Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1695/2025 07.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 1776,85 (min yeddi yüz yetmiş altı manat, səksən beş qəpik) manat məbləğində əsas borc, 308,71 (üç yüz səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində faiz bоrcu, 85,75 (səksən beş manat, yetmiş beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2171,31 (iki min yüz yetmiş bir manat, otuz bir qəpik) manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41,72 (qırx bir manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə cavabdehlərdən müştərək qaydada tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və borcalan qismində Cavabdeh1, zamin qismində Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027L**********58 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 iddiaçı ilə bağladığı 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 02 oktyabr 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 28223,15 manat ödəmiş, onun 1776,85 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20 iyun 2025-ci il tarixə 261 gün üçün hesablanmış faiz borcu 308,71 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 20 iyun 2025-ci il tarixə 261 gün üçün hеsablanmış cərimə 85,75 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 ilə bank arasında bağlanılmış 02 oktyabr 2023-cü il tarixli ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0,1 hektar həyətyanı torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın həyat yoldaşı Maraqlı şəxs Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqlarından ibarət 0,10 hektarlı həyətyanı torpaq sahəsi ilə bağlı ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İddiaçı 06 noyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 1776,85 (min yeddi yüz yetmiş altı manat, səksən beş qəpik) manat məbləğində əsas borc, 308,71 (üç yüz səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində faiz bоrcu, 85,75 (səksən beş manat, yetmiş beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2171,31 (iki min yüz yetmiş bir manat, otuz bir qəpik) manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının, mütəxəssis tədqiqatı ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41,72 (qırx bir manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə cavabdehlərdən müştərək qaydada tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər və mübahisə predmeti barəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin, cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 23 sentyabr 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və 20 gün ərzində borc məbləğini ödəyəcəkdir. İpoteka predmeti olan əmlakın ipoteka müqaviləsində müəyyən edilmiş ilkin satış qiyməti ilə razı deyildir. Belə ki, həmin torpaq shaəsini 20000 manat məbləğinə almışdır, torpaq sahəsi daxilində 25000 manat dəyərində tikinti işləri həyata keçirmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh1 və zamin qismində Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027L**********58 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh1 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 30000 manat olan krediti illik faiz dərəcəsi 23 % olmaqla 12 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 02 oktyabr 2023-cü il tarixli 027L**********58 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 02 oktyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsini) 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində bağlanmış 027L**********58 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 15000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 20 iyun 2025-ci il tarixli OUT-2025/06/20-25 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 1776,85 manat məbləğində əsas bоrc, 308,71 manat məbləğində faiz borcu və 85,75 manat məbləğində cərimə оlmaqla, cəmi 2171,31 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 oktyabr 2025-ci il tarixli 0021/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsinin likvid dəyəri 24300 manat, bazar dəyəri 27000 manat məbləğində təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027L**********58 uzunmüddətli kredit müqaviləsi, 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 1776,85 manat məbləğində əsas borcun və 308,71 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 85,75 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027L**********58 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsində, eləcə də 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. İddiaçı ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2025-ci il tarixli 02-258/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 0.1 hektar həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti 24300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 41,72 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 21 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 41,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 40,85 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 120 manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 01 iyul 2025-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan 01 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 120 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 27 oktyabr 2025-ci il tarixli ödəniş qəbzi üzrə mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 1776,85 manat məbləğində əsas borc, 308,71 manat məbləğində faiz bоrcu, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 120 manat məbləğində xidmət haqqının, 300 manat məbləğində mütəxəssis tədqiqatı ilə əlaqədar ödənilmiş xidmət haqqının və 40,85 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2561,41 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 2561,41 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqlarından ibarət 0.10 hektar həyətyanı torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 2561,41 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqlarından ibarət 0.10 hektar həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti 24300 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 1776,85 (min yeddi yüz yetmiş altı manat, səksən beş qəpik) manat məbləğində əsas borc, 308,71 (üç yüz səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində faiz bоrcu, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının, 300 (üç yüz) manat məbləğində mütəxəssis tədqiqatı ilə əlaqədar ödənilmiş xidmət haqqının və 40,85 (qırx manat, səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2561,41 (iki min beş yüz altmış bir manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 2561,41 (iki min beş yüz altmış bir manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqlarından ibarət 0.10 hektar həyətyanı torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 2561,41 (iki min beş yüz altmış bir manat, qırx bir qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqlarından ibarət 0.10 hektar həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti 24300 (iyirmi dörd min üç yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1695/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1695/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver