Məhkəmə qərarları › İş №e-2-2(119)-1728/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1728/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1728/2024 08.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 iyun 2022-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 19488,98 (on doqquz min dörd yüz səksən səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas bоrc, 4122,10 (dörd min yüz iyirmi iki manat, on qəpik) manat məbləğində faiz bоrcu və 1469,48 (min dörd yüz altmış doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 25080,56 (iyirmi beş min səksən manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin və 165,24 (yüz altmış beş manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 05 oktyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edərək iddia tələbi ilə razı olmadığını bildirmiş, məhkəmədən özünün də borclarının olmasının nəzərə alınmasını və tələb edilən borc məbləğinin vaxtilə krediti götürmüş mərhum Feyruz Şirinovun öz vərəsələrinə yönəldilməsini xahiş etmişdir. İddiaçı 07 oktyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu bildirmiş və məhkəmə hazırlıq iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iş üzrə baxış iclasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı ilə kredit müqaviləsini bağlayaraq kredit götürmüş Fehruz Şirinov onun iş yoldaşı olmuşdur. Fehruz vəfat etdiyinə görə onun arvadı Cavabdeh3 kredit müqaviləsi üzrə əsas borcludur. Fehruz Şirinov krediti ev tikmək üçün götürmüş və o, heç vaxt sahibkarlıq fəaliyyətilə məşğul olmamışdır. Borclu Cavabdeh3 və onun ailə üzvləri borca laqeyd münasibət göstərirlər. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq aşağıda şərh olunan hüquq normalarına əsasən hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. İş materialları: İş materialları ilə müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Feyruz Şirinov, Cavabdeh1 və Cavabdeh2 arasında 10 iyun 2022-ci il tarixli 011L**********66 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Feyruz Şirinova illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 24000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın məzmunundan görünür ki, verilən kredit “biznes krediti” adlandırılmışdır. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, Feyruz Şirinov 07 iyul 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vəfat etmiş Feyruz Şirinovun vərəsəsi arvadı Cavabdeh3dır. Şəhadətnaməyə əsasən, o, miras əmlakdan tam hissədə pay almalıdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndində qeyd edilir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, iddiaçı 10 iyun 2022-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə borclu Feyzulla Şirinovun vəfat etdiyini və Cavabdeh3 onun vərəsəsi olduğunu nəzərə alaraq sonuncunu iddia ərizəsində cavabdeh kimi (zaminlərlə birlikdə) qeyd edərək Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlarla müəyyən edilir ki, Cavabdeh3 vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik deyil, yəni o, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdır. Məhkəmə hesab edir ki, hazırkı kredit mübahisəsi üzrə borclu (cavabdeh) Cavabdeh3 fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarının 10-cu bəndində göstərildiyi kimi, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasından fərqli olaraq, yeni redaksiyasında məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün bağlılığının tələb edilməsi barədə qaydaya ziddir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarının 26-cı bəndində göstərildiyi kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanı iki halla məhdudlaşır ki, hazırkı mübahisə həmin halların heç birinə daxil deyildir. Hazırkı iş üzrə digər cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 vergi ödəyicisinin eyniləşdirmə nömrələrinə malik olsalar da, nəzərə alınmalıdır ki, həmin şəxslər əsas öhdəliyin - kredit razılaşmasının tərəfi deyillər və onlarla əsas öhdəliyin icrasının təmin edilmə üsulu kimi uzunmüddətli kredit və təminat müqaviləsi bağlanılmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsində qeyd edildiyi kimi, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiyi halda, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Başqa sözlə, məhkəmə hesab edir ki, iddia ərizəsinə əsasən hazırkı pul mübahisənin yaranmasına Cavabdeh3 bilavasitə 10 iyun 2022-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəliyini icra etməməsi səbəb olduğundan və o, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan mübahisənin subyekt tərkibi işə istənilən halda kommersiya məhkəməsində baxılmasını istisna edir. Məhkəmə göstərilənləri ümumiləşdirərək, yuxarıda qeyd edilən qanunvericilik normalarını, o cümlədən istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərini nəzərə alaraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz və həmin iş baxılması üçün cavabdehlərin rəsmi qeydə alındığı yer üzrə müvafiq ümumi məhkəməyə - Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 24-32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar