Məhkəmə qərarları › İş №e-2-2(119)-17/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-17/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-17/2025 18.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı X1 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı X1 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı X1 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8505,42 (səkkiz min beş yüz beş ABŞ dolları, qırx iki sent) ABŞ dolları məbləğində əsas borc, 2321,29 (iki min üç yüz iyirmi bir ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 2586 (iki min beş yüz səksən altı) ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1233,1 (min iki yüz otuz üç ABŞ Dolları, on sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 14645,81 (on dörd min altı yüz qırx beş ABŞ Dolları, səksən bir sent) ABŞ Dolları məbləğində pul vəsaitinin, eləcə də ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiyaya dair xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0558 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavbdehdən tutulması, əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 mart 2015-ci il tarixdə 366/041-USD nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 14400 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə 03 mart 2016-cı il tarixdə 01 saylı Əlavə saziş bağlanmış, həmin sazişə əsasən cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı 11689,99 ABŞ Dolları müəyyən edilmiş, kreditin müddəti 40 ayadək uzadılmışdır. Həmçinin 31 may 2017-ci il tarixli 02 saylı Əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı 9933,45 ABŞ Dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 02 sentyabr 2020-ci il tarixədək təyin edilir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,0558 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Əmlakın ipotekaya qoyulması barədə tərəflər arasında 12 mart 2015-ci il tarixli İP-366 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. 31 may 2017-ci il tarixdə 12 mart 2015-ci il tarixli İP-366 nömrəli ipoteka müqaviləsi üzrə 02 saylı Əlavə saziş bağlanmışdır. 14 oktyabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” 14 oktyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02034 nömrəli arayış tərtib edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və iddiaçıya olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi 13 dekabr 2023-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi eyni tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, 12 mart 2015-ci il tarixli 366/041-USD nömrəli kredit müqaviləsi üzrə 31 may 2017-ci il tarixdə 02 saylı Əlavə saziş bağlanmış, həmin sazişə əsasən cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı 9933,45 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, müqavilə 12 mart 2015-ci il tarixdə 36 ay müddətinə imzalanmış və sonradan həmin kredit müqaviləsinə əlavə sazişlər bağlanaraq kredit müqaviləsinin müddəti 02 sentyabr 2020-ci il tarixədək təyin edilmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti 02 sentyabr 2023-cü il tarixdə bitdiyi halda, iddiaçı həmin kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə 25 oktyabr 2023-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, 12 mart 2015-ci il tarixli kredit müqaviləsi, daha sonra həmin müqaviləyə dair 1 və 2 nömrəli Əlavə sazişlər bağlanmışdır. Cavabdeh həmin müqavilə və sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunmuşdur ki, mediasiya təklifi göndərildiyi andan iddia müddətinin axımı dayanır. Kredit müqaviləsinin müddəti 02 sentyabr 2023-cü il tarixində bitmişdir. Mediasiya barədə təklif isə 21 avqust 2023-cü il tarixdə cavabdehə göndərilmişdir. Bu zaman 12 günlük müddət yaranmışdır. 16 oktyabr 2023-cü il tarixdə mediasiya prosesinin başa çatması barədə arayış alınmışdır. Belə ki, iddiaçının 28 oktyabr 2023-cü il tarixə qədər məhkəməyə müraciət etmək imkanı yaranmışdır. İddia ərizəsi ilə isə məhkəməyə 25 oktyabr 2023-cü il tarixdə müraciət edilmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Bundan başqa, 31 may 2017-ci il tarixli kredit müqaviləsi və 02 nömrəli Əlavə Saziş bağlanılan zaman ipoteka müqaviləsinə 05 mart 2016-cı il tarixli 1 nömrəli Əlavə sazişin müvafiq dövlət orqanında qeydiyyatına dair çıxarış qüvvədə olduğu üçün yenidən çıxarış alınmasına zərurət olmamışdır. Çünki 40 aylıq müddət əlavə sazişin bağlandığı müddəti də əhatə etmiş, yüklülüyə dair əlavə çıxarış verilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək izahatlarında ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində, həmçinin məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuş qiymətləri ilə razı olmadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2015ci il tarixli 366/041 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor (İddiaçı ASC) borcalana (Cavabdeh) 14400 ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borcalan kreditora illik 24 faiz dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 26,09 faiz təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 faiz dərəcəsilə, aylıq isə 4 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecikdirildiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən, xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödənilən günə İddiaçı ASC-nin nağd valyutanın alğısatqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə konvertasiya edilərək borcun ödənilməsinə yönəldilir. İş materiallarında olan 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, Cavabdeh banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 12 mart 2018-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsinə 03 mart 2016-cı il tarixli 01 nömrəli Əlavə sazişin 2.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11689,99 ABŞ dolları təşkil edir. Həmin sazişin 3.2-ci bəndinə əsasən, bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. İş materiallarında olan həmin ödəniş cədvəlinə əsasən, Cavabdeh banka olan borcunun ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 03 iyul 2019-cu il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsinə 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişin 1.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 9933,45 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığının tərkibini 9027,2 ABŞ dolları məbləğində əsas borc, 799,6 ABŞ dolları məbləğində faiz borcu, 106,65 ABŞ dolları məbləğində cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 02 sentyabr 2020-ci il tarixədək təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, cavabdehin son ödəmə tarixi 02 sentyabr 2020-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli **********088 nömrəli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 11 avqust 2023-cü il tarixinə 8505,42 ABŞ dolları məbləğində əsas borc, 2321,29 ABŞ dolları məbləğində faiz borcu, 2586 ABŞ dolları məbləğində cərimə, 1233,1 ABŞ məbləğində dolları gecikdirilmiş vaxt üçün faiz borcu vardır. İş materiallarında olan 12 mart 2015-ci il tarixli İP-366 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan/ipoteka qoyan (cavabdeh) müıkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora/ipoteka saxlayana (iddiaçıya) verir. Həmin müqavilənin 3.1-ci bəndində ipotekaya verilən predmetin təsviri “Cavabdeh məxsus olan ünvan 1 nömrəli fərdi yaşayış evi, ümumi sahəsi: 102,7 m2, yaşayış sahəsi: 61,8 m2 olan, 1 mərtəbəli 2 otaqdan ibarət olan” qeyd edilmişdir. İpotekaya qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 dekabr 2008-ci il tarixli MH ******* saylı çıxarışla təsdiq edilir. İş materiallarında olan 12 mart 2015-ci il tarixli İP-366 nömrəli ipoteka müqaviləsinə 03 mart 2016-cı il tarixli 01 nömrəli Əlavə sazişin 7.1-ci bəndinə əsasən, bu Əlavə saziş tərəflər onu imzaladığı gündən bağlanmış, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra isə qüvvəyə minmiş hesab edilir və tərəflər bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan 12 mart 2015-ci il tarixli İP-366 nömrəli ipoteka müqaviləsinə 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişin 7.1-ci bəndinə əsasən, bu Əlavə saziş tərəflər onu imzaladığı gündən bağlanmış, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra isə qüvvəyə minmiş hesab edilir və tərəflər bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0558 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 12 may 2015-ci ildən başlayaraq 36 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış ******* nömrəli çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0558 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 12 may 2015-ci ildən başlayaraq 36 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış ******* nömrəli çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsi ünvanında 2 nömrəli fərdi yaşayış evi 12 may 2015-ci ildən başlayaraq 40 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli **********923 nömrəli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh mübahisəsinin mediasiya qaydasında həll edilməsi ilə bağlı təklif ünvanlanmışdır. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli **********925 nömrəli ilkin mediasiya sessiyası üçün ərizədən görünür ki, iddiaçı tərəfindən Cavabdehlə mübahisəsinin mediasiya qaydasında həll edilməsi ilə bağlı müraciət edilmişdir. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli MŞS/MT-030/2023-02034 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və Cavabdeh iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş 06 fevral 2024-cü il tarixli 9/173 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 12 mart 2015-ci il tarixli 366/041-USD nömrəli kredit müqaviləsi və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə saziş üzrə 02 sentyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə illik 8 % dərəcəsi ilə) 8561,84 ABŞ dolları məbləğində əsas, 2056,56 ABŞ dolları məbləğində faiz borcu, 02 sentyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə illik 8 % dərəcəsi ilə) 8561,84 ABŞ dolları məbləğində əsas, 2056,56 ABŞ dolları məbləğində faiz borcu, 5 faizlə hesablanmış 1259,3 ABŞ məbləğində dolları məbləğində faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan 12 mart 2015-ci il tarixli 366/041-USD nömrəli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. İş materiallarında olan “ekspert rəyində aşkar edilən texniki səhvin izahı barədə” məlumat sənədində “06 fevral 2024-cü il tarixli 9/173 nömrəli ekspert rəyinin nəticə hissəsində texniki səhv olaraq ikinci dəfə qeyd edilmiş “xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə illik 8 % dərəcəsi ilə) əvəzinə xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə ilik 5 % dərəcəsi ilə) qeyd olunmalıdır” qeyd edilmişdir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” sənədindən görünür ki, Cavabdeh restrukturizasiya təklif olunan kredit borcu 14459,22 manat məbləğində təşkil edir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 23 oktyabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məktubdan görünür ki, “müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaxın ərazidə yerləşən oxşar şəraitli analoji fərdi yaşayış evlərinin satışına dair yerli internet saytlarında elan olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmadı.” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 yanvar 2025-ci il tarixli 02-177/24 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0558 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 27 yanvar 2025-ci il tarixinə likvid dəyəri 76000 manat təşkil edir. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli əməliyyat nömrəsi **********2 olan ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına 200 manat köçürülmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 07 aprel 2025ci il tarixli 3-21-3-32/2-5143/2025 nömrəli məktubun məzmununda “sizin məktubda qeyd olunan Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində məhdudiyyətin və yüklülüyün olub-olmaması barədə məlumat verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 1 ünvanında fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin Xəzər filialının xeyrinə xx.xx.2015-ci il tarixli, İP-366 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə ipotekanın əlavə qeydiyyatı və xx.xx.2023-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır.” qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 07 aprel 2025ci il tarixli 3-21-3-32/2-5221/2025 nömrəli məktubun məzmununda “müraciətinizlə əlaqədar olaraq bildiririk ki, arxiv əsaslarında 12 mart 2015-ci il tarixli İP-366 reyestr nömrəli ipoteka müqaviləsi üzrə bağlanmış 31 may 2017-ci il tarixli 2 saylı əlavə saziş aşkar edilməmişdir.” qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 379.1.6-cı maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə, ipoteka predmeti özgəninkiləşdirildikdə aparılır. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 03 mart 2016-cı il tarixli 01 nömrəli və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişlər üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsi, həmin kredit müqaviləsinə 03 mart 2016-cı il tarixli 01 nömrəli Əlavə saziş və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə saziş üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 06 fevral 2024-cü il tarixli 9/173 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 06 fevral 2024-cü il tarixli 9/173 nömrəli ekspert rəyində cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə 02 sentyabr 2020-ci il tarixə əsas borcun 8561,84 ABŞ dolları məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 8505,42 ABŞ dolları məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 8505,42 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 8505,42 ABŞ dolları manat məbləğində əsas borc tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 12 mart 2015-ci il tarixli 366/041 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 03 mart 2016-cı il tarixli 01 nömrəli və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişlər üzrə 8505,42 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin 2321,29 ABŞ dolları faiz borcu, 2586 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1233,1 ABŞ dolları faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, araşdırma zaman müəyyən edilmişdir ki, cavabdehin götürdüyü kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun 14459,22 manat (8505,42 ABŞ dolları) olduğu qeyd edilmişdir. Buna görə də, iddia tələbinin müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilməməlidir. Cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə, ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda istinad edilmiş 379.1.6-cı maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Belə ki, cavabdehlə 12 mart 2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında bağlanmış 03 mart 2016-cı il tarixli və 31 may 2017-ci il tarixli Əlavə sazişlərlə cavabdehin son ödəniş tarixinin 02 sentyabr 2020-ci il olması razılaşdırılmışdır. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, həmin tarixdən etibarən “tərəflər arasında mediasiya prosesinin tətbiqi” prosesi başlanmış və buna görə də iddiaçının iddia müddətinin başa çatması tarixinə (02 sentyabr 2023-cü il tarixinə) 16 gün qalmış iddia müddətinin axımı dayanmışdır. 14 oktyabr 2023-cü il tarixli MŞS/MT-030/2023-02034 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və Cavabdeh iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmiş, yəni mediasiya prosesinə həmin gündən etibarən xitam verilmiş və iddia müddətinin axımı davam etməyə başlamışdır. Belə ki, 14 oktyabr 2023-cü il tarixinə qalıq iddia müddətini (16 gün) əlavə etdikdə müddətin bitməsi tarixi - 30 oktyabr 2023-cü il kimi müəyyənləşdirilir. Hazırkı iddia ilə isə məhkəməyə 25 oktyabr 2023-cü il tarixində müraciət edilmişdir. Başqa sözlə, Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən, iddiaçı müqavilə tələbi üzrə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin tutmanının ipoteka predmetinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 12 mart 2015-ci il tarixli İP-366 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,0558 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında kredit müqaviləsi üzrə bağlanmış əlavə sazişlərə uyğun olaraq 12 mart 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə 03 mart 2016-cı il və 31 may 2017-ci il tarixli əlavə sazişlər bağlanmışdır. Lakin 31 may 2017-ci il tarixli əlavə saziş qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Halbuki Mülki Məcəllənin yuxarıda istinad edilən 309.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmçinin tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli ipoteka müqaviləsinə 2 saylı Əlavə sazişin 7.1-ci bəndinə əsasən, həmin saziş qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minmiş hesab edilir. İddiaçı tərəfindən müqavilənin dövlət qeydiyyatına alınmasını təsdiq edən müvafiq sənəd təqdim edilmədiyindən, həmçinin 4 saylı Abşeron Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 07 aprel 2025-ci il tarixli 3-21-3-32/2-5221/2025 nömrəli məktubun məzmununda idarənin arxiv əsaslarında 12 mart 2015-ci il tarixli İP-366 reyestr nömrəli ipoteka müqaviləsi üzrə bağlanmış 31 may 2017-ci il tarixli 2 saylı əlavə sazişin aşkar edilmədiyi qeyd edildiyindən iddia tələbi həmin hissələrdə də təmin edilə bilməz. Tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli ipoteka müqaviləsinə 2 saylı Əlavə sazişin 7.1-ci bəndi əsas götürüldükdə, nəzərə alınmalıdır ki, həmin müqavilə qüvvəyə minməmiş, yəni cavabdehin mövcud olmuş ipoteka öhdəliyi qüvvədən düşmüşdür. İddia tələbinin mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş 14 oktyabr 2023-cü il tarixli MŞS/MT-030/2023-02034 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və cavabdeh iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən mediatora ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin 105 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 13 sentyabr 2023-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan xidmət haqqının ödənilməsi barədə ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 133,38 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti Cavabdeh dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli 9/173 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8505,42 ABŞ dolları məbləğində əsas borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, 105 manat məbləğində mediasiya xərcinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 133,38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 8505,42 (səkkiz min beş yüz beş ABŞ Dolları, qırx iki sent) ABŞ dolları məbləğində əsas borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının və 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 133,38 (yüz otuz üç manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar