Məhkəmə qərarları › İş №e-2-2(119)-1671/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1671/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1671/2024 31.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23505,16 (iyirmi üç min beş yüz beş manat on altı qəpik) manat məbləğində əsas borc, 2131,47 (iki min yüz otuz bir manat qırx yeddi qəpik) manat məbləğində faiz borcu və 1444,10 (min dörd yüz qırx dörd manat on qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 27080,73 (iyirmi yeddi min səksən manat yetmiş üç qəpik) manat məbləğində borcun və 172,40 (yüz yetmiş iki manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli SUMG2- 670-142 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142/1 və SUMG2-670-142/2 saylı razılaşmalara əsasən sonuncuya 23% faizlə 36 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmiş (məqsədli təyinatı – digər bankda olan borcun tam ödənilməsi və dövriyyə vəsaitlərinin artırılması) və kreditin aylıq 968 (doqquz yüz altmış səkkiz) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında 12 yanvar 2024-cü il tarixdə SUMG2-670-142+SUMG1-14644 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh3 04 sentyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 23505,16 manat əsas borcu, 2131,47 manat faiz borcu və 1444,10 manat dəbbə pulu olmaqla, cəmi 27080,73 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarda Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü bəndinə görə kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsində qeyd olunan 23505,16 manat məbləğində əsas borc və pretenziya məktubunda tələb olunan 1320,53 manat faiz borcu ilə razılaşdıqlarını, lakin cərimə borcunu qəbul etmədiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, SUMG2-670-142 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddət; faizlər ödənilmək və təminatlılıq əsasında 25000 (iyirmi beş min) manat məbləğində 36 (otuz altı) ay müddətinə kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana "xxxx"da olan kreditin tam ödənilməsi və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilir. İş materiallarında olan kredit verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, SUMG2-670-142/1 nömrəli razılaşmanın 1-ci bəndinə əsasən “kredit verən" və “borcalan” xx.xx.2024 tarixli SUMG2-670-142 saylı kredit müqaviləsi əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu razılaşma həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla bu razılaşma əsasında verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. Həmin razılaşmanın 2-ci bəndinə görə bu razılaşmaya əsasən illik 23% (iyirmi üç) faizlə 36 (otuz altı) ay müddətinə 12500 (on iki min beş yüz) Azərbaycan manatı məbləğində kredit “borcalan”ın adına açılmış bank hesabına, “borcalan”ın təqdim etdiyi "xxxx" ASC, Sumqayıt filialı, manat - AZ23RBTA******************** bank hesabına, “borcalan”ın "xxxx" MMC tərəfindən buraxılan “İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kart"ına yüklənmək üçün saylı tranzit hesabına və ya notariusun depozit hesabına köçürülməklə verilir. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi “kredit verən” tərəfindən 5 (beş) faiz artırıla bilər və bu müqaviləni imzalamaqla “borcalan” bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Bu halda kreditin ödənilməmiş qalıq əsas borca faiz hesablanacaq və faiz borcunun artmış hissəsi Ödəniş cədvəlində göstərilən ödəniş tarixlərində qaytarılacaqdır. Bu razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 23,54% (iyirmi üç tam yüzdə əlli dörd) faiz təşkil edir. Həmin razılaşmanın 3-cü bəndinə görə bu razılaşmaya əsasən “borcalan”a verilən kreditin məqsədli təyinatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan kreditin tam ödənilməsi kimi müəyyən edilir. İş materiallarında olan kredit verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, SUMG2-670-142/2 nömrəli razılaşmanın 1-ci bəndinə əsasən “kredit verən" və “borcalan” xx.xx.2024 tarixli SUMG2-670-142 saylı kredit müqaviləsi (bundan sonra kredit müqaviləsi adlandırılacaq) əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu razılaşma həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla bu razılaşma əsasında verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. Həmin razılaşmanın 2-ci bəndinə görə bu razılaşmaya əsasən illik 23% (iyirmi üç) faizlə 36 (otuz altı) ay müddətinə 12500 (on iki min beş yüz) Azərbaycan manatı məbləğində kredit borcalanın adına açılmış bank hesabına, “borcalan”ın təqdim etdiyi "xxxx" ASC, Sumqayıt filialı, manat - AZ23RBTA******************** bank hesabına, “borcalan”ın "xxxx" MMC tərəfindən buraxılan “İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kart"ına yüklənmək üçün saylı tranzit hesabına və ya notariusun depozit hesabına köçürülməklə verilir. “Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi “kredit verən” tərəfindən 5 (beş) faiz artırıla bilər və bu müqaviləni imzalamaqla “borcalan” bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Bu halda kreditin ödənilməmiş qalıq əsas borca faiz hesablanacaq və faiz borcunun artmış hissəsi ödəniş cədvəlində göstərilən ödəniş tarixlərində qaytarılacaqdır. Bu razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 23,54% (iyirmi üç tam yüzdə əlli dörd) faiz təşkil edir. Həmin razılaşmanın 3-cü bəndinə görə bu razılaşmaya əsasən borcalana verilən kreditin məqsədli təyinatı dövriyyə vəsaitlərinin artırılması kimi müəyyən edilir. İş materiallarında olan kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, borclu X3 və zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142+SUMG1-14644 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası kreditor ilə borclu arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və borcluya annuitet qaydada illik 23% (iyirmi üç) faiz hesablanmaqla 36 (otuz altı) ay müddətinə 25000 (iyirmi beş min) Azərbaycan manatı məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixdə bağlanmış "SUMG2-670-142" nömrəli kredit müqaviləsidir. Zaminliklə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər tərəflərin qarşılıqlı razılığı ilə hər təqvim ayının tarixlərinin birində həyata keçirilir və ödənişlərin məbləği verilmiş kreditin həmin ay üçün müəyyən edilmiş əsas məbləği və faizlərin cəmindən ibarət olur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikində borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 12 yanvar 2027-ci il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 SUMG2-670-142 saylı kredit müqaviləsi üzrə 04 sentyabr 2024-cü il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 23505,16 (iyirmi üç min beş yüz beş manat on altı qəpik) manat əsas borc, 2131,47 (iki min yüz otuz bir manat qırx yeddi qəpik) manat faiz borcu və 1444,1 (min dörd yüz qırx dörd manat on qəpik) manat dəbbə pulu olmaqla, cəmi 27080,73 (iyirmi yeddi min səksən manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlərə 10 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək Cavabdeh3 10 iyul 2024-cü il tarixinədək 23505,16 manat əsas borc, 1320,53 manat cari faiz borcu və 442,90 manat dəbbə borcu, cəmi 25268,59 manat kredit borcunun ödənilməsinin 15 iyul 2024-cü il tarixinədək təmin edilməsi tələb olunmuş, borcun göstərilən tarixədək ödənilməyəcəyi halda qeyd edilən borcun Cavabdeh3, Cavabdeh1 və X1 tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh X3 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142/1 və SUMG2-670-142/2 saylı razılaşmalar üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc X2 tutulmalıdır. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 12 yanvar 2024-cü il tarixli, SUMG2-670-142/1 və SUMG2-670-142/2 saylı razılaşmalar üzrə 23505,16 (iyirmi üç min beş yüz beş manat on altı qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 04 sentyabr 2024-cü il tarixinə 2131,47 (iki min yüz otuz bir manat qırx yeddi qəpik) manat məbləğində məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 12 yanvar 2024-cü il tarixli SUMG2-670-142/1 və SUMG2-670-142/2 saylı razılaşmalar üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 10 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə hesablanmış 1320,53 (min üç yüz iyirmi manat əlli üç qəpik) manat məbləğində faiz bоrcu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "cavabdehlərdən müştərək qaydada 1444,1 (min dörd yüz qırx dörd manat on qəpik) manat məbləğində dəbbə pulunun iddiaçının xeyrinə tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları, həm kreditorun, həm də borcluların əsaslı mənafeyi nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 1175 (min yüz yetmiş beş) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 12 yanvar 2024-cü il tarixdə SUMG2-670-142+SUMG1-14644 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 bankdan kredit götürmüş borc alan Cavabdeh3 kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 172,40 (yüz yetmiş iki manat qırxqəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 168 (yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23505,16 (iyirmi üç min beş yüz beş manat on altı qəpik) manat məbləğində əsas borc, 1320,53 (min üç yüz iyirmi manat əlli üç qəpik) manat məbləğində faiz borcu, 1175 (min yüz yetmiş beş) manat məbləğində dəbbə pulu və 168 (yüz altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26168,69 (iyirmi altı min yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23505,16 (iyirmi üç min beş yüz beş manat on altı qəpik) manat məbləğində əsas borc, 1320,53 (min üç yüz iyirmi manat əlli üç qəpik) manat məbləğində faiz borcu, 1175 (min yüz yetmiş beş) manat məbləğində dəbbə pulu və 168 (yüz altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26168,69 (iyirmi altı min yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar