Məhkəmə qərarları › İş №e-2-2(119)-1664/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1664/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1664/2024 03.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2yla aralarında bağlanmış 17 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 498,87 (dörd yüz doxsan səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində borc, 53,99 (əlli üç manat, doxsan doqquz qəpik) manat məbləğində faiz borcu, 21,07 (iyirmi bir manat, yeddi qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 573,93 (beş yüz yetmiş üç manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 17 iyul 2023cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2yla və bağlanmış zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh1 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh (Cavabdeh2) arasında bağlanmış 17 iyul 2023-cü il tarixli RBYF-7139 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borc alana (Cavabdeh2) əsas vəsaitlərin artırılması məqsədilə 1500 (min beş yüz) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 12 (on iki ) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 1500 manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 23% (iyirmi üç) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 25% təşkil edir. Həmin müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən,əgər borcalan bu müqavilənin 2.2ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borcverən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borcalan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən,müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan “Kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir İş materiallarında olan “Kreditin tarixi” sənədinə əsasən, Cavabdeh2 17 iyul 2023-cü il tarixli RBYF-7139 nömrəli kredit müqaviləsi üzrə 22 avqust 2024-cü il tarixinə iddiaçıya 498,87 manat məbləğində bоrc, 53,99 manat məbləğində faiz borcu və 21,07 manat məbləğində cərimə оlmaqla, cəmi 573,93 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş planından görünür ki, Cavabdeh2 banka olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 17 iyul 2024-cü il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı ilə digər cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli RBYF-7139 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti xx.xx.2023 tarixli, RBYF-7139 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Həmin müqavilənin 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü yarımbəndlərinə əsasən, 1500 manat təşkil edən kredit məbləği, 12 (on iki) ay təşkil edən kreditin qaytarılma müddəti, kredit üzrə illik 23 (iyirmi üç) faizlə hesablanacaq məbləğ müqavilə ilə təmin edilən öhdəliklərə aiddir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə kredit müqaviləsinə əsasən kredit məbləğini, onun faizlərini, məhkəmə xərclərinin, habelə vaxtı keçmiş faizləri, dəbbə (penya) pullarını, cərimələri və dəymiş zərərin əvəzini borcalan və zamin və ya zaminlərdən tələb etmək kreditorun hüququdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 17 iyul 2023-cü il tarixli RBYF-7139 nömrəli kredit müqaviləsi üzrə 22 avqust 2024-cü il tarixinə iddiaçıya 498,87 manat məbləğində bоrc, 53,99 manat məbləğində faiz borcu və 21,07 manat məbləğində cərimə оlmaqla, cəmi 573,93 manat məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 17 iyul 2023-cü il tarixli RBYF-7139 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 də zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 iyul 2023-cü il tarixli RBYF-7139 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 498,87 manat məbləğində əsas və 53,99 manat məbləğində faiz borclarının iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddia tələbinin cavabdehlərdən 21,07 manat məbləğində dəbbə pulunun (cərimənin) tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinın 6.2-ci bəndi) iddiaçı cavabdehdən dəbbə pulunun (cərimənin) ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 23 avqust 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 498,87 manat məbləğində borc, 53,99 manat məbləğində faiz borcu, 21,07 manat məbləğində dəbbə pulu (cərimə) və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 603,93 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 17 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 498,87 (dörd yüz doxsan səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində borc, 53,99 (əlli üç manat, doxsan doqquz qəpik) manat məbləğində faiz borcu, 21,07 (iyirmi bir manat, yeddi qəpik) manat məbləğində dəbbə pulu (cərimə) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 603,93 (altı yüz üç manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar