Məhkəmə qərarları › İş №e-2-2(119)-1687/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1687/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1687/2024 18.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində göstərilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi hüquqi şəxs olmadığından, mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi, yəni iddiaçı qismində çıxış edə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi öz fəaliyyəti ilə məhkəmədə aparılan mülki icraatda hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülkiprosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.5-ci madəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (maddə 45.1) və hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi - hüquqi şəxsin təsis sənədidir (maddə 47.1). Həmin Məcəllənin 53.1-ci maddəsinin tələblərinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinin tələblərinə görə, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının adı və ünvanı göstərilsə də, iş üzrə cavabdehin adı və ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçı ilə yanaşı, cavabdehin də adı və ünvanı, yəni hər bir proses iştirakçısının adı və ünvanı göstərilməlidir. Həmçinin, hazırkı iddia tələbinə baxılması üçün zəruri sənədlər, yəni iddia tələbinin əsaslılığını sübut edən sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmamışdır (məhkəməyə yalnız iddia ərizəsi təqdim olunmuşdur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "borcun silinməsi" tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinin tələblərinə əsasən, sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinin tələblərinə görə, ərizədə cavabdehin də adı və ünvanı, iddiaçının tələbi və onun əsaslandığı hallar və tələbin əsaslığını təsdiq edən sənədlər də göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin Mülki-Prosessual Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2 - 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: İddiaçı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "borcun silinməsi" tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar