Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1659/2022 09.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulması, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 2- 2(105)-12/2021 saylı icra vərəqinin icra edilməməli hesab edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat pul vəsaitinin hazırkı iş üzrə İddiaçı ASC-yə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması və tələblərin əvəzləşdirilməsindən sonra 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində cavabdehə qarşı “vurulmuş ziyanın tutulması və borcun əvəzləşdirilməsi” tələbləri ilə yanaşı, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqinin icra edilməməli hesab edilməsi” barədə qətnamə qəbul edilməsi də xahiş olunmuşdur. Lakin, iddia ərizəsində qeyd olunan həmin tələblə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinə deyil, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra işinin icraatında olan müvafiq icra məmuruna və yaxud, icra məmurunun hərəkətlərindən və yaxud qərarlarından isə müvafiq aidiyyəti məhkəməyə aryıca icraat üzrə müraciət oluna bilər. Çünki, həmin tələb mahiyyəti etibarilə icra mərhələsində olan müstəqil bir icra vərəqəsi üzrə icraatın dayandırılması və yaxud, icra işinin xitam edilməsini ehtiva edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda bu hərəkətlər üzrə müvafiq qaydalar müəyyən edilmişdir və həmin qaydaların yerinə yetirilməsi bu iddia ərizəsi ilə verilmiş digər iddia tələbləri ilə birlikdə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olan və həll edilən mübahisələrə aid deyildir. Ona görə də, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqinin icra edilməməli hesab edilməsi” barədə tələbə iddia ərizəsində qeyd olunan “vurulmuş ziyanın tutulması və borcun əvəzləşdirilməsi” tələbləri ilə birlikdə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin – yəni, iddiaçının və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları da göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1659/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1659/2022
09.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver