Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-476/2024 06.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Salədin qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə hesablanmış 1165,62 (min yüz altmış beş manat altmış iki qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 aprel 2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektində quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğac istismara yararsız olduğu üçün iddiaçının hesabına yeni smart sayğac qoyulmuşdur. Köhnə sayğacda elektron platanın işləməməsi, sistem problemi aşkar edilmişdir. Ancaq qeyd olunmuşdur ki, mexaniki hissə işləkdir, hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər. Bu zaman iddiaçının sayğac üzrə 736 manat borcunun olması müəyyən edilmiş və o, həmin məbləği tam şəkildə ödəmişdir. İddiaçı yeni smart sayğac qoyulduqdan sonra yalnız karta pul ödəməklə sudan istifadə etmişdir və bu görə onun hər hansı borcu yarana bilməz. Ancaq hazırda onun abonent haqqında məlumat sənədində 1165,62 manat borc göstərilir və karta ödədiyi pullar həmin borca görə silinir. Bu isə onun bir sahibkar kimi hüquqlarını pozur. Cədvəldə göstərilən borcun hər hansı bir mənbəyi (akt, cərimə və sairə ) yoxdur. Ona görə də həmin borc onun hesabından silinməlidir. İddiaçı bu barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə pretenziya göndərmiş, lakin pretenziyaya cavab gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə 18 sentyabr 2012-ci il tarixdə su sayğacı quraşdırılmışdır. İstismara yararlılıq müddəti bitdiyinə və elektron hissə işləmədiyinə görə quraşdırılmış həmin sayğac sökülərək yerinə 17 aprel 2023-cü il tarixdə Smart tipli, 00268890 nömrəli yeni sayğac quraşdırılmışdır. Sökülən sayğac Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X2 İdarəsi “X1 Laboratoriyası”na göndərilmiş və laboratoriyada müəyyən olunmuşdur ki, elektron plata işləmir. Laboratoriya rəyinə əsasən iddiaçıya 1199 (min yüz doxsan doqquz) manat məbləğində borc hesablanmışdır. Həmin məbləğ abonent haqqında məlumat sənədində öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - “Smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə” 17 aprel 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə (daş sexinə) quraşdırılmış ”Alfasu-15” markalı 50123584 zavod nömrəli su sayğacı 17 aprel 2023-cü il tarixdə çıxarılaraq yeni sayğacla əvəzlənmişdir. Həmin aktda “ünvanda olan su sayğacı istismara yararsız olduğundan abonentin öz hesabına yenisi ilə əvəzləndi və plomblanaraq abonentə təhvil verildi. Sökülmüş sayğac labaratoriya sınağına göndərildi. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti plombu aşkarlanmadı, zavod möhürü yerində, plomb-1 ədəd” qeydi aparılmışdır. - Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X2 İdarəsi “X1 Laboratoriyası”nın 19 aprel 2023-cü il tarixli 23584/0249200 nömrəli rəyinə əsasən laborator yoxlama nəticəsində İddiaçı məxsus ”Alfasu-15” markalı 50123584 zavod nömrəli sayğacın elektron platasının işləmədiyi, sayğacın mexaniki hissəsinin işlək olduğu, hesabatın mexaniki göstəriciyə əsasən aparıla biləcəyi, sayğacın təmirə yararlı olduğu, suölçən cihazın istismara yararsız olduğu müəyyən edilmişdir. - Abonent haqqında məlumatdan görünür ki, 2023-cü ilin avqust ayında sudan qanunsuz istifadəyə görə İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə (daş sexinə) 1199 (min yüz doxsan doqquz) manat məbləğində borc qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 aprel 2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 152619) baxış keçirilmiş, obyektdə ”Alfasu-15” markalı 50123584 zavod nömrəli su sayğacı istismara yararsız olduğundan çıxarılaraq yeni sayğacla əvəzlənmişdir. Sökülmüş sayğac Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X2 İdarəsi “X1 Laboratoriyası”na göndərilmiş, laborator yoxlamanın nəticəsində elektron platanın işləmədiyi, sayğacın mexaniki hissəsinin işlək olduğu, hesabatın mexaniki göstəriciyə əsasən aparıla biləcəyi, sayğacın təmirə yararlı olduğu, suölçən cihazın istismara yararsız olduğu müəyyən edilmiş və bu barədə 19 aprel 2023-cü il tarixli 23584/0249200 nömrəli rəy tərtib edilmişdir. Həmin yoxlamanıın nəticəsində cavabdehə 1199 (min yüz doxsan doqquz) manat məbləğində borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 152619) hesablanmış və iddia tələbində göstərilən 1165,62 (min yüz altmış beş manat altmış iki qəpik) manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “cavabdehdən ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinə uyğun olaraq hesablanan 31,66 (otuz bir manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə (daş sexi) (abonent kodu 152619) hesablanmış 1165,62 (min yüz altmış beş manat altmış iki qəpik) manat məbləğində borc silinməli və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş 31,66 (otuz bir manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt-Bakı yolu, ev 6 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 152619) hesablanmış 1165,62 (min yüz altmış beş manat altmış iki) manat məbləğində borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş 31,66 (otuz bir manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-476/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-476/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver