, "xxxx" Şirkətinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 3413,53 manatdır. Aylıq icarə haqqının 50 %-i ƏDV-siz 1565,84 (min beş yüz altmış beş manat səksən dörd qəpik) manat, illik icarə haqqının 50%-i ƏDV-siz 18790,08 (on səkkiz min yeddi yüz doxsan manat səkkiz qəpik) manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icarə haqqını cari ayın 10-dək ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyəverən əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli 140 nömrəli “Daşınmaz dövlət əmlakına dair bağlanmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında” Sərəncamına əlavədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış “dövlət əmlakının (qeyri-yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli müqaviləsi 01 iyul 2024-cü il tarixdən ləğv edilmişdir (icarə haqqı borcunun alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi şərti ilə). İş materiallarında olan şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh “dövlət əmlakının (qeyri-yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli müqavilə üzrə 01 iyul 2024-cü il tarixinə icarə haqqı borcu 14343,88 (on dörd min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat təşkil etmiş, 28 avqust 2024-cü il tarixdə 1000 (min) manat ödəniş edilmiş və 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat icarə haqqı borcu qalmışdır. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında “dövlət əmlakının (qeyri-yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən 1370.7 kvadrat metr qeyri-yaşayış sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı həmin müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən icarə haqları tam ödənilməməklə, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan qeyri-yaşayış sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh “dövlət əmlakının (qeyri-yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli müqavilə üzrə icarə haqqı borcu 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “13344 (on üç min üç yüz qırx dörd) manat məbləğində icarə haqqı borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, Cavabdeh tərəfindən ödənilməmiş 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “dövlət əmlakının (qeyri-yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2018-ci il tarixli 10262/9040 nömrəli müqavilə 01 iyul 2024-cü il tarixdən ləğv olunduğundan Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən 1370.7 kvadrat metr qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq dövlətə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən 1370.7 kvadrat metr qeyri-yaşayış sahəsi boşaldılaraq dövlətə təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinə uyğun hesablanmış 130,03 (yüz otuz manat üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəm QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13343,88 (on üç min üç yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən 1370.7 kvadrat metr qeyri-yaşayış sahəsi boşaldılaraq dövlətə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 130,03 (yüz otuz manat üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar