Məhkəmə qərarları › İş №e-2-2(119)-1655/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1655/2025

23.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1655/2025 23.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Vəkil2 və Vəkil1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “avadanlıqların geri alınması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “avadanlıqların geri alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət vəsaiti hesabına alınmış, müstəsna mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan avadanlıqların Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən geri alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əsasən səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olmaqla yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Şirkəti arasında bağlanmış 2012-ci il 16 yanvar tarixli 01/12 nömrəli satınalma müqaviləsi əsasında dövlət büdcəsinin vəsaiti hesabına alınmış 2.8 ha sahədə istixana avadanlıqları 2014-cü ildə Xızı rayonu ərazisində quraşdırılmışdır. Hal-hazırda dövlət əmlakı olan istixana avadanlıqları ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən araşdırılmış və 2025-ci il 17 iyun tarixində Cavabdeh nümayəndəsi ilə görüş keçirilmiş, müvafiq sənədlər tələb olunsa da, imtina olunmuş və həmin hüquqi şəxs tərəfindən qanunsuz istifadə olunduğu müəyyən olunmuşdur. Müstəsna mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan 2.8 ha sahədə quraşdırılmış istixana avadanlıqları üzərində cavabdeh tərəfindən haqsız sahiblik edilmiş və qazanc əldə olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları pozulmuş və dövlət büdcəsinin vəsaiti hesabına alınmış avadanlıqlar əsassız varlanmış cavabdehin haqsız sahibliyindən azad olunmalı və Cəmiyyətə geri qaytarılmalıdır. Cavabdeh 23 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi ümumi sözlərlə ifadə olunmuş və cavabdehin iddiaçı qarşısında öhdəliklərini əhatə edən müqavilə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsində göstərilmiş olan ümumi əmlakların geri qaytarılması qeyd edilmişdir. İddia ərizəsindən anlamaq olmur ki, hansı əsasla iddiaçı məhz cavabdehə qarşı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilən avadanlıqların nə zaman sifariş etməsi və müqavilə öhdəlikləri götürməsi bəlli deyil. Bundan başqa qeyd edilən avadanlıqların eyniləşdirilməsinə imkan verən hallar da qeyd edilməmişdir. İlk öncə nəzərə alınmalıdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. İddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu sənədlərdən belə müəyyən olunur ki, İddiaçı ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 2012-ci il 16 yanvar tarixli 01/12 nömrəli satınalma və quraşdırılma barədə müqaviləyə əsasən istixana avadanlıqları alınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 2012-ci il 16 yanvar tarixli 01/12 nömrəli satınalma və quraşdırılma barədə müqavilənin 5.1-ci bəndində qeyd olunur ki, icraçı ("xxxx" Şirkəti) malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları 180 (yüz səksən) gün ərzində sifarişçiyə ("xxxx" ASC) təhvil verməlidir. Sifarişçi təhvil-təslim aktını imzaladıqdan sonra mallar qəbul edilmiş sayılır. Lakin hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər arasında malların təhvil-təslim aktı mövcud deyildir. Bundan başqa Cavabdeh MMC ilə "xxxx" ASC (indiki İddiaçı ASC) arasında heç vaxt lizinq və ya başqa müqavilə olmamışdır. Habelə iddiada tələb edilən əmlakların nə zamansa "xxxx" ASC (indiki İddiaçı ASC) tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi, icarəyə və ya istifadəyə verilməsi ilə bağlı hər hansı akt və ya öhdəlik yaradan başqa sənəd olmamışdır. İddiaçı iddia ərizəsində göstərir ki, 2.8 ha sahədə istixana avadanlıqları 2014-cü ildə Xızı rayonu ərazisində quraşdırılmışdır. Halbuki, 2014cü ildə Cavabdeh MMC ümumiyyətlə mövcud olmamışdır, Cavabdeh MMC 2016-cı ildə təsis edilmişdir və 13 oktyabr 2016-cı il tarixində hüquqi şəxs kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, 2016-cı ildə təsis edilmiş Cavabdeh MMC-də 2014-cü ildə avadanlıq quraşdırılması mümkünsüzdür. Bundan başqa, Cavabdeh MMCnin fəaliyyətə başladığı 2016-cı ildən etibarən hər hansı bir şəxs, o cümlədən iddiaçı təşkilat tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan 5 ha torpaq sahəsi və onun üzərində olan istixana kompleksi (qurğuları, avadanlıqları) ilə bağlı iddia, tələb, etiraz və sair müraciət olmamışdır. Yalnız 2025-ci ilin avqust ayında Cavabdeh MMC-yə pretenziya məktubu daxil olmuşdur. Bildirilir ki, həqiqətən də Cavabdeh MMC-nin mülkiyyətində Xızı rayonu, Giləzi qəsəbəsində olan 5 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 3.2 ha (hektar) istixana kompleksi və ona aid olan avadanlıqlar mövcuddur. Həmin torpaq sahəsi və istixana kompleksi Cavabdeh MMC-nin mülkiyyətindədir və hər hansı üçüncü şəxsin cavabdehin mülkiyyəti ilə bağlı mübahisə yaratması hüquqi baxımdan əsassızdır. Həmçinin, iddiaçı iddia ərizəsinin əvvəlində göstərir ki, 2.8 ha istixana avadanlıqları onun tərəfindən əldə edilib və o, mülkiyyətçidir. İddiaçı mülkiyyət hüququ ilə bağlı Konstitusiyanın 13 və 29-cu maddələrinə istinad edir, sonradan isə Mülki Məcəllənin 1091.1-ci maddəsinə istinad etməklə özü-özünü təkzib edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinin məzmunundan da görünür ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İddiaçı tərəf iddia ərizəsində həm Mülki Məcəllənin 1095-ci maddəsinə istinad edir (Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür), həm də həmin Məcəllənin 384.0.4-cü maddəsinə istinad edir (iddia müddətinin şamil edilmədiyi hallar: mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə). Göründüyü kimi, iddiaçı tərəf yenə də ziddiyyətli mövqeyi ilə iddianın hüquqi baxımdan necə əsaslandırılmasını müəyyənləşdirə bilməmişdir. İddiaçı tərəf Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməklə, hazırkı iddia tələbinə iddia müddətinin şamil edilmədiyini qeyd edir. Eyni zamanda da iddia ərizəsində avadanlıqların onda olmamasına istinad edir. Halbuki, iddiaçı avadanlıqların onda olmamasına istinad edirsə, onda sahibliyin olmadığını etiraf etmiş olur. Bu isə onu təsdiq edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Şərh edilən xüsusatlardan belə müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur, həmçinin iddia ərizəsi həm faktlar baxımından, həm də hüquqi baxımdan tamamilə əsassızdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı ASC-nin iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında lizinq müqaviləsi və avadanlığın təhvil-təslimi aktı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus texnoloji avadanlıqların 01 noyabr 2023-cü il tarixinə inventarizasiyası barədə məlumatı imzalamış Cavabdeh təsərrüfat müdiri Əbdül Məmmədovun (xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə işləmişdir) həmin məlumatı imzalamaq səlahiyyəti olmamışdır. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. O, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə heç bir sübutedici sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icraçı "xxxx" Şirkəti arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli tutumu 3000 ton olan soyuducu kameranın satınalınması və quraşdırılması haqqında müqaviləyə əsasən sifarişçi müqavilənin tərkib hissə olan əlavə 1-də göstərilmiş təsnifata uyğun, tutumu 3000 ton olan soyuducu kamerabnın satınalınması və quraşdırılması barədə icraçının “İnkoterms 2000” DDU şərti ilə ******* ABŞ dolları məbləğində təklifi qəbul etmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları 180 gün ərzində sifarişçiyə təhvil verməlidir. Sifarişçi təhviltəslim aktına imza etdikdən sonra mallar qəbul edilmiş sayılır. İş materiallarında olan 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 18 iyul 2012-ci il tarixli 1 nömrəli razılaşmaya əsasən müqavilənin adındakı “Tutumu 3000 ton olan soyuducu kameranın satınalınması və quraşdırılması” sözləri “2,8 ha sahədə istixana avadanlıqlarının və quraşdırılmasının satınalınması” sözləri ilə əvəz edilmişdir. Razılaşmaya əsasən sifarişçi müqavilənin tərkib hissəsi olan əlavə 1-də göstərilən təsnifata uyğun 2,8 ha sahədə istixana avadanlıqlarının və quraşdırılmasının satınalınması barədə icraçının “İnkoterms 2000” DDU şərti ilə ******* manat məbləğində təklifini qəbul etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 04 iyul 2012-ci il tarixli 47 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC 04 saylı 04 fevral 2011-ci il tarixli məktubla "xxxx" ASC-dən 3000 tonluq atmosfer kontrollu (azotla) soyuducu kameranın tikintisi üçün lizinq yolu ilə vəsait ayrılmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Lakin Maliyyə Nazirliyi tikintiyə vəsaitin ayrılmasına icazə vermədiyindən soyuducu kameranın tikintisi baş tutmamışdır. Qeyd olunan çətinliyi nəzərə alıb, "xxxx" ASC 3000 tonluq soyuducu kamera layihəsinin həmin dəyərdə 2,8 ha istixana layihəsi ilə əvəz etməyi xahiş edərək, müraciətlə əlaqədar yaranan bütün öhdəlikləri (layihə dəyərinin 10 %-nin ilkin ödənişi) yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış ASC/2-1847 nömrəli 11 may 2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin sifarişi ilə “Bayridge İnvestments” LTD şirkəti tərəfindən 01/12 saylı 16 yanvar 2012-ci il tarixli satınalma müqaviləsinin 1 nömrəli razılaşmasına əsasən sahəsi 2,8 ha olan 1 dəst istixana kompleksi Xızı rayonu ərazisində quraşdırılmışdır. Bununla əlaqədar ən qısa müddətdə "xxxx" ASC-yə gələrək qiymətinin 10 %-ni ödəməklə istixana komplesini lizinqə götürmək üçün müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. İş materiallarında olan 2014, 2015 və 2017-ci illərə aid gömrük bəyannamələrindən görünür ki, mal göndərən "xxxx" Şirkəti tərəfindən Türkiyə mənşəli istixana avadanlıqları malı qəbul edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xızı rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların xx.xx.2015-ci il tarixinə inventarlaşma barədə məlumatda "xxxx" ASC lizinq alan kimi göstərilməklə, lizinq avadanlığının dəyəri ******* manat olan 1 dəst istixana komplesinin (2,8 ha) quraşdırma işlərinin davam etdirildiyi qeyd olunmuşdur. Məlumat "xxxx" ASC-nin inventarizasiya komisiyasının üzvü, lizinq alanın baş direktoru tərəfindən imzalanmış və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-yə məxsus texnoloji avadanlıqların xx.xx.2021-ci il tarixinə inventarizasiyası barədə məlumatda "xxxx" ASC lizinq alan kimi göstərilməklə, Xızı rayonunda yerləşən qalıq dəyəri 3218144,94 manat olan 1 dəst istixana avadanlığının (2,8 ha) qanunsuz istifadə olunduğu, avadanlıqlara tam baxış keçirməyə icazə verilmədiyi, həmçinin avadanlığın lizinqə verilmədiyi qeyd olunmuşdur. Həmin məlumat İddiaçı ASCnin inventarizasiya komisiyasının üzvləri, rayon bölməsinin nümayəndəsi tərəfindən imzalanmış və İddiaçı ASC-nin Xaçmaz regional nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin balansında olan texnoloji avadanlıqların xx.xx.2023-cü il tarixinə inventarizasiyası barədə məlumatda "xxxx" ASC cavabdeh, Cavabdeh MMC istifadəçi, satınalma müqaviləsinin tarixi və nömrəsi 01/12, xx.xx.2012 kimi göstərilməklə, Xızı rayonunda yerləşən saz vəziyyətdə olan 1 ədəd istixana avadanlığının qanunsuz olaraq istismar olunduğu, istixanada pomidor məhsulu becərildiyi qeyd olunmuşdur. Həmin məlumat İddiaçı ASC-nin inventarizasiya komisiyasının üzvləri, rayon bölməsinin nümayəndəsi və Cavabdeh təsərrüfat müdiri tərəfindən imzalanmış, yalnız İddiaçı ASC-nin Xaçmaz regional nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan ******* nömrəli 07 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı X1 rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 5 ha torpaq sahəsini ******* manata alıcı Cavabdehnə satmışdır. İş materiallarında olan ******* nömrəli 07 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə daşınar əmlakların təhvil-təslim aktına əsasən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 5 ha torpaq sahəsinin üzərində olan 3,2 ha istixana kompleksi və ona aid avadanlıqlar da daxil olmaqla Cavabdehnə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747- 5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. - 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf iddia və ya etirazlarının əsasını təşkil edən halları sübut etməyə borcludur. Hazırkı halda iddiaçı öz tələbinin faktiki əsaslarını, yəni avadanlıqların alınması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, lizinq münasibətlərinin yaranması və sonradan həmin avadanlıqların cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi hallarını sübutlarla təsdiqləməlidir. Lakin iş materiallarının təhlili göstərir ki, iddiaçının bu iddialarını təsdiqləyən konkret sübutlar mövcud deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən istinad edilən 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli satınalma müqaviləsi və 18 iyul 2012-ci il tarixli 1 nömrəli razılaşma "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hazırkı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə "xxxx" şirkəti arasında bağlanmışdır və həmin müqavilələrə əsasən 2,8 hektar sahədə istixana avadanlıqlarının alınması və quraşdırılması nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbində qeyd edilən müqavilə və razılaşma əsasında satın alınmış istixana avadanlıqlarının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə alındığını və Xızı rayonu ərazisində quraşdırıldığını qeyd etsə də, məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış lizinq müqaviləsi təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş məktublarda və yazışmalarda lizinq münasibətinin qurulmasının nəzərdə tutulduğu göstərilsə də, bu münasibətin yaranması üçün əsas sənəd olan lizinq müqaviləsi təqdim edilməmiş və onun mövcudluğu sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə avadanlıqların təhvil verildiyini və ya onun istifadəsinə təqdim olunduğunu təsdiqləyən təhvil-təslim aktı, inventar siyahısı və digər təsdiqedici sənədlər də təqdim olunmadığından, iddiaçının həmin avadanlıqları faktiki olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verməsi də sübut olunmur. Odur ki, tərəflər arasında lizinq münasibətlərinin yaranmasını və lizinq obyektinin təhvil verilməsini təsdiq edən müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən iddiaçı tərəfindən istinad olunan avadanlıqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilib-verilməməsini, verilmişdirsə hansı şərtlərlə verilməsini, mülkiyyət və istifadə hüquqlarının necə tənzimlənməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Cavabdeh istixana kompleksini digər şəxs ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçı tərəfindən isə "xxxx" şirkətindən alınmış istixana avadanlıqlarının məhz Cavabdeh mülkiyyətində və hazırda istifadəsində olan avadanlıqlarla eyni avadanlıqlar olmasını təsdiqləyən heç bir texniki sənəd, inventar siyahısı, fotoşəkil və ya digər eyniləşdirici sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən avadanlıqların növü, miqdarı, seriya nömrələri, texniki göstəriciləri və ya foto-texniki sənədlərlə eyniləşdirilməsi aparılmamış, təqdim edilmiş sənədlərdə isə yalnız ümumi təsvirlər mövcuddur ki, bu da avadanlıqların eyni avadanlıq olması barədə nəticəyə gəlmək üçün yetərli əsas yaratmır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələblərinə əsasən iddiaçının üzərinə düşən sübutetmə yükü yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “avadanlıqların geri alınması” tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “avadanlıqların geri alınması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar