Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-169/2024 15.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib olunmuş 19 iyul 2023-cü il tarixli 602039 saylı aktın ləğv edilməsi, bu akt əsasında hesablanmış su pulu sərfiyyatının dəyəri kimi tələb olunan 4082 (dörd min səksən iki) manat məbləğində əsassız borcun silinməsi və qanunsuz tutulmuş məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş) sənədlərlə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsi təsdiq olunmur. İlk növbədə müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmuş sənədlərlə iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin "Onlayn Kargüzarlıq” vasitəsilə cavabdehə göndərilməsi müəyyən olunsa da, həmin sənədin özü, yəni pretenziya məktubunun mətni məhkəməyə təqdim olunmamışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsi ilə bağlı məktub və iddia ərizəsi eyni tarixdə - 11 yanvar 2024-cü il tarixində "Onlayn Kargüzarlıq” vasitəsilə cavabdehə göndərilmiş, həmin tarixdə, yəni, 11 yanvar 2024-cü il tarixində isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsi ilə bağlı məktub və iddia ərizəsinin cavabdehə eyni tarixdə göndərilməsi sonuncunun mübahisəli məsələyə münasibət bildirməsi imkanını məhdudlaşdırmaqla yanaşı, “Elektron məhkəmə” informasiya sisteminə pretenziya məktubunun əlavə edilməməsi məhkəməni mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına müddət baxımından riayət edilib-edilməməsini yoxlamaq imkanından məhrum etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, müəyyən edilmişdir ki, iddia ərizəsinin “Qoşma” hissəsinin 4-cü, 6-cı, 7-ci, 8-ci və 10-cu bəndlərində, müvafiq olaraq pretenziya məktubunun, xəbərdarlıq məktubunun, hesab fakturaların, iddiaçının VÖEN-in surətinin və icarə müqaviləsinin surətinin iddia ərizəsinə əlavə olunduğu göstərilsə də, həmin sənədlər faktiki olaraq ərizəyə əlavə edilməmiş, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməmişdir. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-169/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-169/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver