Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-170/2022 24.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 07 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat əsas borc və 4000 (dörd min) manat zərər olmaqla, ümumilikdə 18678,33 (on səkkiz min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat borcun, iş üzrə ödənilmiş 200 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 21 iyun 1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyun 2020-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. İddiaçı QSC tərəfindən Cavabdehnə 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları verilmişdir. Lakin, Cavabdeh İddiaçıdan aldığı preparatların dəyəri olan 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə aralarında 23 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə cavabdehə İddiaçı QSC-yə olan 14678,33 manat borcunu ödəməsini bildirsələr də, cavadeh Cavabdeh MMC hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 25 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada Cavabdehnə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilmiş olsa da, bu günə qədər həmin yazılı məktuba hər-hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 06 oktyabr 2021-ci il tarixli 005/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 200 manat mediasiya xərci ödənilmişdir. Odur ki, Cavabdeh MMC-dən 14678,33 manat borcu başqa qaydada ala bilmədiyindən İddiaçı QSC məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi tərəfindən 28 fevral 2022-ci ildə məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Elektron məhkəmə portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məcəllənin 407.2-ci maddəsinə əsasən isə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir. Lakin, iddiaçı qeyd edilən malları hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 fevral 2021ci il tarixində qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdeh "xxxx" MMC-in adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə- fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 14678,33 manat əsas borc və 4000 manat zərər olmaqla, ümumilikdə 18678,33 manat məbləğində borcun, iş üzrə ödənilmiş 200 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında kənd təsərrüfatı məhsullarının becərilməsi ilə əlaqədar zəruri olan bitki mühafizə və dərman vasitələrinin alqı-satqısı üçün “satıcı” olaraq iddiaçı “EMA" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvafiq müqavilə tərtib edilib imzalanaraq “alıcı” qismində imzalanması üçün Cavabdehnə göndərilmiş olsa da, sonuncu həmin müqaviləni imzalayıb iddiaçıya qaytarmamışdır. Bununla belə, cavabdehin tələb etdiyi ümumilikdə 14678,33 manat dəyərində dərman vasitələri cavabdehə nisyə satılmış və bununla bağlı müvafiq qaydada tərtib edilən elektron qaimələr “alıcı” olaraq Cavabdehnə təqdim edilmişdir. Cavabdeh tərəf təqdim olunan həmin üç ədəd elektron qaimələrə etiraz etməmiş və elektron qaimələr müvafiq qaydada təsdiq olunmuşdur. Bununla belə, iddiaçı tərəf dəfələrlə cavabdeh tərəfdən aldığı dərman vasitələrinin pulunu tələb etsə də, cavabdeh tərəf müxtəlif bəhanələrlə aldığı dərmanların pulunu ödəməkdən yayınaraq, cəmi 14678,33 manat məbləğində borcunu ödəməmişdir. Buna görə də, tərəflər arasında 14678,33 manat məbləğində borcun olması barədə müvafiq qaydada 23 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunaraq imzalanmışdır. Lakin, həmin Akt tərtib olunduqdan sonra da cavabdeh borcunu ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini – tələb olunan borcla əlaqədar tərəflər arasında hər hansı bir öhdəlik yaradan müqavilənin olmaması, iddiaçının təqdim etdiyi 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdeh direktoru, yəni qanuni təmsilçisi tərəfindən imzalanmaması, elektron sistem vasitəsi ilə göndərilmiş elektron qaimələrin isə cavabdeh tərəfindən deyil, sistemin özü tərəfindən təsdiq olunması və cavabdehin 14678,33 manat məbləğində borcunun olması ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə mötəbər hesab ediləcək sübutların təqdim olunmaması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) - “Satıcı”, Cavabdeh (VÖEN: **********) – “Alıcı” olaraq tərtib olunmuş 22 aprel 2020-ci il tarixli 1/20-069AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqavilə “Satıcı” "xxxx" QSC tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə “Alıcı” "xxxx" MMC tərəfindən imzalanmamışdır. Lakin, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, satıcı "xxxx" QSC tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən alıcı "xxxx" MMC-yə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatları verilmiş və bununla əlaqədar 22 aprel 2020-ci il, 14 iyul 2020-ci il və 22 sentyabr 2020-ci il tarixlərində "xxxx" MMC-yə müvafiq qaydada tərtib olunmuş Elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan Elekton Qaimələr ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC tərəfindən alıcı "xxxx" MMC-yə 22 aprel 2020-ci il tarixli EBAJ 048635 nömrəli Elektron Qaimə üzrə 1686,08 (min altı yüz səksən altı manat 08 qəpik) manat dəyərində, 14 iyul 2020-ci il tarixli EBAM 371768 nömrəli Elektron Qaimə üzrə 1045 (min qırx beş) manat dəyərində və 22 sentyabr 2020-ci il tarixli EBAQ 306401 nömrəli Elektron Qaimə üzrə 11947,25 (on bir min doqquz yüz qırx yeddi manat 25 qəpik) manat dəyərində olmaqla, ümumilikdə cəmi 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat məbləğində müxtəlif dərman preparatları (bitki mühafizə vasitələri) satılmışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt da təqdim olunmuş və həmin Aktda Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat məbləğində borc qalığının olduğu göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh tərəf həmin 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın aşağı sağ hissəsində "Direktor" sözünün qarşısında çəkilmiş imzanın Cavabdeh direktoru, yəni qanuni təmsilçisi X1 aid olmadığını bildirib, bununla bağlı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 may 2022-ci il tarixli 4/661 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdehnə aid hissəsinin “Direktor” qrafasındakı imza X2 (direktor-qanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilmişdir ki, hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsinin mövcud olmamasına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt Cavabdeh direktoru, yəni qanuni təmsilçisi X2 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq möhürlənməsinə baxmayaraq (həmin Akt Cavabdeh MMC-nin möhürü ilə möhürlənmiş olsa da, cavabdeh tərəf möhürü mübahisələndirməmişdir), 22 aprel 2020-ci il tarixli EBAJ 048635 nömrəli, 14 iyul 2020-ci il tarixli EBAM 371768 nömrəli və 22 sentyabr 2020-ci il tarixli EBAQ 306401 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 14678,33 dəyərində müxtəlif bitki mühafizə vasitələrinin satıcı İddiaçı QSC tərəfindən alıcı "xxxx" MMC-yə satıldığı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2), şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (maddə 329.3) və susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır (maddə 329.4). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, almış olduğu müxtəlif bitki mühafizə vasitələrinə görə cəmi 14678,33 manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində cavabdehdən əsas borcla yanaşı, pulu özündə qanunsuz saxlamaqla iddiaçıya vurduğu 4000 manat məbləğində zərərin əvəzinin də Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (06 oktyabr 2021-ci il tarixli GDĞ/1 054708 nömrəli Qəbz və 06 oktyabr 2021-ci il tarixli 005/2021 nömrəli mediasiya arayışı). İş materialları ilə müəyyən olunur ki, hazırki iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir (16 noyabr 2021-ci il tarixli ********** nömrəli Ödəniş Tapşırığı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi iddiaçı "xxxx" QSC-nin xeyrinə Cavabdehndən “14678,33 manat məbləğində əsas borcun tutulması” hissəsində əsaslıdır. Lakin, cavabdehdən “4000 (dörd min) manat məbləğində zərərin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdehndən 14678,33 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti və 134,03 (yüz otuz dörd manat 03 qəpik) manat məbləğində dövlət rüsumu isə Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 15238,33 (on beş min iki yüz otuz səkkiz manat 33 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 134,03 (yüz otuz dörd manat 03 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-170/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-170/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver