Məhkəmə qərarları › İş №e-2-2(119)-1691/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1691/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1691/2022 26.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə həmin müqavilə üzrə 10587,19 manat əsas borc, 963,9 manat faiz borcu, 103,07 manat cərimə olmaqla, cəmi 11654,16 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 18 ay müddətinə 17000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 29 yanvar 2021-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 30 aprel 2022-ci il tarixədək, 08 iyun 2021-ci il tarixli Əlavə sazişə əsasən isə kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 24 iyun 2022-ci il tarixədək Cavabdeh1 banka 10587,19 manat əsas borcu, 963,9 manat faiz borcu və 103,07 manat cərimə olmaqla, cəmi 11654,16 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabadehlər Cavabdeh1 və Cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 21 noyabr 2022-ci il tarix keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsində göstərilən kreditin götürüldüyünü, müəyyən ödənişlər edildiyini, daha sonra pandemiya şəraiti ilə əlaqədar ödəniş olunmadığını bildirmiş və bankla razılığa gəlmək üçün məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Lakin o, sonrakı məhkəmə baxış iclaslarına gəlməmişdir. İş materiallarında olan: - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə 18 ay müddətinə 17000 manat kredit götürmüş (kredit üzrə faiz dərəcəsi 24 %, faktiki illik faiz dərəcəsi 25,37%, illik cərimə faiz dərəcəsi 72 %), kreditin təminatı olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsi göstərilmişdir. - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsinə həmin tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş, həmin əlavəni borcalan Cavabdeh1 imza etmiş və ödənişin son tarixi 24 mart 2022-ci il müəyyən olunmuşdur. -24 sentyabr 2022-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli zaminlik müqaviləsindən görünür ki, bankdan kredit götürmüş borcalan Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsinə 29 yanvar 2021-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14901,66 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2022-ci il tarixədək uzadılmışdır - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli zaminlik müqaviləsinə 29 yanvar 2021-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14901,66 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2022-ci il tarixədək uzadılmışdır. - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsinə 29 yanvar 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş, həmin əlavəni borcalan Cavabdeh1 imza etmiş və ödənişin son tarixi 30 aprel 2022-ci il müəyyən olunmuşdur. -24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsinə 08 iyun 2021-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 12555,38 manat müəyyənləşdirilmiş kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır. -24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli zaminlik müqaviləsinə 08 iyun 2021-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 12555,38 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır. - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsinə 08 iyun 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş, həmin əlavəni borcalan Cavabdeh1 imza etmiş və ödənişin son tarixi 30 aprel 2024-cü il müəyyən olunmuşdur. - 24 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10587,19 manat məbləğində əsas borcu, 963,90 manat məbləğində faiz borcu, 103,07 manat məbləğində cərimə olmaqla, cəmi 11654,16 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi; - kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsi üzrə 10587,19 (on min beş yüz səksən yeddi manat 19 qəpik) manat məbləğində əsas bоrc, 963,90 (doqquz yüz altmış üç manat 90 qəpik) manat məbləğində faiz borcu, 103,07 (yüz üç manat 07 qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 24 sentyabr 2022-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10587,19 manat məbləğində əsas bоrc, 963,90 manat məbləğində faiz borcu, 103,07 manat məbləğində cərimə olmaqla, cəmi 11654,16 manat məbləğində pul vəsaiti tutulmalı və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış - 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124,96 (yüz iyirmi dörd manat 96 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1 -ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10587,19 (on min beş yüz səksən yeddi manat 19 qəpik) manat məbləğində əsas bоrc, 963,90 (doqquz yüz altmış üç manat 90 qəpik) manat məbləğində faiz borcu, 103,07 (yüz üç manat 07 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 11854,16 (on bir min səkkiz yüz əlli dörd manat 16 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 4-MZ-2-0-1611-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 124,96 (yüz iyirmi dörd manat 96 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar