Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1749/2024 01.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsi üzrə 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 70,02 (yetmiş manat iki qəpik) manat məbləğində faiz borcu, 8,34 (səkkiz manat otuz dörd qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 921,28 (doqquz yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsinə əsasən illik 23 % (iyirmi üç) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 19 avqust 2022-ci il tarixdə İddiaçı ASC-nin Sumqayıt filialı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqavilələri üzrə zaminlər 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 19-dan gec olmayaraq hər ay 261,87 (iki yüz altmış bir manat səksən yeddi qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsi üzrə borcu 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat əsas borc, 70,02 (yetmiş manat iki qəpik) manat faiz borcu, 8,34 (səkkiz manat otuz dörd qəpik) manat dəbbə pulu olmaqla, cəmi 921,28 (doqquz yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “borc verən”, Cavabdeh1 - “borc alan” və Cavabdeh3 və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin artırılması məqsədilə 5000 (beş min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 5000 (beş min) manatdan çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 23 (iyirmi üç) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 25 (iyirmi beş) faiz təşkil edir. İş materiallarında olan ödəniş qrafikinə əsasən borcalan Cavabdeh1 banka olan borcunun sonuncu ödəniş tarixi 19 avqust 2024-cü il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 19 avqust 2022-ci il tarixli, sm6111 saylı nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 Cavabdeh1 ilə kreditor (bank) arasında bağlanmış sm6111 saylı, xx.xx.2022 tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 19 avqust 2022-ci il tarixli, sm6111 saylı nömrəli zaminlik müqaviləsinə əsasən zamin X1 Emin Yadigar oğlu ilə kreditor (bank) arasında bağlanmış sm6111 saylı, xx.xx.2022 tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin zaminlik müqavilələrinin 2.5-ci bəndinə əsasən səbəbindən asılı olmayaraq borc alanın öhdəliklərini icra etmədiyi bütün hallar üçün zamin məsuliyyət daşıyır. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsi üzrə 04 sentyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat əsas borc, 70,02 (yetmiş manat iki qəpik) manat faiz borcu və 8,34 (səkkiz manat otuz dörd qəpik) manat dəbbə pulu olmaqla, cəmi 921,28 (doqquz yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsinin bitmə tarixinə- 19 avqust 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat əsas borc, 55,98 (əlli beş manat doxsan səkkiz qəpik) manat faiz borcu və 8,34 (səkkiz manat otuz dörd qəpik) manat dəbbə pulu olmaqla, cəmi 907,24 (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Cavabdeh1 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcu müvafiq qaydada ödəməmiş və ondan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsi üzrə 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 04 sentyabr 2024-cü il tarixinə 70,02 (yetmiş manat iki qəpik) manat məbləğində məbləğində faiz hesablandığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışı mötəbər sübut kimi əsas götürülərək 19 avqust 2022-ci il tarixli, sm6111 saylı kredit müqaviləsi üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 19 avqust 2024-cü il tarixinə hesablanmış 55,98 (əlli beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8,34 (səkkiz manat otuz dörd qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 avqust 2022-ci il tarixli, sm6111 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat məbləğində əsas bоrc, 55,98 (əlli beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 8,34 (səkkiz manat otuz dörd qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 937,24 (doqquz yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 842,92 (səkkiz yüz qırx iki manat doxsan iki qəpik) manat məbləğində əsas bоrc, 55,98 (əlli beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 8,34 (səkkiz manat otuz dörd qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 937,24 (doqquz yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1749/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1749/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver