Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-590/2023 14.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı X2, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Tofiq oğlunun iştirakı ilə, iddiaçı X5 tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 26 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli akta əsasən iddiaçıya hesablanmış və silinməmiş 500 (beş yüz) manat məbləğində borcun iddiaçı X2 abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonunun Masazır kəndində yerləşən iddiaçıya məxsus sahibkarlıq obyekti olan qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə ilə əlaqədar quraşdırılmış sayğaca 23 noyabr 2020-ci il tarixdə iddiaçının iştirakı olmadan baxış keçirilərək, 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli akta tərtib edilmiş və həmin Aktda giriş qapısının çöl tərəfində quraşdırılmış sayğaca kənar müdaxilənin olduğu qeyd edilmişdir. Halbuki, iddiaçı tərəfindən sayğaca heç bir kənar təsir göstərilməmişdir. Nəticədə həmin Akta görə iddiaçıya əsassız olaraq 500 manat məbləğində cərimə borcu yazılmışdır. İddiaçı bu Akt əsasında yazılmış cərimədən xəbər tutduqdan sonra bu mübahisənin həll edilməsi üçün cavabdehə pretenziya məktubu göndərmiş olsa da, qarşı tərəf cavab verməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı tərəfindən bu mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiya təşkilatına da müraciət edilmişdir. Lakin qarşı tərəfin nümayəndəsi mediatorun çağırışına gəlməmiş və mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 23 noyabr 2020-ci ildə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mağazanın uçot dəstinə baxış keçirilən zaman sayğacın “giriş və çıxış qrifləri əriyib, işlədicilər şəbəkəyə birbaşa qoşulması və elektrik enerjisindən qanunsuz istifadə edilməsi” halı aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaların"ın (bundan sonra EEİQ) pozulması haqqında 23 noyabr 2020-ci il tarixli NDQ 008359 saylı akt tərtib edilmişdir. Tərtib edilmiş Akta əsasən EEİQnın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 8 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 564,57 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə “Azərişıq" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də, iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin, həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli akta əsasən ona məxsus sahibkarlıq obyekti olan mağazaya hesablanmış 500 manat əlavə sərfiyyat borcunun abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, iddiaçı X3 məxsus mağazanın elektrik enerjisi ilə təmin olunması ilə əlaqədar quraşdırılmış sayğaca hər ay baxış keçirən nəzarətçi tərəfindən verilən bildirişlər əsasında ödənişlər edilmişdir. Həmin sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş NDQ 008359 nömrəli Akt isə 23 noyabr 2020-ci ildə yazılmışdır və həmin Aktı tərtib edənlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamentinin əməkdaşları olmuşlar. Lakin, 23 noyabr 2020-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı X3 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən mağazanın sayğacına keçirilən və 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Aktın tərtib edilməsi ilə nəticələnən yoxlama X4 Reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı X3 (VÖEN **********) məxsus Abşeron rayonu Masazır kəndində yerləşən sahibkarlıq obyekti (mağaza) (abonent kodu: **********4) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Aktdan ("xxxx" ASC-nin əməkdaşları olan Hüseyn Kazımov və Elşən Hüseynov tərəfindən tərtib olunmuşdur) görünür ki, istehlakçı X3 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən sahibkarlıq obyektinin (mağazanın) (abonent kodu: **********4) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 1645-də baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “sayğacın giriş və çıxış qrifləri əriyib, işlədicilər şəbəkəyə birbaşa qoşulub. Ölçü ampermaşa ilə aparıldı: İ=18 A, Pfakt= 4 kvt, Psayğac=0 kvt” qeydləri aparılmışdır (Həmin Akt istehlakçı X5 tərəfindən imzalanmamış, X1 baxışda iştirak etmədiyi göstərilmiş və məlum yoxlamanın X4 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan istehlakçı X2 istifadəsində olan mağazaya (abonent kodu: **********4) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı X3 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən sahibkarlıq obyektinin (mağazanın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “sayğacın giriş və çıxış qrifləri əriməsi, işlədicilər şəbəkəyə birbaşa qoşulması” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar yenidən hesablama aparılmış və həmin hesabatla 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi 15 dekabr 2020-ci ildə istehlakçı X2 hesabına daxil edilmişdir. Yəni, 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Akta əsasən istehlakçı X3 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən mağazanın hesabına 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Akta əsasən iddia ərizəsində qeyd olunan “500 (beş yüz) manat məbləğində” deyil, birdəfəlik 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanmışdır. İş materiallarında olan istehlakçı X2 istifadəsində olan mağazaya (abonent kodu: **********4) aid Abunə haqqında Hesabatlarda olan göstəricilərə əsasən müəyyən olunur ki, 2017-ci ildən etibarən İstehlakçı tərəfindən mütəmadi olaraq enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəmadi olaraq hər ay sayğacın oxunması nəticəsində təqdim edilən hesabatlar üzrə istifadə edilən elektrik enerjisi üzrə müvafiq ödənişləri edilmiş və mübahisəli dövrü əhatə edən aylar üzrə də istehlak olunan elektrik enerjisinin hesabatları və həmin istahlak üzrə müvafiq ödənişlərin aparılması da mövcuddur. Yəni, Abunə haqqında Hesabatlarda olan məlumatlarla müəyyən olunur ki, 2017-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən elektrik enerjisinin hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə və həmçinin - 25 avqust 2020-ci ildə 10 manat, 31 avqust 2020-ci ildə 30 manat, 06 oktyabr 2020-ci il tarixdə 40 manat, 09 oktyabr 2020-ci ildə 100 manat, 12 oktyabr 2020-ci ildə 20 manat, 04 noyabr 2020-ci ildə 20 manat, 16 noyabr 2020-ci ildə 30 manat, 10 dekabr 2020-ci ildə 70 manat məbləğlərində ödənişlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, enerjitəchizati müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Akt əsasında Abşeron rayonu Masazır kəndində yerləşən mağazaya (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində borcla istehlakçı X5 (VÖEN **********) razılaşmayaraq, həmin borcun 500 (beş yüz) manat hissəsinin silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvafiq qaydada müraciət olunmuş və eyni zamanda, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X5 tərəfindən mediatora müraciət edilərək, müvafiq mediasiya prosesi aparılmışdır. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X4 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X4 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı X3 (VÖEN **********) məxsus Abşeron rayonu Masazır kəndində yerləşən mağazaya (abonent kodu **********4) quraşdırılmış elektrik hesabat sayğacına 23 noyabr 2020-ci ildə baxış keçirilən zaman “sayğacın giriş və çıxış qrifləri əriməsi, işlədicilər şəbəkəyə birbaşa qoşulması” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Akta əsasən İstehlakçıya 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 564,57 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 23 noyabr 2020-ci ildə istehlakçı X3 məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X4 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X4 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı əlavə sərfiyyat olaraq 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində borcun hesablanması ilə nəticələnmiş yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə uyğun aparılması təsdiq olunmamış və həmin yoxlama əsasında tərtib edilmiş 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Aktın Qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi müəyyən olunmamışdır. Lakin, iddiaçı məlum Akt əsasında əlavə sərfiyyat kimi hesablanmış 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində borcun hamısını deyil, “500 (beş yüz) manat hissəsinin silinməsi” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının iddia tələbində göstərilən məbləğ üzrə, yəni “500 (beş yüz) manat borcun silinməsi” barədə verilmiş iddia tələbi üzrə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X3 (VÖEN **********) məxsus Abşeron rayonu Masazır kəndində yerləşən mağazaya (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 564,57 manat məbləğində borcun 500 manat hissəsi silinməlidir. Həmçinin, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 noyabr 2020-ci il tarixli NDQ 008359 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X3 (VÖEN **********) məxsus Abşeron rayonu Masazır kəndində yerləşən mağazaya (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 564,57 (beş yüz altmış dörd manat 57 qəpik) manat məbləğində borcun 500 (beş yüz) manat hissəsi silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-590/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-590/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver